4 Dekabr 2020 17:06
5 379
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər şey gedişatdan asılıdır, prosesə uyğun olaraq hərbi-siyasi vəziyyət dəyişə bilər. Azərbaycana qarşı hərbi-siyasi təzyiqlər olarsa, bizim yenə də Türkiyənin dəstəyinə ehtiyacımız yaranacaq. Biz bu zaman daha böyük dəstək ala bilərik. O cümlədən, istisna etmirəm ki, hətta Türkiyənin Azərbaycanda hərbi bazası qurulsun”.

Politoloq İlqar Vəlizadənin Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Fransa Senatının hökumətə “DQR”-in “müstəqilliyini” tanımağı tövsiyə edən qərarı parlamentin yuxarı qanadında da təsdiq edildi. Sizcə, bu qərarın mahiyyəti nədən ibarətdir?

- Bu, tövsiyə xarakterli sənəddir, heç bir əhəmiyyəti yoxdur. Fransa parlamenti bununla hökumətə tövsiyə edir ki, qondarma rejimi tanısın. Sənədin mahiyyətinə baxanda görmək olur ki, heç Fransa parlamentinin özü bu qondarma rejimi tanımır. Çünki tanımaq imkanı yoxdur. Sadəcə məsləhət görür ki, inzibati orqanlar onu tanısın. Yəni bu, boş bir kağızdır. Amma boş da olsa, ürək bulandırır. Çünki bu onu göstərir ki, Fransanın ictimai-siyasi rəyi ermənilərə tərəfdir.

Belə bir vəziyyətdə Fransanın Minsk qrupunda qalması mümkün deyil. Bunlar vasitəçi mandata zidd olan məsələlərdir. Əslində Fransanın özü dürüst davranaraq, Minsk qrupundakı mandatından imtina etməlidir. Amma gözəl bilirik ki, bunu etməyəcək. Bununla belə, Fransanın bu formatdakı fəaliyyəti kifayət qədər məhdudlaşdırılacaq. Azərbaycan Fransanın təkliflərinə ciddi yanaşmayacaq.

Fransa parlamentinin bu qərarında bir məntiq görmürəm. Əgər fransalı deputatlar erməni lobbisinə xoş gəlmək istəyirdilərsə, bunu başqa tərzdə ifadə edə bilərdilər.

Bu qərar Fransanın maraqlarına da ziddir. Fransanın hökumət orqanları və Xarici İşlər Nazirliyi bunu qəbul etmədiklərini bildirdilər. Fransalı deputatlar məntiqli yox, emosional düşünürlər. Yeri gəlmişkən, Türkiyə ilə bağlı qəbul edilən qondarma soyqırım qətnaməsi də emosional davranışın nəticəsidir. Fransa bunu tanıyıb nə əldə etdi? Nə dəyişdi? Heç nə dəyişmədi! Təəssüf ki, Fransanın siyasəti budur. Əlbəttə, biz də öz siyasətimizdə götür-qoy etməliyik.

- Fransa təkcə ermənilərə xoş gəlmək üçün bu kimi addımları atır? Yəni bölgə ilə bağlı daha uzağa gedən maraqları yoxdur ki?

- Türkiyə amilini qeyd edərdim. Amma həmin sənədin qəbul edilməsində yenə də məntiq yoxdur. Onlar baş verənlərə xəstə məntiqlə yanaşırlar.

Fransa və Türkiyə arasında təkcə Qarabağda yox, Liviya, Livan, Aralıq dənizinin şərqi və Suriyada da fikir ayrılıqları var. Fransa-Azərbaycan münasibətləri isə tam fərqli müstəvidədir. Fransanın Azərbaycanla münasibətləri Cənubi Qafqazdakı mövqelərini gücləndirməyə yönəlmişdi. Məsələn, Azərbaycanın bölgədə həyata keçirdiyi beynəlxalq enerji layihələrində Fransanın maraqları var. 2021-ci ildə istismara veriləcək “Abşeron” qaz yatağında Fransanın “Total” şirkətinin böyük payı mövcuddur. Bu, “Şahdəniz”dən sonra irimiqyaslı qaz layihəsidir. Bəs onlar bunu görmürlər?

Bundan başqa, Azərbaycan Fransa üçün Mərkəzi Asiyaya açılan qapıdır. Ümumiyyətlə, Azərbaycan təkcə Fransa üçün yox, digər ölkələr üçün də həmişə qapı rolunu oynayıb. Fransanın Qazaxıstan və Mərkəzi Asiyanın digər ölkələrində də maraqları var. Bu maraqlarını həyata keçirmək üçün Fransanın Xəzər dənizi regionunda təmsil olunması çox vacibdir. Amma onlar o qədər məhdud siyasət aparırlar ki, öz burunlarından o tərəfi görə bilmirlər. Bu günün sabahı da var. Bu, dövlət düşüncəsi deyil, məhəllə düşüncəsidir.

Digər dövlətlərin davranışına baxın. Məsələn, Almaniya, Böyük Britaniya və s. Bəs onlar niyə qondarma rejimi tanımaq haqda fikirləşmirlər? Çünki onlar regionda uzunmüddətli maraqlar haqda düşünürlər. Onlar başa düşürlər ki, bu maraqları təmin etmək üçün Azərbaycanla münasibətləri qorumaq lazımdır. Söhbət təkcə Azərbaycandan getmir, bu, “regional pazl”dır. Əgər maraqlarını həyata keçirmək istəyirsənsə, bu bölgədəki bütün dövlətlərlə münasibətləri qorumalısan. Fransa isə “regional pazl”ı özü pozur.

Ola bilməz ki, sən regionun beş ölkəsi ilə münasibəti saxlayıb, biri ilə pozasan. Onda mənzərə tamamlanmır. Düşünürəm ki, fransalı senatorlar çox dar düşünürlər. Bu addım onlara heç nə qazandırmayacaq, əksinə itirəcəklər. Hesab edirəm ki, bu addımın nə qədər zərərli olduğunu onlara göstərməliyik. Avropa platformalarında Fransanın bu zərərli qərarlarını hər kəsə göstərməliyik.

Onlar təkcə Fransa-Azərbaycan yox, Avropa-Azərbaycan münasibətlərinə də zərər vurmaq istəyirlər. Yəni bu qədər düşünülməmiş, ağılsız bir siyasət yürüdürlər.

- Son günlər Fransa, Almaniya, ABŞ, habelə Rusiyadan ATƏT-in Minsk qrupunun roluna diqqət çəkən açıqlamalar verilir, bu formatın həll üçün yeganə vasitə olduğunu dilə gətirirlər. Görünən budur ki, bu dövlətlər sözügedən qrupun qorunub-saxlanmasında maraqlıdırlar. Bu maraq nədən irəli gələ bilər?

- Qənaətimə görə, bu cəhdlər təkcə Azərbaycanla bağlı deyil. Çalışırlar ki, bu regionda, ümumən post-sovet məkanındakı problemlər ATƏT çərçivəsində həllini tapsın. Məsələn, Azərbaycanla yanaşı, Gürcüstan, Ukrayna, Moldova və Balkan ölkələrindəki münaqişələr də ATƏT coğrafiyasına daxildir. Çalışırlar ki, bu məsələlər Avropa təhlükəsizlik sistemi içində həll olunsun. Bununla da həmin sistemin işlək və effektli olduğunu göstərmək istəyirlər.

Əslində düzgün yanaşmadır. Çünki Azərbaycan da ATƏT-in üzvüdür, Avropanın təhlükəsizliyinin parçasıdır. Biz həmişə Avropanın təhlükəsizliyinə öz töhfəmizi vermişik. Biz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, beynəlxalq terrorizmlə mübarizədə bu töhfəni vermişik.

Biz həmişə demişik ki, Qarabağ məsələsi ATƏT-in prinsipləri çərçivəsində həll olunsun. Bu prinsiplər özündə sərhədlərin toxunulmazlığı və ölkələrin ərazi bütövlüyünə hörmət əsas götürülür. Amma Fransa kimi ölkələrin yanaşmaları Avropanın təhlükəsizlik sisteminə xələl gətirir. Məsələn, tanımaq istəyirlərsə, qonşuları Belçikada yaşayan flamanların müstəqillik iddialarını tanısınlar. Belə həssasdırlarsa, gedib İspaniyada Kataloniyanı tanısınlar. Tanımırlar, çünki məsələlərə ikili standartlarla yanaşırlar.

Burunlarının dibindəki İspaniya və Belçikanı görmürlər, uzaqdakı Azərbaycana dil uzadırlar. Əgər Kataloniya, Flaman və Korsika ilə bağlı vahid yanaşma varsa, bu, Azərbaycanla da bağlı olmalıdır.

- 44 günlük müharibə dövründə Türkiyə Azərbaycana mənəvi dəstəyini əsirgəmədi. Bəs bundan sonrakı dövrdə Türkiyə Azərbaycandakı dayaqlarını gücləndirmək üçün hansı addımları ata bilər?

- Əlbəttə, Türkiyə kimi böyük bir dövlətin dəstəyinə ehtiyacımız var. Amma Azərbaycan həmişə öz ayaqları üstə möhkəm dayanmağa çalışıb. Biz həmişə qardaş Türkiyədən dəstək görmüşük və görəcəyik. Əsas məsələ verilən dəstəyin keyfiyyətindədir. Məsələn, Rusiya da Ermənistana dəstək verir. Bu dəstək kimə lazımdır? Ermənistan öz ayaqları üstə dayana bilmir. Nəsə olan kimi Rusiyaya arxalanmağa çalışır. Bizdə isə vəziyyət başqadır. Türkiyə çalışır ki, Azərbaycan öz ayaqları üstə dayansın və burada dayanıqlı bir tərəfdaş olsun. Söhbət bərabərhüquqlu münasibətlərdən gedir. Bizim münasibətlərimiz bu təməl üzərində inkişaf edir.

İndi müəyyən fikirlər səsləndirilir ki, Türkiyənin Azərbaycanda hərbi bazası olmalıdır. Ehtiyac olarsa, bu addım atılacaq. Biz Türkiyənin mənəvi dəstəyini savaş dövründə də gördük. Amma savaş həm də onu göstərdi ki, Azərbaycan bu müharibədə öz gücü ilə qalib gəldi. Bu cür yanaşma gələcəkdə də olmalıdır. Türkiyə həm özünə, həm də Azərbaycana lazımlı şəkildə bu regionda təmsil olunmalıdır.

Hər şey gedişatdan asılıdır, prosesə uyğun olaraq, hərbi-siyasi vəziyyət dəyişə bilər. Azərbaycana qarşı hərbi-siyasi təzyiqlər olarsa, bizim yenə də Türkiyənin dəstəyinə ehtiyacımız yaranar. Biz bu zaman daha böyük dəstək ala bilərik. O cümlədən, istisna etmirəm ki, hətta Türkiyənin Azərbaycanda hərbi bazası yaradılsın.

Türkiyə ilə mövcud münasibətlər formatı kifayət qədər yaxşıdır. Mövcud Türkiyə-Azərbaycan tandemi digər ölkələri də cəlb edir. Bərabərhüquqlu tandem həmişə ölkələr üçün cəlbedici olub. Belə tandemlərdə vassal-hakim münasibətləri olmur. Məsələn, İsrailin də Azərbaycanla münasibətləri kifayət qədər yüksəkdir. Son zamanlar İsrail-Türkiyə münasibətlərində də müsbət inkişaf çalarları görünməyə başlayıb. Həmişə əsl müstəqil ölkələrlə münasibətlər qurmaq daha cəlbedici olub, nəinki vassallarla...


Müəllif: Mənsur Rəğbətoğlu