“Vaxtilə Ənvər Paşanın Türk əsgəri ilə olduğu kimi indi də Rəcəb Tayyib Paşanın Türk əsgərləri ilə çiyin-çiyinə bölgəni sülh zolağına çevirməyə davam etməliyik”.
Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.
Millət vəkili Azərbaycan dövlət başçısının savaş uğurları ilə bağlı fikirlərinə diqqət çəkib:
"Ölkə Prezidenti İlham Əliyev Azərbaycanın qəti mövqeyini bir daha ifadə etdi: “Dağlıq Qarabağa heç bir status verilməyəcək. Ermənilər yalnız Azərbaycan vətəndaşı kimi bu torpaqlarada yaşayacaqlar”.
Burada kiməsə aydın olmayan məqam qaldımı? Siyasi və antimilli münafiqlərin baş-başa verib rus sülhməramlılarının gəlişi üzərindən bu qədər möhtəşəm və mümkün uğura kölgə salmağa başladığı məqamda bu qəti hökmlü ifadə tam onluğa dəymiş oldu. Bu siyasi və antimilli münafiqlərin öndə gələnlərinin sözünə bir baxın: heç olmasa, bu sülhməramlıların içində neytrallığı ilə bilinən Skandinaviya ölkələrinin hərbi kontingenti olsaydı, nəyəsə inanmaq mümkün idi.
Həmin Skandinaviya ölkələrinin Azərbaycanın haqlı mövqeyi ilə bağlı hansısa sənədi ilə indiyədək tanış olan varmı? Rusiya hərbçilərinin mandatı sırf sülhməramlı fəaliyyətlə məhdudlaşır. Digər tərəfdən Azərbaycanla normal münasibətlər zəminində bölgəyə gəldiklərini 44 gün müddətində sərgilədiyi davranışla ortaya qoymuşlar. Təhlükəli ola bilərmi? Əlbəttə, bölgədə tam təhlükəsizlik üçün arzuladığımız zəmin tam olaraq və obyektiv reallıqlar üzündən yaranmadığına görə təhlükə riski hər tərəfdən mövcuddur. Guya ABŞ-dan, Fransadan, NATO-dan eyni təhlükə yoxdurmu?”.
Fazil Mustafa Türk sülhəmralılarının Azərbaycana gəlişi məsələsinə də toxunub:
“Böyük və qüdrətli Türk əsgəri buraya papağını günə yandırmağa gəlmir ki? Azərbaycan əsgəri Şuşanı dincəlmək üçün fəth etməyib ki? Səmimiyyət ayrı şeydir, müxalif olun, fərqli düşünün, ancaq cəmiyyətin qorxusundan özünüzü əvvəlcə qələbə küləyinə verib, sonra da yavaş-yavaş guya prezidentdən daha çox ölkənin taleyini düşünürmüş kimi körpüdə deşik axtarmayın.
Bu körpünü axıra qədər Azərbaycanı sevənlər birlikdə keçməlidir, həm də öndə gedən Ali Baş Komandana, Azərbaycan əsgərinə, Türk əsgərinə və bir-birimizə güvənərək, inanaraq keçməliyik. Rusiya ilə daha yaxın münasibətlər qurmağa çalışmalıyıq, vaxtilə Ənvər Paşanın Türk əsgəri ilə olduğu kimi indi də Rəcəb Tayyib Paşanın Türk əsgərləri ilə çiyin-çiyinə bölgəni sülh zolağına çevirməyə davam etməliyik”.