Vətən müharibəsində işğalçı Ermənistan ağır məğlubiyyətə uğradılıb. Bu məğlubiyyət dünyada yaşayan bütün erməniləri və onların havadarlarını ciddi narahat edir. Bəzi dairələr işğalçının məğlubiyyətini həzm etmir. Fransa Prezidenti Emmanuel Makronun erməni sevgisini və məsələyə fərqli mövqedən baxışını xüsusi qeyd etmək olar.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin həllinə çalışmalı idi:
“Son 28 ildə həmsədrlər balanslı bəyanatlar verməklə kifayətləniblər. Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarından çıxması üçün heç bir təzyiq göstərməyib. Fransa işğalçı Ermənistanla xüsusi münasibətə malik olub. Bütün platformalarda onu dəstəkləyib. Hətta Fransa Ermənistanı özünün "bacısı" da elan edib. Eyni zamanda sentyabrın 27-dən Fransa həmsədr kimi bitərəfliyini tam unudaraq Ermənistana tam dəstək verdiyini açıqlayıb. 44 günlük müharibədə Fransa prezidenti, xarici işlər nazirinin bəyanatları bunu təsdiqləyib. Fransa Senatının, Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamələr buna sübutdur".
Sevinc Fətəliyeva Fransa rəhbərliyinin Ermənistana dəstəyi ilə bağlı yeni faktların da üzə çıxdığını qeyd edib:
“Makron müharibənin gedişi zamanı erməni diasporu ilə mütəmadi əlaqədə olub. Paşinyana dəfələrlə öz dəstəyini təklif edib. Demokratiyadan az qala dərs keçməyə çalışan Fransa işğalçı siyasətə dəstək verib”.
Millət vəkili əlavə edib ki, Fransa prezidentinin Azərbaycan əleyhinə açıqlamaları, fəaliyyəti həmsədr mandatının tələblərinə uyğun gəlmir"
"Görünür, Fransa prezidenti qeyri-adekvat mövqe nümayiş etdirməkdə davam edəcək. Avropada anti-azərbaycan, anti-türkiyə təbliğatını gücləndirməyə çalışır. Qardaş Türkiyə hər zaman beynəlxalq səviyyədə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Bu amillər Fransa prezidentini çox narahat edir. Makron artıq Fransa dövlətinin və xalqının maraqlarının əksinə olaraq, məğlub Ermənistanın vəkili kimi çıxış edir. Bu isə Fransa kimi ölkəyə hörmət gətirmir. Makronun davranışları fransiz şirkətlərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçiriləcək quruculuq işlərində iştirak etməsini sual altına qoyur. Çünki dövlətimiz bəyan edib ki, bu prosesdə Azərbaycana dost ölkələrin şirkətləri iştirak edəcək. Makron isə ermənipərəst mövqeyi ilə Fransa şirkətlərini bundan məhrum edir. O, belə davranışları ilə ölkəsinin də iqtisadiyyatına ziyan vurduğunu anlamır”.