Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman beynəlxalq hüquqa istinad edib. Təcavüzkar Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində münaqişə sülh yolu ilə həll edilmədi. Bu ölkənin hakimiyyəti danışıqlar prosesini pozdu. Bu səbəbdən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücünə icra etdi.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
O bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində özünün ərazi bütövlüyünü təmin edib:
“Bu məsələdə ölkəmiz beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə uyğun olaraq addım atıb. Bununla da, Azərbaycanın haqq işi qələbə ilə nəticələnib”.
Millət vəkilinin fikrincə, Azərbaycanın beynəlxalq hüquq normaları əsasında öz ərazi bütövlüyünü bərpa etməsi işğalçı Ermənistanın havadarlarını ciddi şəkildə narahat edir:
"Müharibənin gedişində ermənilərə gizli yolla hərbi yardımlar edilirdi. Azərbaycan Ordusu işğalçı ordunu və ona göndərilən silah-sursatı darmadağın etdi. Ermənistan kapitulyasiya aktını imzalasa da, havadarları, Avropadakı erməni lobbisi təxribatçı əməllərindən əl çəkmir. Fransadan sonra Belçika parlamentində “Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli və atəşkəsin əldə olunması üçün Belçikanın və beynəlxalq qurumların təşəbbüslərinə dəstək" adlı qətnamə qəbul edilib. Bu sənəd beynəlxalq hüquqa tamamilə ziddir, Azərbaycana və Türkiyəyə qarşı qərəzli addımdır.
Sevinc Fətəliyeva qeyd edib ki, belə sənədlərin qəbulu Avropada demokratik dəyərlərin aşınmaya məruz qaldığını göstərir:
“Əslində, belə bir sənədin qəbul olunması Azərbaycanın haqq işinə heç bir təsir göstərmək iqtidarında deyil. Artıq üçtərəfli bəyanata uyğun olaraq razılaşmalar həyata keçirilir. Ermənistan öz məğlubiyyətini etiraf edib. Bunun fonunda ermənidən çox erməni olmaq istəyən Avropa parlamentarilərinin məqsədi nədir? Bu tipli qərəzli sənədlər nəyə xidmət edir? Əlbəttə ki, sülhə və sabitliyə xidmət etmir. Məqsəd yenidən gərginlik yaratmaq, məğlub olmuş işğalçılara hansısa dəstək verməkdir. Digər tərəfdən, Türkiyəyə və Azərbaycana atılan böhtanlar qəbul olunmazdır. Türkiyə regionun ən böyük dövlətlərindən biri kimi açıq şəkildə haqq və ədalətin yanında oldu. Azərbaycana siyasi və mənəvi dəstək verdi. Türkiyənin bu dəstəyinin qarşısında üçüncü ölkələr Azərbaycana qarşı hərbi əməliyyatlara qoşulmağa cürət etmədi. Belə olan təqdirdə, erməni havadarlarının Türkiyə və Azərbaycana yalnız böhtan atmağa gücü çatır. Bu cür böhtanlar isə bizi haqq yolumuzdan döndərə bilməz”.
Deputat Azərbaycan və Türkiyənin rəsmi şəkildə Belçikaya etiraz etdiyini də sonda əlavə edib:
“Ümid edək ki, Belçika hökuməti parlamentin səhvini təkrarlamayacaq. Dövlətlərimiz arasında beynəlxalq hüquq çərçivəsində əməkdaşlığımız davam edəcək. Belçika və Niderland parlamentarilərilərinin belə bir ədalətsiz mövqe nümayiş etdirmələri beynəlxalq hüquqa uyğun deyil. Bu, onların müəyyən maraqların mövcudluğu üzərindən hərəkət etdiyini təsdiq edir. Həmin ölkələr beynəlxalq hüquq və ədalət tərəfindən çıxış etməklə gələcək iqtisadi prespektivlər üçün yol aça bilərdilər”.