26 Noyabr 2020 14:51
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslində Fransa senatının belə bir qətnaməni qəbul edəcəyi gözlənilən idi. Çünki Fransa uzun illər ərzində öz fəaliyyətində məhz ermənipərəst mövqe sərgiləmiş və anti-Azərbaycan, anti-Türkiyə mövqeyini dəfələrlə ortaya qoymuşdu. Fransanın bu qərəzli mövqeyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən başlamış vəTovuz rayonunda Azərbaycan sərhədlərinin pozulması zamanı, xüsusən də İkinci Qarabağ müharibəsinin gedişində və müharibədən sonra özünü daha qabarıq şəkildə büruzə vermişdi.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında politoloq Yusif Bağırzadə Fransa senatının “Dağlıq Qarabağ Respublikası"nın tanınması ilə bağlı qətnaməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Fransa senatının məlum qətnaməsi münaqişəni yenidən alovlandırmağa xidmət edir: "Birinci Qarabağ müharibəsinin gedişində Fransada həbsdən azad edilən ASALA terrorçuları Dağlıq Qarabağda azərbaycanlılara qarşı misilsiz vəhşilikləri ilə ad çıxarmışdılar. Terror fəaliyyəti heç kimdə şübhə doğurmayan şəxslərin kütləvi şəkildə azərbaycanlılara qarşı döyüşmək üçün Ermənistana, oradan da Dağlıq Qarabağa göndərilməsi faktdır və bunu heç bir zaman unutmayacağıq.

Bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil. Siyasi ambisiyalar naminə qəbul olunmuş bu kağız parçası beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk Qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nın daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə bağlı hər bir Azərbaycan vətəndaşında ciddi suallar doğurur və təbii olaraq qınanır.

Azərbaycanda iqtidarlı, müxalifətli, bitərəfli tək bir qüvvənin belə bu cür haqsız qətnaməyə susması mümkün deyil. Elə Azərbaycnda fəaliyyət gösrətən 50 siyasi partiyanın da məsələ ilə bağlı birgə bəyanatla çıxış etməsi bunun ən bariz göstəricisi sayıla bilər".

Politoloq bildirib ki, vasitəçi ölkənin bitərəf və ədalətli olmalı olduğunu unudan Fransanın açıq ermənipərəst mövqeyi münaqişənin sülh yolu və beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə mane olan əsas amillərdən biri olub: "Məhz onun belə dəstəyi təcavüzkar Ermənistanı status-kvonu davam etdirməyə və işğal faktını gücləndirməyə həvəsləndirib. Fransa senatı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması, mülki əhalinin qətlə yetirilməsi, işğalçı dövlətin torpaqlarımızda etnik təmizləmə, ekoloji terror, qeyri-qanuni məskunlaşma və qanunsuz iqtisadi fəaliyyətlər aparmasına qarşı 30 il susqun mövqe nümayiş etdirmişdir. İndi isə belə bir qətnaməni qəbul etməklə Fransa faktiki olaraq atəşkəs razılaşmasını pozmağa və münaqişəni yenidən alovlandırmağa çalışır.

Tarixində görünməmiş qətliamlar törətmiş bir ölkə Azərbaycan və Türkiyə əleyhinə əsassız ittihamlarla çıxış edərək bu cür qətnamə qəbul etməkdənsə yaxşı olardı ki, Əlcəzairdə, Ruandada törətdiyi soyqırımlara qiymət versin, eləcə də BMT Baş Assambleyasının qətnamələrinə və Qoşulmama Hərəkatının qərarlarına uyğun olaraq müstəmləkəçiliyin ən son nümunələrindən biri olan Qəmər adalarının Mayot adası məsələsini nəzərdən keçirsin.

Dağlıq Qarabağ münaqişəsinin ilk çağlarından bu günədək davam edən qərəzli addımlar göstərir ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi tərəfsizliyini qoruya bilmir. Fransa təcavüzkar Ermənistanla işğala məruz qalmış Azərbaycan arasında fərq qoymur və qərəzli surətdə işğalçı Ermənistanı müdafiə edir, obyektiv deyil, işğalçının yanındadır və vasitəçilik missiyasını yerinə yetirmir. Düşünürəm ki, bu cür qərəzli yanaşma nümayiş etdirən Fransa dərhal ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılmalı, bu ölkə ilə bütün siyasi-iqtisadi münasibətlərə yenidən baxılmalı, bütün mədəni layihələr dayandırılmalıdır".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər