24 Dekabr 2020 10:49
1 291
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bugünkü Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışarkən mütləq şəkildə ulu öndər Heydər Əliyev siyasətinin müasirliyini və onu dönmədən həyata keçirən İlham Əliyevin cəsarətli, prinsipial və qətiyyətli liderliyini qeyd etməliyik. Heydər Əliyevin yaratdığı, İlham Əliyevin isə inkişaf etdirdiyi, dünya miqyasında tanıtdırdığı müasir Azərbaycan bu gün dünyanın bütün nöqtələrindən görünən, zəngin təbii, iqtisadi və insani resursları ilə diqqətləri getdikcə daha çox özünə çəkən müasir, güclü və müstəqil siyasi mövqeyi ilə seçilən bir dövlətdir.

Bu fikirləri Teleqraf.com-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova söyləyib.

Onun sözlərinə görə, müasir tariximizin son 17 illik bir dönəmi ulu öndərin siyasi varisi, xalqımızın qürur və fəxarət mənbəyi Prezident İlham Əliyevin adı ilə bağlıdır: "Bu illər Azərbaycan tarixinin ən şərəfli, daha dinamik və dayanıqlı inkişafı ilə fərqlənən illəridir. Bu bir həqiqətdir ki, ölkəmiz heç zaman indiki qədər qüdrətli, xalqımız bugünkü qədər qürurlu, ordumuz isə yenilməz olmayıb. Bu gün hamımız bir nəfər kimi cənab İlham Əliyevin ətrafında birləşərək onun rəhbərliyi ilə düşməni torpaqlarımızdan qovub çıxarmış, erməni əsarətinə son qoymuş, ərazilərimiz üzərində suveren hüquqlarımızı bərpa etmişik. Xalq, ordu və Ali Baş Komandanın birliyi sayəsində "Dəmir Yumruq "əməliyyatı ilə Dağlıq Qarabağ problemini hərbi-siyasi yolla beynəlxalq hüquq çərçivəsində birdəfəlik həll etmişik. Azərbaycanın və bütün dünyanın hərb tarixinə parlaq səhifələr yazmışıq".

Komitə sədri vurğulayıb ki, cəmi 44 gün ərzində Azərbaycanın bütün imkanları, resursları səfərbər edilərək böyük zəfər qazanılıb: "Dövlətçiliyimiz və təhlükəsizliyimiz ücün təhdidlər aradan qaldırılıb. Onun əbədiliyi, dönməzliyi təmin edilib. Cənab İlham Əliyev vurğulamışdı ki, Azərbaycanda Heydər Əliyev siyasətinin davamlı olmasını təmin edəcək. Prezident bildirmişdi ki, bu siyasəti bütün istiqamətlər üzrə daha çevik və dinamik bir şəkildə irəliyə aparacaq. 17 ilin hər ayı, hər günü, hər dəqiqəsi bu verilən sözün necə tutulduğuna şahidlik edir.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin tövsiyələrini, tapşırıqlarını, ən əsası vəsiyyətini yerinə yetirmək üçün bu müddət ərzində daxili və xarici siyasət sahəsində səy göstərib. İqtisadi, sosial, hərbi-siyasi, diplomatik, eləcə də informasiya məkanında yorulmadan çalışaraq "nəyi, nə vaxt və necə etməyi hər kəsdən daha yaxşı bildiyini əməldə sübut edib. Bu müqəddəs savaşda qələbəmizin təminatı üçün bütün zəruri addımlar atılıb.

Bu gün tarixinin və taleyinin ən yaddaqalan günlərini yaşayan xalqımız, Prezident İlham Əliyevin şəxsində yenilməz liderini, 100 illərlə həyata keçirilən məkrli niyyətləri puç edən müdrik rəhbərini görür. Bir milyondan artıq vətəndaşımızın torpaq və yurd həsrətinə son qoyan qalib sərkərdəsi ilə sevinc yaşayır. Nəhayət fədakarlıq və qəhrəmanlıq simvolu kimi hər kəsin qəlbində özünə sevgidən abidə ucaltmış Qarabağ Fatehini görür”.

Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyev həyatını, bütün bilik və bacarığını Azərbaycana, xalqımıza xidmətdə keçirən lider, möhtəşəm şəxsiyyətdir:

“Nəhayət, o, xalqının sevimlisidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər