6 Yanvar 2021 14:08
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya səbəbindən 2020-ci ilin əvvəlindən dünya bazarlarında neftin qiymətlərində ucuzlaşma müşahidə olunur. İlin sonuna yaxın COVİD-19-a qarşı vaksinin tapılması ilə əksər ölkədə məhdudiyyətlər nisbətən yumşaldıldı. Bu da enerji bazarında qiymət artımı ilə nəticələndi. Bu amil benzin, dizel yanacağının və digər neft məhsullarının qiymətinə təsir etdi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, iqtisadçı-ekspert Aydın Hüseynov deyib.

Deputat bildirib ki, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 dollar olub:

“2020-ci il dekabrın sonunda artıq benzin bir litrə görə 1,04 dollar (1,77 manat) təşkil edib ki, bu da il ərzində 14% artım deməkdir. Ötən ilin sonundan etibarən bu tendensiya artıq Avropa da özünü göstərməyə başlayıb. Noyabr-dekabr aylarında Avropada dizel yanacağının qiymətində 29% artım qeydə alınıb. Tarif Şurasının son qərarından sonra (benzin və dizelin bahalaşması) da Aİ-92 markalı avtomobil benzininin Azərbaycanda pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır. Son illər Azərbaycana avtomobil idxalı benzinə və dizelə tələbatı yüksəldib. Ölkəyə avtomobil idxalı əhəmiyyətli dərəcədə artıb. İdxalın artması ilə analoji olaraq, benzinə və dizelə tələbat da yüksəlib”.

Ekspert qeyd edib ki, dizel yanacağı üzrə sonuncu qiymət tənzimlənməsi 2013-cü ildə, Aİ-92 markalı benzin üzrə isə 2017-ci ildə aparılıb: "Həmin dövrlərdə ölkə üzrə orta aylıq əməkhaqqı uyğun olaraq 425,1 manat və 528,5 manat təşkil edib. 2013-2020-ci illərdə ölkədə orta aylıq əməkhaqqı 66%, pensiyalar 73% artıb. Ötən ilin 10 ayında (yanvar-oktyabr) orta aylıq əməkhaqqı 704,5 manat təşkil edib. Göründüyü kimi əhalinin gəlirlərində əhəmiyyətli artım qeydə alınıb”.

Aydın Hüseynov Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasının həmin məhsulların keyfiyyətinin yüksək avrostandartlara çatdırılmasına hesablandığını vurğulayıb:

“Ekoloji mühitin yaxşılaşdırılması istiqamətində proqram xarakterli işlər görülüb. Neft emalı sənayesində yenidənqurma, modernləşdirmə işləri davam edir. Ümumiyyətlə 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur. Tarif tənzimlənməsində konservativ yanaşma mövcuddur. Enerji tariflərinin mümkün olan ən aşağı səviyyədə saxlanılması siyasəti həyata keçirilir. Əhalinin sosial müdafiəsi, istehsal subyektlərinin ucuz enerji ilə təmin edilməsi amilləri nəzərə alınıb”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər