Dağlıq Qarabağdakı uğursuzluqlar Ermənistan liderinin istefasına səbəb ola bilər. Baş nazir Nikol Paşinyanın müharibədə qələbəyə ehtiyacı var, əks-təqdirdə ölkəsinin xalqı onu bağışlamayacaq.
Teleqraf.com xəbər verir ki, bunu “RİA-Novosti”yə açıqlamasında Moskvadakı Ali İqtisadiyyat Məktəbinin dünya iqtisadiyyatı və dünya siyasəti fakültəsinin dekan müavini Andrey Suzdaltsev bildirib.
“Buna görə də onun yalnız qələbəyə ehtiyacı var. Çünki çox insan həlak olub, buna görə kimsə cavab verməlidir. O, hazırda çıxılmaz və ümidsiz, bir növ məhkum olunmuş vəziyyətdədir”, – deyən A.Suzdaltsevin sözlərinə görə, ölkə xalqı başqa nəticəni qəbul etməyəcək və rəhbərliyi devirməyə çalışacaq.
“Vəziyyət ermənilərin Xankəndini itirməsinə gətirib çıxarsa, qaçqın dalğası 100 mindən çox, 120-150 min olsa və daşqın kimi İrəvanı və Ermənistanın digər şəhərlərini bassa, o zaman Paşinyan avtomatik olaraq suverenliyin müdafiəçisindən uduzan tərəfə çevriləcək”, – deyə o bildirib.
Andrey Suzdaltsev Ermənistanda bir sıra müxalif qüvvələrin meydana çıxdığını bildirib. Ekspert Ermənistanda artıq inqilab ənənəsinin olduğunu da qeyd edib.