Şimali Kipr Türk Cumhuriyyətinin (ŞKTC) yeni seçilmiş Prezidenti Ersin Tatar ölkəsinin müstəqilliyinin tanınması üçün səfərə çıxacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin "Yeni şafak" qəzeti məlumat yayıb.
Məlumata görə, ŞKTC-nin tanınmasına Türkiyə dəstək verir. Pakistan və Liviyanın Şimali Kipri tanımağa hazır olduğu bildirilir.
Qəzetin iddiasına görə, əvvəllər Azərbaycan ŞKTC-ni rəsmən tanımaq üçün cəhdlər göstərib. Lakin ABŞ-ın "Biz də Dağlıq Qarabağı tanıyarıq" təhdidi ilə Azərbaycanın ŞKTC-ni tanıması rədd edilib. Ermənistanın işğal olunmuş ərazilərdən çıxmasından və Qarabağın Azərbaycana qoşulmasından dərhal sonra ŞKTC-nin tanınması üçün addımların atılacağı gözlənilir.
ŞKTC Prezidenti Ersin Tatar Ankaranın dəstəyi ilə qarşıdakı dövrdə bu məsələ ilə bağlı Pakistan, Liviya, həmçinin Azərbaycana səfərlər edəcək.
Qeyd edək ki, Pakistan və Banqladeş daha əvvəl ŞKTC-nin müstəqilliyini tanısalar da, ABŞ və İngiltərənin təzyiqləri nəticəsində geri addım atıblar.
Afrika ölkəsi Qambiya da əvvəllər ŞKTC-ni tanımağa hazır olduğunu bildirib.