Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Bir güllə atmadan Laçın rayonu geri qaytarıldı. Düşmən döyüş meydanındakı məğlubiyyətdən sonra buna məcbur edildi. Döyüşdə əldə edilmiş parlaq qələbə nəticəsində Ağdam, Kəlbəcər və Laçın Azərbaycana qaytarıldı.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Laçın ölkəmizin ən böyük rayonlarından biridir: “Azərbaycanın gələcək iqtisadi inkişafında bu rayonun mühüm rolu olacaq. İşğaldan azad edilmiş torpaqlarda mövcud olan mənzərə böyük çətinliklər yaradır. Çünki hər tərəf dağıdılıb. Dövlətimizin malik olduğu imkanlar müstəvisində bu regionlarda da normal şərait yaradılacaq. Füzuli-Şuşa avtomobil yolunun, Bərdə-Ağdam dəmir yolunun tikintisi artıq başlanıb. Bu addımlar regionda canlanmaya, yeni iqtisadi gerçəkliklərin üzə çıxmasına imkanlar açacaq”.
Aydın Hüseynov bildirib ki, ölkəmizin digər regionları kimi işğaldan azad edilən rayonlarda da bütün infrastruktur bərpa olunacaq: “Ölkəmiz öz inkişaf tendensiyası ilə hər zaman regionda önə çıxıb. Həyata keçirilən bütün layihələr əməkdaşlıqda maraqlı olan dövlətlərin xalqları üçün mühüm dividentlər qazandırıb. Azərbaycan qonşuluq siyasətinə sadiq qalan və bunu öz xalqının inkişafı müstəvisində həyata keçirən ölkələrlə açıq əməkdaşlıqda maraqlıdır”.
Millət vəkili hərbi müstəvidə əldə olunan uğurların Azərbaycanın nəinki regionda, beynəlxalq arenada da nüfuzunun artmasına imkanlar açdığını vurğulayıb.