7 Yanvar 2021 20:17
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com ötən gün ABŞ-da baş verən siyasi qarşıdurma, Tramp tərəfdarlarının Konqresə hücumu, hakimiyyətin dinc yolla ötürülməsi zamanı qan tökülməsi və bundan sonra hadisələrin inkişafı ssenarisi mövzusunu Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə ilə müzakirə edib.

Müsahibəni təqdim edirik:

- Asim bəy, bu gün dünya gözünü ABŞ-da demokratiyanın gözardı olunduğu, Konqresə hücumun və insan itkisinə səbəb olan qarşıdurma xəbəri ilə açıb. ABŞ siyasi sisteminə və mühitinə bələd olan biri kimi baş verənləri necə qiymətləndirirsiniz?

- Əslində ABŞ seçki sistemində yeni dəyişikliklər edilib. Bundan sonra keçirilən seçkilər məğlub olan tərəfin ciddi narazılığına səbəb oldu. Ümumiyyətlə, ABŞ siyasi sistemində son vaxtlar ciddi problem yaranıb. Obamadan sonra qeyri-sistem siyasətçisi Donald Tramp prezident seçildi. Ölkədə baş verən siyasi proseslərə onun əks-mövqeyi, yəni müəyyən bir təbəqənin mövqeyini ifadə etməsi əslində ölkədə qütbləşməni alovlandırdı.

Seçki sistemində narazılıqlar, xüsusilə poçt vasitəsilə səsvermə ciddi narazılığa səbəb oldu. Tramp iddia edir ki, hətta siyahılarda olmayanlar, miqrantlar, səsvermə hüququna malik olmayanlar seçkilərdə iştirak edib. Bu öz-özlüyündə gərginliyə səbəb olub. Nəticədə seçkilərdə iştirak edən iddialı namizədlərdən biri seçkinin nəticəsini tanımayıb.

Əslində isə son illər ABŞ-da demoqrafiya dəyişib. O cümlədən sosialist ideyaları populyarlaşıb. Demokrat Partiyası da bunu öz siyasi üsul və texnologiyalarında ciddi şəkildə istifadə edir. Məsələn, 20-30 il əvvəl ABŞ-da sosialist siyasətçi təhqir kimi qəbul olunurdu. Bu gün isə kommunist ideologiyasını amerikalı siyasətçilər açıq şəkildə təbliğ etməklə məşğul olur. Müəyyən qədər ölkədə qütbləşmə yaranıb. Hollivudun ideologiyasını sərgiləyən ideologiya faktiki Demokrat Partiyası tərəfindən istifadə olunur. Çox maraqlı bir məqam var. Tvitter və Feysbuk Prezident Trampın hesabına senzura tətbiq edib və ya bloklayıb. Amma İran və Çin prezidentlərinin sosial şəbəkə hesabları hansısa senzuraya məruz qalmayıb. Bu, öüz-özlüyündə ABŞ-da medianın bir əldə cəmləşməsi, yeni bir siyasi strukturun yaradılmasının təzahürü kimi ortaya çıxır.

Bütün bunların nəticəsində çox təəssüf doğuran hadisə meydana çıxıb. Kapitoliyə hücum, Konqresin fəaliyyətini dayandırması, Vaşinqtonda fövqəladə vəziyyətin elan olunması, habelə dörd nəfərin öldürülməsi baş verdi. Bu, əlbəttə ki, ABŞ demokratik sisteminə olan ağır zərbədir. Eləcə də ABŞ-da müəyyən problemlərin mövcud olmasının dünyaya nümayişidir.

- Aydındır ki, Trampın kifayət qədər tərəfdarı var. Bundan sonra ABŞ-da siyasi proseslərin ssenarisi hansı istiqamətdə inkişaf edə bilər?

- İndi proses səngiməyə başlayıb, nəzarət altına alınıb. Eləcə də Konqres yeni seçilən Bayden-Harris cütlüyünü təsdiq edib. Bundan sonra qütbləşmə necə gedəcək, bunun ABŞ siyasi sisteminə hansı formada təsir göstərəcəyi narahatlıqla izlənilir. İndiki halda ən ciddi narazılığın səbəbi demokratiyanın təməl prinsipi olan azad sözün və medianın bir siyasi partiyanın nəzarəti altında olmasıdır. Bu, özlüyündə narahatlıq yaradan amillərdən biridir.

Digər narahatlıq sözsüz ki, bizneslə bağlıdır. Məsələn, bəzi ştatlarda yüksək vergilər tətbiq edilir və bu, demokratların sayəsində olub. Nəticədə biznes daha münasib vergi şəraiti olan ştatlara köçürülür. Bu məqam da ştatların arasında müəyyən qarşıdurmalara, təzyiqlərə səbəb olur. Mənə elə gəlir ki, ABŞ-da mövcud olan siyasi sistemdə yaxın müddətdə ciddi islahatlar olmalıdır. İki partiyaya əsaslanan sistem ola bilsin ki, dəyişəcək, bəlkə də ABŞ-da yeni siyasi partiyalar formalaşacaq və bunun nəticəsində müvafiq islahatlar həyata keçiriləcək.

Bu gün vəziyyət elədir ki, seçilən prezident və onun partiyası həm Senata, həm də Nümayəndələr Palatasına nəzarət edir. Bəzi siyasi təhlilçilər iddia edirlər ki, ABŞ-da solçu bir partiyalı sistem yaradılır və buna da kəskin etiraz edirlər. Ola bilsin ki, indi bu etirazlar daha çox ekspert çərçivəsində olduğundan səsi eşidilmir. Ümumən ölkədə gərginlik var, qütbləşmə prosesi gedir. Bu həm Amerikanın dünyadakı imicinə mənfi təsir göstərir, həm də ölkənin iqtisadi sahədə olacaq gələcək problemlərinin təhlükəsini nümayiş etdirir. İndiki halda prosesləri izləmək lazımdır. Hələlik kəskin və zorakı halların qarşısı alınıb. Ölkəyə 20 yanvardan sonra yeni şəxs rəhbərlik edəcək. Ümidvaram ki, gələcəkdə bu qarşıdurmaların qarşısını alacaq siyasi üsullardan istifadə ediləcək, dialoq mühiti açıq saxlanılacaq.

- Demokrat Partiyası həm Ağ Evdə, həm də Konqresdə hakimiyyəti götürüb. Bəs əsası Konqresə hücumla qoyulan qarşıdurma davam edəcək, yoxsa tamamilə səngiyəcək?

- Mən qarşıdurma və qütbləşmənin davam edəcəyini istisna etmirəm. Xoşagəlməz hal ondan ibarətdir ki, bu qütbləşmə hər iki tərəfin zorakılığı ilə müşahidə edilir. Bəzi ştatlarda qara təşkilatlar fəallaşıb. Diqqət edin, Portland şəhəri neçə aydır döyüş meydanına çevrilib. Eyni zamanda “Maqa” təşkilatı Kapitolidə zorakılıq həyata keçirib. Öz-özlüyündə bu qarşıdurma həm də özünü zorakılıq formasında tapır. Onun qarşısını almaq üçün ABŞ siyasi üsulları axtarmalı, bu proseslər siyasi formata çevrilməlidir. Əks halda bunun zorakılıq istiqamətində davam etməsi ölkə üçün çox təhlükəli olacaq. Qütbləşmənin digər təhlükəli tərəfi ABŞ-da cəmiyyətin silahlı olmasıdır. Yəni burada açıq silah satışı var və insanlar silahlıdır. Bu mənada hansısa qarşıdurma xoşagəlməz nəticələrə apara bilər. Odur ki, ABŞ siyasi sistemində ciddi islahatlara ehtiyac var. Bu gün mövcud olan siyasi sistemin iki partiyanın əlində cəmləşməsi əslində gələcək təhlükələrin siqnalını verir.

Hazırda vəziyyət narahatlıq doğurur. Çünki radikallar meydandadır və bir neçə ştatlarda qarşıdurmaya səbəb olub, silahlı insidentlər yaşanıb. Bu kimi hallar qəbuledilməzdir, çünki demokratik cəmiyyətdə bu yolverilməzdir.

- Konqresə hücumdan və hakimiyyətin qanuni şəkildə ötürülməsinə zorakı maneələr yaratması cəhdindən sonra Trampın taleyi necə olacaq, onun məhkəməyə çəkilmə ehtimalları varmı?

- Açığı, mən buna inanmıram. Tramp artıq keçmiş prezidentdir. Əslində prezidentliyi dövründə də Trampın qeyri-adi hərəkətlər və çıxışları olurdu, populizmdən geniş istifadə edirdi. Sistem siyasətçisi olmadığından daha çox müəyyən təbəqənin etirazlarının ifadəçisi oldu. Söhbət daxili siyasətdən gedir. İqtisadi sahədə onun dövründə müsbət və uğurlu addımlar atıldı, amma pandemiya dövründə yaranan problemlər zamanı Trampın addım və fikirləri əslində ustalıqla onun özünə qarşı istifadə olundu. Onu da nəzərə almaq lazımdır ki, bütövlükdə ABŞ mediası bir nəfərin və ya mərkəzin əlində cəmləşib. Bu səbəbdən də Trampın buraxdığı səhvlərdən məharətlə istifadə edildi və bu da onun seçkilərdə uduzmasına səbəb oldu. İndi artıq Tramp keçmiş siysətçidir.

- Belə iddialar səsləndirilir ki, əslində Tramp “rusların adamıdır” və son anda Rusiyanın maraqlarına uyğun olaraq ABŞ cəmiyyətində qarşıdurma yaradıb ölkənin imicinə zərbə vurdu...

- Mən elə gəlir ki, bu, gülünc ittihamlardır. Və bu ittihamlar əsasən Trampın rəqibləri tərəfindən ona qarşı istifadə olunurdu. Maraqlıdır ki, media Trampa qarşı sərt təzyiqlər etməklə bərabər Baydenin oğlunun Çinlə bağlı xoşagəlməz fəaliyyəti ört-basdır edilmişdi. Mən bu kimi amilləri nəzərə alaraq deyirəm ki, əslində ictimai fikri formalaşdıran qurumlar Demokrat Partiyasının əlində cəmləşdiyi üçün ola bilsin ki, Trampa qarşı belə təbliğat maşını sona qədər işlədi.

Rusiyanın özünün ABŞ-da belə şəkildə qarşıdurma yarada biləcəyinə inamı yoxdur.

- Bundan sonra ABŞ-ın başqa ölkələrə demokratiya və insan haqlarına görə, tələblər irəli sürməsi nə dərəcədə mümkün olacaq?

- Əslində dünəndən bir sıra ABŞ mütəxəssisləri qeyd edirdi ki, Konqresdə baş verən hadisələr Qırğızıstanda, Ermənistanda və Minskdə olan hadisələrə bənzəyir və gələcəkdə ABŞ dünyada hansı haqla kimisə demokratik seçkilərlə bağlı tənqid edə bilər. Eləcə də söz azadlığı ilə bağlı... Belə müzakirələr indi ABŞ-ın özündə də açılıb. Məncə, demokratik amili təzyiqlər vasitəsi kimi istifadə etmək mənfi təcrübədir. Bu gün ABŞ-da baş verənlər sabah dünyada “kim bizi demokratiyaya görə tənqid edirdi” deyə gülünclə qarşılanacaq.


Müəllif: Nemət Orucov

Oxşar xəbərlər