4 Dekabr 2020 15:00
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyası keçirildi. Sessiyada Cənab Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyev videoformatda çıxış etdi. Ölkə başçısı çıxışında BMT Nizamnaməsinin və “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”nin təməlində duran multilateralizmə və beynəlxalq əməkdaşlıq dəyərlərinə kollektiv sadiqliyimizin yenidən nümayiş edilməsinin vacibliyini vurğuladı. Çıxışda COVID-19-la bağlı Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsü BMT-yə üzv dövlətlərin dəstəyi kimi qiymətləndirilib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Millət vəkili BMT-Baş Assambleyasının Xüsusi Sessiyasının çağırılmasının Azərbaycanın təşəbbüsü ilə baş tutduğunu bildirib:

“Bu, ilk növbədə Azərbaycanın beynəlxalq birlikdə qazandığı siyasi nüfuz nəticəsində mümkün olub. Azərbaycan bu gün çox aktual, bütün dünyanı narahat edən bir məsələnin xüsusi müzakirəyə ehtiyac olduğunu gündəmə gətirib. BMT və onun aparıcı dövlətləri, dünyanın güc mərkəzləri Azərbaycanın bu təşəbbüsünü yüksək səviyyədə dəyərləndirib".

Deputat qeyd edib ki, bu, Azərbaycanın artan nüfuzunun, ölkəmizin tək özünün deyil, dünya üçün əhəmiyyətli olan məsələlərin də həllində əsas rol olmasına dair apardığı siyasətin nəticəsidir:

“Azərbaycanın tək Qoşulmama Hərəkatının sədri kimi, özünün üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirməsinin bir nümunəsidir. Ulu Öndər Heydər Əliyevin başladığı, cənab Prezident İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində bu mümkün olub. Dünya bir daha Azərbaycanın sivil, demokratik, beynəlxalq ictimaiyyəti narahat edən məsələlərə ciddi yanaşdığının şahidi oldu. Eyni zamanda Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi üçün apardığı hərbi əməliyyatların beynəlxalq hüquqa uyğun olması da bir daha dünya tərəfindən qəbul edildi”.

Aydın Mirzəzadənin fikrincə, bu heç də Azərbaycanın axırıncı uğuru deyil:

“Bundan sonra da dünyada stabilliyin təmin edilməsi, inkişafın daimi olması üçün Azərbaycanın daha çox təşəbbüslər göstərməsinin şahidi olacağıq. Cənab Prezidentin BMT-dəki çıxışı da bunu bir daha təsdiq etdi”.


Müəllif: Tapdıq Qurbanlı