14 Dekabr 2020 17:51
1 667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Administrasiyasında müxalif partiya rəhbərləri ilə görüş olub.

Teleqraf.com xəbər verir ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya rəhbərləri və ictimai fəallar ilə görüşləri davam edir.

Açıq fikir mübadiləsi şəraitində keçirilmiş növbəti görüşlər Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, ReAL Partiyasının sədri İlqar Məmmədov və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə ayrı-ayrılıqda videokonfrans formatında təşkil olunub.

Görüşlər zamanı bir çox məsələlərlə yanaşı, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış böyük qələbə və bu qələbəyə Azərbaycan xalqının verdiyi qiymət, xalq və ordu birliyi, Azərbaycana qarşı intensiv şəkildə aparılan informasiya təzyiqləri fonunda milli və siyasi həmrəyliyin qorunmasının əhəmiyyəti və bu işdə siyasi partiyaların rolu müzakirə edilib.

Həmçinin siyasi partiyalar haqqında yeni qanun layihəsi, Prezidentin dövlət quruculuğu məsələləri ilə bağlı təşəbbüsləri, ölkəmizdə yaşayan və yaşayacaq ermənilərə münasibət və bir sıra digər önəmli mövzular ətrafında müzakirələr aparılıb.

Aparılmış söhbətlər zamanı milli və siyasi birliyin əhəmiyyətini vurğulayan Ə.Vəliyev bildirib ki, Azərbaycanın hər bir vətəndaşı mövcud həmrəyliyin qorunmasına öz töhfəsini verməlidir. Bu mənada müharibədən sonrakı dövrdə ölkəmizə qarşı mümkün informasiya təzyiqləri ilə mübarizədə qalib gəlmək üçün Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyalar həmrəylik nümayiş etdirərək öz potensialını səfərbər etməlidir.

Müzakirələr zamanı İqbal Ağazadə, Mirmahmud Fəttayev, Sərdar Cəlaloğlu, İlqar Məmmədov və Hafiz Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətimizin inkişafı və beynəlxalq nüfuzunun artmasına yönəlmiş siyasətinə daim dəstək göstərəcəklərini və konstruktiv əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Görüşə görə təşəkkürlərini bildirən partiya rəhbərləri dövlətçiliyimizin, iqtidar-müxalifət arasında dialoqun və demokratik ənənələrin inkişafına xidmət edən bütün təşəbbüslərə hər zaman dəstək olacaqlarını söyləyiblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər