Ölkəmizdə dini məsələlərə çox böyük həssaslıqla yanaşılır. Bütün dinlərə və onların nümayəndələrinə öz iradəsinə uyğun faəliyyət üçün münbit şərait mövcuddur. Son illər yüzlərlə məscid, dini mərkəz, ibadət ocaqları təmir və bərpa olunub. Bakıda Təzəpir, Göy Məscid, Bibi Heybət, eyni zamanda bölgələrdəki məscidlər təmir olunub. Dünyanın az sayda ölkəsində belə bir təcrübə var. Adətən dini ocaqlar ianələr vasitəsilə təmir və bərpa olunur.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, cənab Prezident dini ocaqların təmirinə, ibadət üçün münbit şəraitin olmasına diqqətlə yanaşır:
"Qeyri-islam abidələrinə də eyni münasibət mövcuddur. Şəhərin mərkəzində 3 provaslav kilsəsi, 2 yəhudi sinaqoqu, katolik rus provaslav kilsəsi fəaliyyət göstərir. Bakıda erməni kilsəsi qorunub saxlanılır. Onun ümumi struktuna toxunulmayıb. Amma eyni yanaşmanı Ermənistan Azərbaycanın dini tarixi-mədəni abidələrinə qarşı sərgiləməyib. İslam məbədləri, məscidlər ibadətgahlar ermənilər tərəfindən vandalizmə, təhqirə məruz qalıb. Qarabağda, indiki Ermənistan ərazisində olan islam aləminə məxus məscidlər dağıdılıb vandalizmə, dəyişikliyə məruz qalıb”.
Ceyhun Məmmədov Ermənistan ərazisində azərbaycanlılara məxsus Sərdar məscidinin dağıdıldığını diqqətə çatdırıb:
“İrəvanda olan digər məscidlər vandalizmə məruz qalıb. Yeganə İrəvanda bir məscid saxlanılıb. Onu da İran məscidi adlandırıblar. İran Mədəniyyət Mərkəzi orada fəaliyyət göstərir. Tarixə məlumdur ki, orada azərbaycanlılar yaşayıb və ibadət edib”.
Millət vəkili işğal müddətində ermənilərin tərəfindən Qarabağ ərazisində 60-da artıq məscidin dağıdıldığını bildirib:
“Ağdam, Füzuli, Cəbrayıl, Alxanlıda və digər ərazilərdə olan məscidlər dağıdılıb, təhqir olunub. Tarixdən də məlumdur ki, qədim Şuşa şəhərinin hər bir məhəlləsində məscid olub. Ermənilər işğal müddətində bu məscidləri dağıdıb. Bəziləri isə baxımsızlıqdan məhv olub. Ermənilər öz vəhşiliklərini ört-basdır etmək üçün işğal müddətində Şuşada bir məsciddə də təmir adı ilə təhriflərə yol veriblər. Ümumilikdə Ermənistanın əsas məqsədi tarixi, dini abidələrdə olan Azərbaycan izlərini itirmək olub. İravandakı və Şuşadakı məsciddə edilən cəhd buna misaldır. Ermənilər Azərbaycan ornamentlərini, izlərini itirmək üçün bütün vasitələrdən istifadə edib. Qeyri-islam abidələrinə qarşı da vandallıq olunub. Qarabağda olan alban və udinlərə məxsus ibadətgahlar, kilsələr dağıdılıb və mənimsəməyə cəhd edilib. Hansı alban abidlərini qriqoryanlaşdıra bilməyiblərsə onu dağıdıblar. Kəlbəcərdə Xudavəng monastrı və digər qeyri-islam abidələri ermənilərin barbarlığına, məkirli niyyətinə məruz qalıb. Artıq torpaqlarımız azad olunub. Dövlətimiz təmir-bərpa işlərinə başlayıb. Heydər Əliyev Fondu artıq İslam və qeyri-islam abidələrinin təmiri ilə bağlı proqramlarını icra edir”.