Teleqraf.com Laçın alayının sabiq komandiri, polkovnik Arif Paşayevlə müsahibəni təqdim edir:
- Arif bəy, Azərbaycan Ordusunun bir aydan artıqdır ki, apardığı anti-terror əməliyyatını necə qiymətləndirirsiniz, ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar haqqında fikirləriniz nədən ibarətdir?
- Əvvəlcə bu məqamı qeyd etmək istərdim ki, hadisələri qabaqlamaq doğru deyil. Hərçənd insanlarımızın gözləntisi, daha çox məlumat əldə etmək istəyi anlaşılandır. Çünki torpaqlarımız yuxarı-aşağı 30 ildir erməni əsirliyindədir. Bəzən insanlarımız Ordumuzun irəliləməsi haqda arzu və istəklərini həqiqət kimi təqdim edir və hadisələri qabaqlayırlar. Bu, anlaşılandır, mən onların bu addımlarını anlayıram, xalqımızın uzun illərdir vətən qubarı var.
Amma səbrli olmaq lazımdır. Yanlış, bəzən hadisələri qabaqlayan informasiyaların verilməsi, nələrinsə yazılması xeyir gətirən hal deyil. Həm mənəvi-psixoloji baxımından ziyanlıdır, həm də cəmiyyətdə çaşqınlıq yarada bilər. Odur ki, belə halların olmaması vacibdir. Məsələnin əsas məğzi budur ki, sentyabrın 27-dən bu yana bizim çox uğurlu hərbi əməliyyatlarımız gedir, amma tələskənlik başadüşülən deyil.
Biz daim ayrı-ayrı şəxslərdən eşidirik ki, yeni ərazilər, məntəqələr alınıb. Amma anlamaq lazımdır ki, indi döyüş apardığımız ərazilərin relyefi və xarakteri buna qədər döyüş apardığımız ərazilərdən çox fərqlidir. Burada möhkəmlənən hərbiləşdirilmiş düşmən dayaq məntəqələrindən başqa ərazinin relyef və havanın xüsusiyyətləri var.
Digər tərəfdən, Ermənistan ərazilərindən endirilən zərbələr var. Amma bütün bunlara baxmayaraq ordumuz çox ağıllı şəkildə, minimum itkilər vermək xatirinə aramlı, təmkinli və səbrli addımlar atır. Addımlar kifayət qədər uğurlu və düşünülmüş addımlardır. Yəqin ki, şad xəbərlər eşidəcəyik. Amma cəmiyyətə yanlış informasiyalar verməyə ehtiyac yoxdur. Dövlət strukturları, Müdafiə Nazirliyi cəbhədə baş verənlərlə bağlı rəsmi məlumatlar verir. İnsanlarımız bu məlumatlara köklənməlidir. Həm də haradansa xəbər eşidib yayanlar anlamalıdır ki, insanların hissiyyatı ilə oynamaq olmaz. Dəfələrlə deyilib ki, rəsmi təsdiqini tapmayan informasiyalar verilməsin.
İnsanlarımız bilməlidir ki, ordumuz əməliyyatlarını davam etdirir. Hər şey gözəl, ölçülü-biçili, düşünülmüş, dərin hərbi analizin nəticəsində uğurlu gedir.
- Hazırda Azərbaycan Ordusu işğal olunan ərazilərimizi geri qaytarmaq üçün hansı hərbi taktikanı tətbiq edir?
- Birincisi, Azərbaycan hərbi birləşmələrinin tətbiq etdiyi taktika orijinal və özünəməxsusdur. Bu, həm də XXI əsrin texnologiyasına uyğun hərbi taktikadır. Az itki verməklə düşmənə zərbələr endirilir, onun sıx olduğu strateji əhəmiyyətli mövqeləri vurub zəiflədir. Bundan sonra ordumuz həmin ərazilərə doğru irəliləyir. Rus-yapon müharibəsində və digər döyüşlərdə belə taktikadan istifadə edilib. Əvvəl artilleriya işləyib, sonra piyada qoşunlar irəliləyirdi. Azərbaycan hazırda bu taktikaya müasir hərbi texnologiyanı da sintez edib. Ənənəvi olaraq qəbul edilən taktika və bununla paralel olaraq müasir texnologiya tətbiq olunur.
- Tarix kitablarından oxumuşuq ki, adətən böyük müharibələrdə şimal, mərkəz və cənub cinah olur, əsas savaşlar bu cinahlar vasitəsilə həyata keçirilir. Bu baxımdan hazırda Azərbaycan Ordusu neçə cəbhədə düşmənlə vuruşur?
- Azərbaycan Ordusu cənub, mərkəz və şimal cəbhəsində vuruşur. Yəni hər üç istiqamətdə ordumuz döyüş aparır. Bundan əlavə olaraq ərazilər elədir ki, burada şəbəkələnmiş şəkildə fəaliyyət həyata keçirilir. Əlbəttə, elə məqamlar var ki, mən hadisələri qabaqlamaq istəməzdim.
Hesab edirəm ki, türk xalqına hər zaman uğur gətirəcək ənənəvi taktikamız var. Xəritəyə baxanda görürsən ki, bundan uğurlu şəkildə istifadə olunur.
- Arif bəy, bəzən deyirlər ki, Laçını azad etmək, dəhizi tutmaq o qədər də asan deyil. Siz bu əraziləri daha dərindən tanıyırsınız. Düşüncəniz necədir?
- Laçını əldə etmək mümkün olmasaydı, onu biz əldən verməzdik. Demək əldə etmək mümkün olduğu üçün əldən vermək də mümkün olur. Bu baxımdan Laçını azad etmək mümkün və realdır. Sadəcə relyefin mürəkkəbliyi olanda müəyyən hərbi əməliyyatların keçirilməsində lənglik yaranır. Başqa sözlə, relyef, hava şərtləri mürəkkəb olanda müdafiə olunmaq hücum etməkdən daha asan olur.
Bir zamanlar biz Laçını müdafiə edən mövqedə idik. Sadəcə olaraq hərbi hissənin buraxılması, ölkəmizi hansısa ölkələrin təsirinə salmaq üçün aparılan fəaliyyətin ucbatından bu gözəl qalanı vaxtında müdafiə edə bilmədik.
Amma Laçında müdafiə olunmaq ora hücum etməkdən qat-qat asan və münasibdir. Düzəngahda hücum etmək asandırsa, dağ şəraitində bu, mürəkkəbdir. Çünki dağlar həm də təbii istehkamdır. Ona görə də belə mürəkkəb dağlıq şəraitdə tələskənlik lazım deyil. Hücumda qələbənin əsas rəhnlərindən biri səbrli, təmkinli olmaqdır. Belə yerlərdə hər şəraiti nəzərə alıb ehtiyatlı addımlar atılmalı, ərazi minalardan təmizlənməlidir. Yəni burada sürət düzəngah yerlərdəki kimi olmur.
Üstəlik dağ şəraitində hərbi texnikanın manevrləri çətin olur. Bu mənada orada hərbi əməliyyatların sürəti nisbətən zəif ola bilir. Bu, təbii haldır və belə də olmalıdır. Sevindirici odur ki, ordumuz bu istiqamətdə səbrli, soyuqqanlı və tələskənlik nümayiş etdirmir.
- Laçının bu əməliyyatlarda xüsusi hərbi-coğrafi əhəmiyyətə malik olduğu bildirilir. Sizə görə, bu müharibədə Laçının hansı hərbi-siyasi əhəmiyyəti var?
-Birincisi, Laçın qurşaqdır, yəni Ermənistanı Dağlıq Qarabağla bağlayan qurşaqdır. Ən aşağısı bu dəhlizə görə xüsusi əhəmiyyətə malikdir. Buranın ordumuzun nəzarətinə keçməsi ilə Dağlıq Qarabağın nəfəsliyi bağlanmış olur.
İkincisi, Laçının azad edilməsi həm də Şuşaya nəzarətin əldə edilməsi deməkdir. Üstəlik Laçının azad edilməsi Şuşanın etibarlı müdafiə olunması deməkdir. Laçın və Şuşa eyni dairəvi müdafiənin komponentləridir. Laçın və Şuşa döyüş meydanlarında kürək-kürəyə söykənən səngərlər kimidir. Birinin varlığı digərinin olmasını şərtləndirir. Birinin süqutu digərinin süqutuna səbəb ola bilər.
Odur ki, Laçının geri alınması dəhlizin bağlanması ilə paralel olaraq Şuşanın etibarlı qorunması baxımından xüsusi əhəmiyyətə malikdir.
- Kəlbəcərin də mürəkkəb relyefə malik olduğu bəllidir. Kəlbəcərlə bağlı düşüncələriniz nədən ibarətdir?
- Azərbaycan Ordusunun ala bilməyəcəyi məkan yoxdur. Bu ərazilərin hamısı Azərbaycan dövlətinin ərazisidir. Əlbəttə, Laçınla bağlı dediklərimizin böyük hissəsi həm də Kəlbəcərə aiddir. Bunlar demək olar ki, oxşar hallardır.
- Ermənistan ordusunun indiki vəziyyəti, arsenal və müqavimət imkanları necə qiymətləndirmək olar?
- Ermənistan ordusu texniki baxımdan darmadağın edilmiş vəziyyətdədir. Hərbi texnika, artilleriya təminatı sıradan çıxarılıb. Bunu sübuta yetirməyə ehtiyac yoxdur, görüntülər ortadadır. Əməliyyat-taktiki baxımdan erməni ordusu əməliyyat yerinə yetirmək qabiliyyətini itirib. Təchizat-təminat baxımından da acınacaqlı durumdadır. Üstəlik mənəvi-psixoloji baxımdan bərbad haldadır. Saydığım bu dörd komponenti götürsək, deyə bilərik ki, Ermənistan ordusu döyüş qabiliyyətini itirmiş vəziyyətdədir.
- Demək istəyirsiniz ki, onun müqavimət potensialı artıq mövcud deyil?
- Hərbi texnikanın itirilməsi, əməliyyat-taktiki baxımdan əməliyyat yerinə yetirmək imkanları məhdud olması, təchizat-təminatın pozulması, mənəvi-psixoloji baxımdan pis durumda olması onu deməyə imkan verir ki, erməni ordusunun döyüş aparmaq imkanları aşağıdır. Amma bu o demək deyil ki, düşmən müqavimət göstərməyəcək. Ən son və ölümcül halda belə ordular müqavimət göstərə bilirlər. Yəni qarşı tərəfə ziyan vurmaq imkanları olur. O mənada biz daim bunu nəzərə almalı, rəqibi kiçiltməməliyik. Düşmən nə qədər zəif salınsa da, onun müəyyən qədər zərbə vurmaq imkanları olur. Halbuki məğlubiyyətə məhkumdur. Amma əlində silah var və bu silah açılanda əsgər ölə bilir.
Bu baxımdan ehtiyatlı olmaq lazımdır. Lakin həqiqət budur ki, erməni ordusu döyüş aparmaq qabiliyyətində deyil, ehtimal edirəm ki, tezliklə onun darmadağın olmasını və məğlubiyyətini görəcəyik.
- Sizin dediklərinizdən belə nəticə çıxarmaq mümkündür ki, müharibə tezliklə bitəcək və Azərbaycan öz əraziləri üzərində mütləq suverenliyini təmin edəcək?
- Müharibəyə dəqiq vaxt qoymaq olmur. Düşünün ki, biz yaxın vaxtlarda böyük masştablı qələbə elan etdik və düşməni dağıtdıq. Hətta bu o anlama gəlmir ki, düşmən qüvvəsi tam sıradan çıxarıldı. Nəzərə almaq lazımdır ki, orada-burada düşmən qüvvəsi qalır, nəzarətdə olmayan dəstələr, gizlənmiş hərbi qruplar olur. Müharibənin qaydası belədir. Müharibənin səngiməsi müəyyən vaxt aparır. Hətta kapitulyasiya olsa da, müəyyən vaxt qarşıdurmalar olur.
Odur ki, müharibənin nə zaman bitəcəyini konkret demək olmur. Lakin bizim Azərbaycan dövlətinin öz əraziləri üzərində suverenliyini bərpa edəcəyi, separatçıları cəzalandıracağına ümid və inamımız sonsuzdur.