Yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş nazir Nikol Paşinyan arasında görüş keçirilib. Üçtərəfli görüşün məqsədi 2020-ci il 10 noyabr bəyanatının icrası və görüləcək işlərlə bağlı olub. Görüşdə mövcud problemlərin aradan qaldırılması və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımlar müzakirə edilib.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Millət vəkili bildirib ki, 10 noyabr bəyanatının video-format şəklində imzalandığını nəzərə alsaq, Moskva görüşü müharibədən sonra üç ölkə liderinin ilk birbaşa təması idi:
"Azərbaycan Rusiyanın tərəfdaşlıq və mehriban qonşuluq jestlərini qiymətləndirərək görüşdə iştiraka razılıq verib. Ermənistan müxalifəti və Rusiyadakı erməni lobbisi isə görüşün pozulmasına çalışıraq Paşinyanı görüşə gəlməməyə çağırırdı. Paşinyan hökuməti erməni cəmiyyətinin itmiş nüfuzunu bərpa etmək üçün Moskva danışıqlarında maksimum nəticə əldə etmək iddisında idi. Bu, mümkün olmadıqda danışıqları pozmaq istəyi də vardı. Amma onlar “məqsədlərinə” nail olmadılar”. Moskva görüşündə 10 noyabr razılaşmasının 9-cu bəndi üzrə üçtərəfli işçi qrupunun yaradılması barədə razılıq əldə edildi. Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinlərinin rəhbərlik edəcəyi işçi qrup yanvarın 30-dək ilk iclasını keçirəcək. Bundan sonra fəaliyyət istiqamətləri üzrə ekspert alt qrupları yaradılacaq”.
Sevinc Fətəliyeva qeyd edib ki, 11 yanvar bəyanatında Azərbaycanın maraqları çərçivəsindən kənara çıxılmayıb:
“Azərbaycan hərb meydanında olduğu kimi diplomatik arenada da, müzakirələrdə də üstün mövqedədir. Bu qalibiyyəti güzəştə getmək niyyəti yoxdur. Prezident İlham Əliyevin görüşdən sonra verdiyi bəyanatda qeyd etdiyi kimi, kommunikasiyaların bərpası Azərbaycan, Ermənistan, Rusiya və digər region dövlətlərinin maraqlarına cavab verir. Beynəlxalq kommunikasiyaların bərpası regionun inkişafında dinamizm yaradacaq. Eyni zamanda etibarlı təhlükəsizliyə xidmət edəcək. Azərbaycan tərəfi qapalı görüşdə də istədiyinə nail olub. Ortaq bəyanatın mətni, humanitar və kommunikasiya məsələləri ilə bağlı üçtərəfli işçi qrupunun yaradılması bunu təsdiqləyir. Əgər Bakının şərtləri qəbul edilməsəydi, üçtərəfli əməkdaşlıq formatı olmayacaqdı”,
Deputat əlavə edib ki, Azərbaycan tərəfinin görüşdən əvvəl irəli sürdüyü bəyanatla təsbit olunmuş tələblər regional sabitliyə və təhlükəsizliyə xidmət edir:
“Bu, faktiki olaraq Mehri dəhlizi vasitəsilə Naxçıvana, daha sonra Türkiyəyə dəmir yolunun açılması üzrə işlərin başlaması deməkdir. Açılacaq kommunikasiya xətləri “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq. Azərbaycanın öz eksklavı olan Naxçıvanla qardaş Tükiyə ilə əlaqələri güclənəcək. Ölkəmizin geoiqtsadi əhəmiyyəti artacaq”.