Teleqraf.com-un suallarını Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli cavablandırıb. Onunla müsahibəni təqdim edirik.
– Qabil müəllim, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında yanvarın 11-də Moskvada keçirilən görüşün yekunları ilə bağlı imzalanmış üçtərəfli bəyanatla bağlı fikirləriniz nədən ibarətdir?
– Əvvəla deyim ki, Moskva görüşü 10 noyabr tarixli birgə bəyanatının nəticələrini təsdiqlədi və əldə olunan razılaşmanın icrası istiqamətində ardıcıl iş aparıldığını göstərdi. Hələlik bu işlərin hamısını birdən görmək mümkün deyil. Hazırda əsas diqqət bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsinə yönəlib. Yanvarın 11-də imzalanan üçtərəfli bəyanat da regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını, bu məqsədlə üçtərəfli İşçi qrupunun, yarımqrupların yaradılmasını, görüləcək işlərlə bağlı prioritetlərin müəyyən edilməsini nəzərdə tutan bir növ yol xəritəsidir. İşçi qrupu 10 noyabr tarixli bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə yaradılır. Qrupun yaradılması təklifi Rusiya Prezidenti Vladimir Putin tərəfindən irəli sürülüb. İşçi qrupa Azərbaycan, Ermənistan baş nazirləri müavinləri və Rusiya Federasiyası Hökumətinin sədr müavini birgə rəhbərlik edəcək. İşçi qrupu regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, bu zaman prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək.
Düşünürəm ki, bu siyahı formalaşdırılarkən Azərbaycanı Naxçıvanla, Ermənistanı Rusiya ilə, Rusiyanı Ermənistanla birləşdirən Mehri dəmiryolu və yol nəqliyyatının açılması xüsusi diqqət mərkəzində olacaq. Ermənistan hələ 10 noyabr tarixli üçtərəfli bəyanatla vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verib. Yaradılacaq İşçi qrupu digər təklifləri də öyrənib dəyərləndirəcək. Məsələn, Gümrü-Qars dəmiryolunun Bakı-Tbilisi-Qars dəmiryolu ilə əlaqələndirilməsi ilə bağlı təklif meydana çıxa bilər. Qeyd edim ki, bu dəmiryol xəttinin istismarı Ermənistanın Azərbaycana təcavüzünə cavab olaraq qardaş Türkiyə Respublikası tərəfindən 1993-cü ildən dayandırılıb. Bir sözlə bölgənin böyük logistik imkanlarından istifadə etmək, Cənubi Qafqazı da dünya logistika sisteminə qoşmaq üçün bütün imkanlardan yararlanmaq olar.
– Prezident İlham Əliyevin Moskvaya səfərini, Rusiya paytaxtında keçirdiyi ikitərəfli və üçtərəfli görüşləri, imzalanmış bəyanatı və dövlət başçılarının mətbuata birgə bəyanatlarını yaxından izləmiş bir insan kimi necə hesab edirsiniz, dövlət başçımızın bu səfərini Azərbaycanın növbəti uğuru və diplomatik qələbəsi kimi qiymətləndirmək mümkündürmü?
– Sözsüz ki, bu cür qiymətləndirmək mümkündür. Çünki Azərbaycan Prezidenti əvvəla böyük türk dünyasını birləşdirən dəmiryolu və yol nəqliyyatının açılmasına nail oldu. Bunu Rusiya da istəyirdi. Vladimir Putin mətbuata bəyanatla çıxış edən zaman əmin olduğunu bildirdi ki, bu razılaşmaların icrası həm Ermənistan, həm də Azərbaycan xalqlarına fayda verəcək və heç şübhəsiz, bütövlükdə regiona, deməli, Rusiya Federasiyasının mənafeyinə də fayda verəcək. Üstəlik Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü olub. Bu görüşdə yəqin ki, mətbuat üçün açıqlanması vacib olmayan məsələlər müzakirə edilib. Yəqin ki, bu zaman Dağlıq Qarabağ və orada hələ də qalmaqda olan erməni qaçaq-quldur dəstəsi haqqında fikir mübadiləsi aparılıb. Həmçinin, sülhməramlı qüvvələrin statusunun müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldığını əminliklə söyləmək mümkündür. Çünki mətbuata birgə bəyanat zamanı Ermənistanın baş naziri Dağlıq Qarabağın “statusu” və bölgədə humanitar məsələlərlə bağlı yana-yana danışdı. Putin isə bütün müraciətlərində Dağlıq Qarabağ yox, Qarabağ kəlməsini işlətdi. Bu onu göstərir ki, qondarma “dqr”, Dağlıq Qarabağ siyasi termin olaraq yavaş-yavaş gündəmdən çıxır. Burada da Azərbaycan Prezidentinin müstəsna rolunu qeyd etməmək mümkün deyil.
– 10 noyabr və 11 yanvar tarixli üçtərəfli bəyanatlar Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının tam 30 ildir davam edən blokadasına da son qoyur. Bununla bağlı nələri qeyd edə bilərsiniz?
– Naxçıvanın blokadadan çıxması çox böyük, prinsipial əhəmiyyətə malik hadisədir. Naxçıvan təkcə blokadadan çıxmır, Naxçıvana gediş-gəliş çox sadələşir. Belə ki, biz İrana ödədiyimiz böyük vəsaitin demək olar ki, böyük qismini ödəməyəcəyik. Əvəzində tutaq ki, Ermənistan ərazisindən keçəndə tranzit haqqı MDB ölkələri üçün nəzərdə tutulan tariflərlə alınacaq. Eyni zamanda Ermənistana məxsus yük və sərnişin qatarları, yük maşınları bizim ərazimizdən keçəcək. Yəni, faktiki olaraq biz Naxçıvanı blokadadan çıxarmaqla yanaşı ora dəmiryolu və yol nəqliyyatını pulsuz, tranzit xərcləri olmadan həyata keçirəcəyik. Beləliklə, Naxçıvanla əlaqələrimiz çox intensiv xarakter daşıyacaq. Bu, böyük Turan yolu, yəni böyük türk dünyası ilə əlaqələr yaratmağın bir yoludur. Bu yol işə düşəndən sonra biz artıq İran ərazisindən istifadə etməyəcəyik. Türkmənistana və digər Mərkəzi Asiya respublikalarına yollar artıq Ələt Dəniz Ticarəti Limanından və Ələt dəmiryolu stansiyasından keçməklə həyata keçiriləcək. Beləliklə, Azərbayacn daha mühüm logistika qovşağına çevriləcək.
– Moskva görüşü zamanı Azərbaycan Prezidentinin davranışlarını, bədən dilini qiymətləndirməyinizi istərdik...
– Moskva görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin məğrur duruşu, alicənablığı, yüksək səviyyəli çıxışları diqqəti cəlb etdi. Prezident İlham Əliyev özünə kifayət qədər inamlı idi. Özünü olduqca inamlı aparırdı. Zahiri görkəmindən artıq qeyd etdiyim kimi məğrurluq yağırdı. Bu məğrurluq Putinlə görüşdə də özünü aydın surətdə göstərirdi. Hiss olunurdu ki, Putin də İlham Əliyevlə münasibətlərə daha iltifatlı, daha istiqanlı yanaşır. Bir sözlə bu görüş Putinlə İlham Əliyev arasında münasibətlərin yüksək səviyyədə olmasından və bu münasibətlərin hər gün bir az da inkişaf etməsindən bəhs etməyə imkan verir.
– Bəs Ermənistanın baş naziri Nikol Paşinyanın davranışlarını, xüsusilə görüş başlayan kimi onun yanına çanta qoyulmasını, çantanı açaraq nəsə axtarmasını, amma içindən heç nə çıxarmaması kimi qeyri-adekvat davranışını necə qiymətləndirirsiniz?
– Moskva görüşü həm də Ermənistanın baş naziri Nikol Paşinyanın həddən artıq gərgin, çaşqın, məyus durumu ilə yadda qaldı. Onu da deyim ki, Rusiya mediası da Ermənistan baş nazirinin durumunu, jestlərini, qeyri-adekvat davranışını geniş müzakirə etməkdədir. Adamın Ermənistan baş nazirinə az qala yazığı gəlirdi. Çünki onun ürəyindən qara qanlar axırdı. Moskvaya yola düşəndə kortejinin qarşısını kəsmək istəyirdilər. Hədələyirdilər ki, əgər hər hansı sənədə imza atsan, səni dar ağacından asacağıq və sair. Bir sözlə baş naziri İrəvandan çox etikasız şəkildə yola saldılar. Yəqin ki, qarşılayarkən də buna bənzər şəbədə çıxarıblar.
Amma heç kim Ermənistan baş nazirinə çanta gətirilməsinin, o çantanın içində hansı mətləblərin olması “sirri”ni aça bilmədi. Ümumiyyətlə, həmin çanta özü də məktəbli çantasına bənzəyirdi və ümumən baş nazir vizyonuna yanaşmırdı.
– Onun birgə bəyanat zamanı “status”la bağlı dediklərini, münaqişənin hələ bitməməsi haqda bəyanatını Ermənistanın daxili auditoriyasına yönəlmiş mesaj kimi şərh etmək daha doğru olmazdımı?
– Bu açıqlama tamamilə Ermənistan ictimai rəyinə yönəlmişdi. Sadəcə olaraq daxili ictimai rəy üçün xal qazanırdı. Özü də bilirdi ki, bu məsələləri qapalı görüşdə deməkdənsə, mətbuata birgə bəyanat zamanı deyib hay-küy qaldırmaq daha yaxşı olar. Yəni, onun “status” barədə dedikləri süni təsir bağışladı. Bu nöqteyi-nəzərdən də rezonans doğurmadı.
– Sizcə, Ermənistanda mövcud olan hazırkı gərgin vəziyyətdən, ölkənin siyasi, iqtisadi, sosial, humanitar həyatının iflic vəziyyətdə olmasından çıxış yolu İrəvanın öz iddialarından əl çəkməsindən, fəaliyyətini bölgənin inkişaf perspektivinə hesablanmış və bütün region ölkələrinin mənafelərinə uyğun olan iqtisadi, kommunikasiya, əməkdaşlıq məsələlərinin reallaşdırılması istiqamətində qurmasından keçmirmi?
– Bəli, kommunikasiyaların açılması, bundan sonra ticarət əlaqələrinin və digər hər cür əlaqələrin yaradılması zənnimcə, Ermənistanda siyasi hərarəti bir xeyli aşağı salacaq. Hətta bir çox siyasi şərhçilər belə hesab edirlər ki, Ermənistanın baş naziri Moskvaya səfər etməklə Putindən bir növ əlavə kredit xalları aldı və daxili siyasi mövqelərini qismən möhkəmləndirdi.