27 Dekabr 2020 09:27
3 259
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Xalq Azadlıq Partiyasının sədri Valeh Mirzəyevlə müsahibəni təqdim edir:

- Valeh müəllim, Azərbaycanda bir ilə yaxındır ki, hakimiyyətlə siyasi partiyalar arasında dialoq prosesi müşahidə olunur. Siz bu prosesi necə qiymətləndirirsiniz?

- Əlbəttə, ölkədə gedən prosesləri diqqətlə izləyirik. Çox yaxşı haldır ki, hər şey müsbət məcrada inkişaf edir. Cəmiyyətdə milli həmrəylik, iqtidar-müxalifət əməkdaşlığı, düşmənə qarşı münasiətdə vahid mövqe mövcuddur.

- Siz bu prosesdə iştirak edirsinizmi?

- Vətən hamımızındır. Elə məsələlər var ki, orada partiyaların siyasi mövqeyindən asılı olmayaraq milli məsələlərdə hamı eyni mövqedən çıxış etməlidir. Nə yaxşı ki, uzun müddətdən sonra Azərbaycanda belə bir atmosferə nail ola bilmişik. Yəni Qarabağ məsələsinin həll edilməsi əslində bir sıra məsələni özü-özlüyündə həll etdi. Xatırlayırsınızsa, bir neçə il əvvəl iqtidar və müxalifət arasında dialoq yox idi. Əksinə tərəflər bir-birini tənqid edir, bəzən qərəz açıq-aydın hiss olunurdu. Bu gün çox yaxşı haldır ki, bu arzuolunmaz vəziyyət aradan qaldırılıb, çox gözəl mühit və etimad yaranıb. Ayrı-ayrı partiyalarla hakimiyyətin müvafiq strukturu arasında görüşlər keçirilir, müzakirələr aparılır. Bir neçə siyasi partiya qərargahla təmin edilib.

Əslində bunların hamısı çox müsbət tendensiya olmaqla yanaşı ölkədə milli şüurun formalaşması baxımından önəmli gedişlərdir. Qarabağ müharibəsi təkcə Qarabağ problemini həll etmədi, eyni zamanda daxili milli birlik, həmrəylik,vətəndaş birliyi yaratdı. Əslində daha böyük qələbə budur. Hər bir millət bütöv, qərarlı olanda problemlərini həll edə bilir. Müxalifət, siyasi partiyalar görəndə ki, hakimiyyət onun fikirlərini dinləyir, problemləri ilə maraqlanır, eləcə də hakimiyyətdə olan qüvvələr xalqa arxalananda onun qarşısında heç kim dura bilmir. Beləcə cəmiyyətdə etimad, yüksək ruh birliyi yaranır, problemlərin həllinə inam artır.

- Sizin partiya bu prosesə hansı formada töhfə verir?

- Partiya olaraq bizim əlimizdə elə böyük imkanlar yoxdur. Əlbəttə, əsas işimiz xalq arasında təbliğat aparmaq, insanları ruhlandırmaqdır. Yeri gəlmişkən, qeyd edim ki, Vətən müharibəsində mənim qardaşım və bacım uşaqları iştirak etdilər, düşmənlə savaşıblar. Bizim gücümüz ona çatır ki, insanlara həqiqətləri başa salaq, onlara baş verənləri izah edək. Qeyd edim ki, mən müharibə dövründə, elə ondan sonra da müxtəlif bölgələrdə olmuşam. Rayonlarda, şəhərlərdə kiminlə söhbət edirdiksə, ruh yüksəkliyi görürdük.

Hər kəs Qarabağ savaşının Azərbaycanın qalibiyyəti ilə başa çatması üçün əlindən gələni etməyə hazır olduğunu qeyd edirdi. Şübhəsiz, bu, çox böyük hadisə idi. Mənə elə gəlir ki, bütün dünya Azərbaycan xalqının necə bir xalq olduğunu bir daha gördü. Onsuz da dünya bizi tanıyırdı. Uzun illər bizə qarşı mövcud olan basqıları, həmçinin cəmiyyət səviyyəsində olan təzyiqləri dəf etmək hər dövlət başçısının işi deyil. Şükürlər olsun ki, bunların hamısı özünü Qarabağ məsələsində tapdı. Sözsüz ki, bundan sonra bizim işlərimiz daha çox olacaq.

- Hakimiyyətin siyasi partiyalarla dialoqu çərçivəsində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin fəaliyyətini necə qiymətləndirmək olar?

- PA-nın keçmiş şöbə müdiri Əli Həsənovun dövründə heç partiyaları sayan yox idi. Ədalət müəllimin bu konteksdə fəaliyyəti çox yüksək qiymətləndirilməlidir. Yəni dialoq vacib məsələdir. Siyasi partiyaları qəbul etmək, onlarla söhbət aparmaq, real vəziyyətlə tanış olmaq, irəli sürülən təkliflərə pozitiv yanaşmaq sözsüz ki, çox müsbət haldır. Hesab edirəm ki, iqtidar-müxalifət yaxınlaşması, cəmiyyətin bütövləşməsi əslində vahid milli siyasətin yaranmasında müsbət addımlardır. Belə mühitin yaradılması əlbəttə ki, ölkədə həm milli həmrəyliyin qorunub saxlanılması, həm də siyasi partiyalar institutunun inkişafına səbəb olacaq.

- Müharibədən sonra Azərbaycan Prezidenti İlham Əliyevin nüfuzunun həm ölkə daxilində, həm də ölkə xaricində daha da artması, ölkəmizin geniş auditoriya tərəfindən tanınması bizə hansı üstünlüklər qazandıra bilər?

- Bilirsinizmi, elə faktlar və reallıqlar var ki, onu hökmən demək lazımdır. Bu gün ölkəmizin, onun xalqının və Ali baş Komandanın nüfuzu sözsüz ki, artıb. Bunun da obyektiv səbəbləri var. Qələbə qazanmaq, müharibəni udmaq asan məsələ deyil. Televiziya qarşısında oturub “biz qalib gəldik” xəbərini eşitdikdən sonra insanın özünü qalib hiss etməsi asan işdir. Amma unutmayaq ki, bu qədər təzyiq altında ordunu hazırlamaq, onu müasir hərbi silahlarla, texnologiya ilə təmin etmək, cəmiyyəti buna hazırlamaq, hərbi əməliyyatlar, taktiki gedişləri qurmaq, müharibə zamanı böyük təzyiqlərin qarşını almaq böyük cəsarət və diplomatiya bacarığı tələb edən işlərdir.

Biz qələbə qazanmışıqsa, deməli, Ali Baş Komandan bu məqamları zamanında düzgün qiymətləndirmək bacarığında olub və müharibənin başlanması üçün tarixi məqamı düzgün müəyyən edə bilib. Nəticə olaraq biz də qələbə əldə etmişik. Bildiyiniz kimi dünyada kiçik ölkələrin heç də qələbə qazanmaq imkanı olmur. Bu, daha çox iri güclərin, mərkəzlərin davranışı və atacağı addımlardan asılı məsələdir. Bunun üçün müharibəni başlayan, onu aparan və uğurla başa çatdıran lider geosiyasi prosesləri, bu mərkəzlərdə baş verənləri dəqiq analiz etmək imkanlarına sahib olmalıdır.

Eyni zamanda Türkiyənin son zamanlar dünyada nüfuzunun artması, Rusiyanın Qərb tərəfindən təklənməsi və Türkiyə ilə əməkdaşlıq etməyə məcbur qalması kimi amillər də Azərbaycanın xeyrinə işlədi. Bizim dövlət başçısı bundan kifayət qədər məharətlə istifadə etdi. Burada təkcə güc amili əhəmiyyətli deyil, həm də tarixi məqamı tutmaq da vacibdir. Çünki buna kim daha çox hazırdırsa, o da qazanır. Bu gün ermənilər açıq deyirlər ki, Azərbaycan müharibəyə bizdən yaxşı hazırlaşmışdı, hərbi texnikası daha üstün idi, ordusu daha nizamlı idi, buna görə də bizə qalib gəldilər. Bəli, burada da həqiqət var.

Bununla paralel qeyd edim ki, bizim qələbə qazanmağımızın səbəbkarları düşmənlə döyüşən əsgərlərimiz, zabitlərimiz, komandirlərimizdir. İndi ölkədə çox müsbət bir kampaniya gedir. Şəhid ailələrinə, müharibədə yaralanan oğullarımıza dəstək olunur. Məncə, müharibədə döyüşən, hətta yaralanmayan şəxslərin hamısına qayğı göstərmək lazımdır. Çünki bu adamlar travma alıblar, əsgər yoldaşlarını gözləri önündə itiriblər, ölümün ortasında olublar. Hesab edirəm ki, bu insanların hamısının müalicəsi, psixoloji baxımdan rahatlığı dövlət tərəfindən təmin edilməli, qayğı ilə əhatə olunmalıdır.

- Siz əslən Qərbi Azərbaycandansınız, əslində erməni məsələsinə və xarakterinə daha dərindən bələdsiniz. 44 günlük Vətən müharibəsindən sonra Ermənistanda yaranan vəziyyət və proseslərin hansı istiqamətdə inkişaf edəcəyinə dair düşüncələriniz nədən ibarətdir?

- Mən, Qərbi Azərbaycanda doğulmuşam və orada təhsil almışam. Erməni milli kimliyi və xarakterinə də dərindən bələdəm. Ermənilər tarixən satqın millət olub, kim güclüdürsə, onun yanında yer alıb. Tarixə nəzər salanda bu, həqiqət kimi ortaya çıxır. İstər ərəb xilafəti dövründə, istər Osmanlı İmperiyası daxilində olan hadisələrə baxsaq, ermənizmin mahiyyətinə bələd ola bilərik. Osmanlıya o qədər yarınmışdılar ki, hətta sadiq millət adı əldə etmiş, bir dövr İstanbulda xüsusi mövqeyə malik olmuşdular. Amma söhbət tarixin bütün kritik dövrlərində dönüklük edən bir millətdən gedir. Zaman gələndə, Osmanlı zəifləyən kimi ermənilər bıçağı onun kürəyinə sancdı. Bu gün də ermənilər çalışırlar ki, rusların əli ilə istəklərinə nail olsun, əslində müəyyən mənada da nail ola bilmişdilər. Amma son zamanlar ermənilərin bu metodları keçmədi.

- Sizcə, niyə?

- Açığını desək, bu, daha çox yaranan yeni situasiya ilə bağlıdır. Əvvəla Rusiyanın mövqeyi əvvəlki kimi deyil. Üstəlik yuxarıda dediyim kimi Qərb tərəfindən təklənən Moskva Türkiyə ilə əməkdaşlığa daha çox meyl etdi. Bu tarixi situasiyanı dərk edən ermənilər yeni ağa axtarışına çıxmağa başlamışdı. Bu gün Ermənistanda baş verən hadisələrin müşahidə etdiyimiz istiqamətdə irəliləməsi əslində tarixi şəraitin dəyişməsindən asılıdır. Ermənistan daxilində baş verənlər əslində ermənilərin özünün xeyrinədir. Çünki biz xəstələnmiş bir millətdən danışırıq. “Böyük Ermənistan” ideologiyası, Njdenin “səngər haqqında düşün, qələbə səni tapacaq” ideyasının tamamilə səhv olduğu, erməni xalqını faciələrə sürüklədiyini Qarabağ müharibəsi bir daha təsdiq etdi. Yəni ermənilərin ayılma mərhələsidir. Əgər ayılacaqlarsa, ağılları başlarına gələcəksə, bir xalq kimi bu regionda yaşamaq imkanı əldə edəcəklər.

Yox, əgər əvvəlki kimi xəstəlikləri davam edəcəksə, “Böyük Ermənistan” ideyasından əl çəkməyəcəklərsə, bu halda onların Qafqazda yaşamaları qeyri-mümkün olacaq. Bu gün Ermənistanın mövcud qonşularının heç biri ilə faktiki münasibəti yoxdur. Azərbaycanla düşməndir, Türkiyəyə qarşı “mübarizə” aparır, Gürcüstanla yola getmir. Qalır yalnız İran... Ermənilər zərərli ideyalarından imtina etməsələr, Qafqazda yaşaya bilməzlər. İndi onların ən çətin dövrüdür, hazırda erməni cəmiyyəti bu məsələni həll etməlidir. Amma görünən odur ki, Paşinyan öz milləti üçün yaxşı mənada cəhdlər edir.

- Nəyi nəzərdə tutursunuz?

- Paşinyan faktiki izolyasiyadan çıxmaq üçün cəhdlər edir. Ancaq İrəvanda keçirilən mitinqlər, ona qarşı hücumlar əslində erməni xalqının maraqlarına uyğun deyil. Paşinyan deyir ki, növbədənkənar parlament seçkilərinə getməyə hazırdır. Amma müxalifət deyir ki, yox, parlament seçkilərinə getmək olmaz, satqın hakimiyyətdən kənarlaşdırılmalıdır. Əslində bunun özü göstərir ki, Paşinyanın ölkə daxilində nüfuzu heç də rəqiblərindən az deyil. Əksinə əhalinin müəyyən hissəsi məhz onun tərəfindədir və bu səbəbdən də baş nazir çox əminliklə danışır. Hesab edirəm ki, bu hal Ermənistan üçün müsbət tendensiyadır. Qonşularla düşmənçilikdən əl çəkmək fikri, Türkiyə və Azərbaycanla diplomatik münasibət qurmaq fikirləri, Azərbaycanla səngər deyil, dövlət sərhədinin olması kimi fikirlər əslində erməni xalqını fəlakətdən qurtarmaq cəhdləri kimi qiymətləndirilə bilər.


Müəllif: Cavad

Oxşar xəbərlər