3 Dekabr 2020 15:44
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ münaqişəsi bitdi. Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Dağlıq Qarabağ termini artıq tarixə qovuşur, onunla ancaq tarixçilər məşğul olacaqlar. Regionda mövcud status-kvonu Azərbaycanın Ali Baş Komandanı və Ordusu dəyişdirdi. Artıq bölgədə yeni bir mərhələ başlayıb.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədrinə görə, regiondan gərginlik, düşmənçilik ikinci plana keçir: “Qısa müddətdən sonra bu mövzu ilə bağlı səslənən ritorika da aradan qalxacaq. İndi əməkdaşlıq, sülh, qarşılıqlı-faydalı münasibətlər sisteminə qədəm qoyulub”.

Deputatın fikrincə, prezidentin Laçının işğaldan azad edilməsi ilə bağlı xalqa müraciəti mühüm tezislərlə zəngindir: “Bu, gələcək inkişaf üçün mühüm yol xəritəsidir. Bu niyyət bir daha göstərdi ki, Azərbaycanın məqsədi regionda sülhü, əməkdaşlığı, ədaləti bərqərar etməkdən ibarətdir. Bundan sonra münaqişə və müharibəyə gətirib çıxaran probemləri aradan qaldırmaq vacibdir.

Cənab Prezident də çıxışında bir sıra mühüm məqamlara toxundu. Yol, tranzit məsələləri xüsusi vurğulandı. Laçın koridoru, Zəngilan-Mehri-Naxçıvan yolu regionun sabitliyinin qorunması, əlaqələrin formalaşması üçün mühüm amildir. Tam sabitləşmə baş verdikdən sonra Laçın koridorundan da geniş istifadə olunacaq.

Ermənistan normal münasibətlər sisteminə qədəm qoyduda, çox guman, digər münasibətlər də inkişaf edəcək. Müharibə edən dövlətlər, millətlər əbədi düşmənçilik prinsipləri ilə yaşamır. Avropadan mövcud olmuş müharibələr və bundan sonra yaranmış əlaqələrə əsaslanaraq demək olar ki, bu, sonsuzluğa qədər davam edə bilməz. İkinci dünya müharibəsində düşmən olan dövlətlər indi çox normal münasibətlər qurub. İngiltərə-Fransa, Almaniya-Fransa arasında tarixi müharibələr və ondan sonra yaranmış reallığı misal göstərmək olar.

Azərbaycanın istəyi ondan ibarətdir ki, regionda sülh, əməkdaşlıq bərqərar olsun. Dövlətmiz ölkəmizin iqtisadi və coğrafi mövqeyinə, təbii resurslarına görə aparıcı mövqeyə sahibdir. Əməkdaşlığın, sülhün, iqtisadi tərəqqinin lokomotivi Azərbaycandır”.

Musa Quliyevin fikrincə, Laçın kordiorunun, Naxçıvana gedən yolun gələcəkdə mühüm faydaları olacaq: “Bunun üçün regionda sülhüm təmin olunması başlıca şərtdir. Qarabağda erməni əsilli insanlar yaşayır və onlar digər vətəndaşlarımızla eyni təminatda yaşayacaqlar. Doğrudur, müharibədən dərhal sonra normal münasibətlər qurmaq mümkün deyil. Bunun üçün bəlli zamana ehtiyac var.

Zaman-zaman mədəni-iqtisadi əlaqələri formalaşdırmaqla Cənubi Qafqazı böyük inkişaf, mədəniyyət mərkəzinə çevirmək imkanı yaranacaq. Burada Türkiyə, Rusiya və İranın da aktiv rol alması mütləqdir. Bütün bunların fonunda isə regionda söz sahibi Azərbaycandır”.


Müəllif: Tapdıq Qurbanlı