“Tarixdə ilk dəfə Rusiya ona rəqib olan Türkiyənin bölgədə güclənməsinə və özünə yer eləməsinə heç nə deyə bilmir. Ərdoğan və Putin arasında ciddi razılaşmalar var, hesab edirəm ki, Türkiyənin bölgədə mövcudluğu da bu anlaşmalar əsasında özünü göstərir”.
Politoloq Məhəmməd Əsədullazadənin Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı etirazlar davam edir. Müxalifət cidd-cəhdlə Paşinyanın istefasını tələb edir, generallar isə onu vətəndaş müharibəsi ilə hədələyir. Sizcə, yaxın perspektivdə Ermənistanı nə gözləyir?
- Ermənistanda gərgin siyasi vəziyyət Nikol Paşinyanın noyabrın 10-da kapitulyasiya sənədinə imza atmasından sonra başladı. Ermənistanın siyasi müxalifəti bunu ermənilər üçün “faciə” və “ümumerməni maraqlarına zərbə” kimi qiymətləndirir. Serj Sərkisyan və Köçəryanın ordudakı generalları Paşinyana qarşı fəallaşıblar. Amma bu generalların və “Çiçəklənən Ermənistan” partiyasının sədri Sarukyan, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Vanetsyan və sabiq baş nazir Vazgen Manukyanın birgə təşkilatçılığı ilə 17 siyasi təşkilatın Paşinyana qarşı planı səmərə vermədi.
Baxmayaraq ki, dekabrın 8-də ölkədə “vətəndaş itaətsizliyi nümayişləri” elan etmişdilər. Bütün ermənilərin katalikosu II Qareginin də istəklərinə baxmayaraq, Paşinyan istefa verməkdə maraqlı deyil. Çünki onun siyasi dayaqları hələ laxlamayıb. Ermənilər ona alternativ olan köhnə qüvvələrin vəziyyəti daha da gərginləşdirəcəklərindən narahatdır.
Ermənilər bunun arxasında vaxtilə devirdikləri Sərkisyan-Köçəryan klanının durduğundan əmindir. Yəni alternativ olmadığı üçün hələ də daxildə Paşinyana müəyyən dəstək var. 74 yaşlı Vazgen Manukyanın hakimiyyətə gəlməsinin ölkədə yeni böhran yaradacağının fərqindədirlər.
Hazırda Ermənistanda qarışıq situasiya yaranıb. Nə Manukyan, nə də Vanatesyan ortaya ciddi bir plan çıxara bilir. Buna cavab olaraq ortaya 6 aylıq “Yol xəritəsi” qoyan Paşinyan isə hələ də xalqı özünə inandıra bilir. Daxildəki Türkiyə və Azərbaycan düşmənçiliyini körükləyən və Qarabağ məsələsi ətrafında gərginlik yaradan müxalifət isə durumu xaosa sürükləyir. Bu da erməniləri narahat edir.
Buna görə də Paşinyana qarşı etiraz aksiyaları səmərə vermir. Meydanlara çıxan azsaylı narazı elektoratla nəyəsə nail olmaq mümkün deyil. Paşinyan da bunu gördüyü üçün öz hakimiyyətini qorumaqda israrlıdır və estafeti rəqiblərə buraxmaq fikrində deyil. Artıq etirazların aktiv fazası arxada qalıb.
Paşinyan hakimiyyətdə qalacaqsa, Azərbaycan və Türkiyə ilə əlaqələr qurmağa çalışacaq. Bu da Ermənistanda siyasi-iqtisadi vəziyyəti normallaşdıra bilər. Əlbəttə, bu əlaqələr Azərbaycan və Türkiyəyə qarşı separatçı iddialardan imtina edəcəyi halda bərpa olunacaq.
- Ermənistanın siyasi şevrələrinin baş verənlərə münasibəti bəllidir, bəs erməni cəmiyyəti məğlubiyyətlə barışacaqmı?
- Ermənistan cəmiyyəti istəməsə də yeni reallıqla barışmaq məcburiyyətindədir. Əgər revanşa cəhd etsələr, yenə də məğlub olacaqlar. Çünki regionda yeni bir siyasi nizam formalaşır və burada da Ermənistandan normal davranış tələb olunur. Əks seçim isə ölkənin xaosa sürəklənməsinə gətirib çıxara bilər.
Ermənistanda hələ də “Daşnaksütyun”un faşist ideyaları hakim mövqedədir. Azərbaycana qarşı düşmənçilik pik həddədir. Bir çox siyasi çevrələr də xalq qazanmaq üçün bundan istifadə edərək Azərbaycana qarşı düşmənçiliyi davam etdirəcəklər. Belə olacaqsa, Ermənistanla sülh və iqtisadi əlaqələrin bərpası mümkün olmayacaq.
Regionda “Altılıq” platformasının qurulması gündəmdədir. Ermənistan da bu siyasi kombinasiyada yer ala bilər. Belə olan təqdirdə düşmənçililk ermənilərin öz əleyhinə olacaq.
- Bəs yaxın gələcəkdə Zəngəzurla bağlı hansı gəlişmələrin şahidi ola bilərik? Ermənistanın gündəmində müzakirə olunan əsas məsələlərdən biri də budur.
- 10 Noyabr Bəyannaməsində Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin təmin edilməsi nəzərdə tutulub və Ermənistan buna şərait yaratmalıdır. Bu dəhliz Mehri üzərindən inşa edilməlidir. Eyni zamanda, Gədəbəy istiqamətindən başqa bir yolun işlənməsi ehtimalı var. Bu layihələr də ermənilərdə Zəngəzurun itirilməsi qorxusu yaradıb. Ermənilər yaxşı bilirlər ki, Zəngəzur 1922-ci illərdə Sovet Rusiyası tərəfindən qanunsuz şəkildə Azərbaycandan alınaraq Ermənistana verilib. Ermənilər məhz həmin tarixə istinad edərək öz qorxularını büruzə verirlər.
Hesab edirəm ki, Zəngəzur üzərindən yeni dəhlizin qurulması məsələsinin gündəmə gəlməsi və perspektivdə reallaşmasında Türkiyənin müstəsna rolu var. Türkiyənin bu xətlə Azərbaycanla quru əlaqələrinin bərpası gələcəkdə Azərbaycanın bu əraziləri geri istəməsi məsələsini aktuallaşdıra bilər.
- Türkiyənin bölgədəki hərbi varlığı Cənubi Qafqazda gedən proseslərə necə təsir edəcək?
- Cənubi Qafqazda ciddi geosiyasi və geostrateji dəyişiklik gedir. Azərbaycanın işğal olunmuş ərazilərini azad etməsi və Türkiyənin verdiyi siyasi dəstək üçüncü ölkələrin və ya Rusiyanın regionda neytrallaşdırılmasına gətirib çıxarır. Türkiyənin regiondakı aktiv siyasi-hərbi varlığını nəzərə alsaq, bu, gələcək perspektivdə regionda sülhün və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayacaq.
Fikir versək görərik ki, Türkiyənin regionakı mövcudluğu yeni bir siyasi-iqtisadi platformanın qurulmasına gətirir. Bu platforma məhz Türkiyənin iradəsi əsasında formalaşır və regionda Ankaranın mövqeyini daha da gücləndirəcək. Bu, Azərbaycan üçün ciddi təhlükəsizlik bir çəmbəri rolunu oynayacaq.
Hesab edirəm ki, Mehri dəhlizinin işə düşməsi Türkiyə üçün qapıları Mərkəzi Asiya və Cənub Şərqi Asiyaya açacaq. Türkiyə Cənubi Qafqazdakı mövqəyini gücləndirilməklə gələcəkdə Rusiyanın təhlükəli cəhdlərinin qarşısını alacaq. Artıq Rusiyanın bölgədəki manevr imkanları kifayət qədər daralıb.
Təsadüfi deyil ki, Rusiya istəməsə də Türkiyənin regionda güclənməsinə razı oldu. Tarixdə ilk dəfə Rusiya ona rəqib olan Türkiyənin bölgədə güclənməsinə və özünə yer eləməsinə heç nə deyə bilmir. Ərdoğan və Putin arasında ciddi razılaşmalar var, hesab edirəm ki, Türkiyənin bölgədə mövcudluğu bu anlaşmalar əsasında özünü göstərir.