18 Yanvar 2021 15:02
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın əldə etdiyi tarixi zəfəri şərtləndirən bir sıra mühüm əhəmiyyətli faktorlar var ki, onların da başında hər şeydən öncə lider və insan faktoru gəlir. Tarixi təcrübə də bugünkü ən yeni reallıqlarda bir daha təsdiq edir ki, qələbəni yalnız güclü iradəyə malik, qətiyyətli, heç nədən çəkinməyərək cəsarətli qərarlar qəbul edən, milli maraqları hər şeydən üstün tutmağı, bununla yanaşı həm də onu qorumağı bacaran liderlər qazana bilir. Azərbaycanın 44 günlük Vətən müharibəsi tarixində Azərbaycan xalqı öz liderində bütün bu keyfiyyətləri bir daha gördü.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

O qeyd edib ki, bunu təkcə Azərbaycan xalqı deyil, dost da, düşmən də - bütün dünya gördü:

“Azərbaycan əzilən, işğala məruz qalan, haqqı əlindən alınan xalqlara öz mübarizəsi ilə bir örnək oldu. Bütün dünyaya göstərdi ki, ədaləti, beynəlxalq hüququ necə bərpa etmək olar. Ancaq bunun üçün əlbəttə, milli gücün ümumilikdə məqsədyönlü şəkildə səfərbər olması şərti də var ki, bu da yenə əsas etibarilə insan faktoru ilə bağlıdır. Məsələ ondadır ki, Azərbaycan xalqına bu tarixi zəfəri qazandıran Azərbaycan əsgəri Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetişdirdiyi gənclərdir. Bu iki mühüm faktor əslində həm də milli həmrəyliyimizi təmin edən komponentlərdir. Heydər Əliyev məktəbi ənənələrindən gələn dəyərlər əsasında 2003-cü ildən sonra yeni idarəçiliyin tətbiq olunması ilə ölkəmizdə tamamilə yeni mənəvi və intellektual əsaslarda yeni nəsil yetişdirildi ki, burda iştirak edən başlıca mənəvi komponentlər isə vətənpərvərlik, cəsurluq və mənəvi dəyərlərimizə sahib çıxma duyğuları idi. 2003-cü ildə 10-15 yaşında olan gənclər məhz bu idarəçilikdə və bu dəyərlər əsasında tərbiyə edilərək artıq 2020-ci ildə Vətən savaşına qatılan 27-32 yaşlı qəhrəmanlara çevrildilər. Vətən müharibəsinin taleyini təyin etdilər, düşmənə tarixi dərs verdilər. Məhz onlar əlbəyaxa döyüşdə rəşadət, şücaət, cəsarət nümayiş etdirərək Şuşamızı azad etdilər. Bu, dünya hərb tarixinə keçən ən nadir qəhrəmanlıq nümunələrindən biri idi”.

Bununla yanaşı Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycanda gənclər də, orta nəsil nümayəndələri də, yaşlılar da eyni əzm, eyni coşqu ilə Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbəmiz üçün əllərindən gələni ediblər:

“Bu isə əslində milli birlik və bərabərliyimizin, xalq olaraq Ali Baş Komandan, Prezident İlham Əliyev ətrafında yumruq kimi birləşməyimizin göstəricisi idi. Məhz bu yumruq milli birliyimizin və gücümüzün simvoluna çevrildi. Dəmir yumruq düşmənin başını əzdi, belini qırdı. Bu günlərdə Azərbaycan Prezidenti və Birinci vitse-prezidentin Şuşaya səfər etməsi, oradan yenidən dosta və düşmənə mühüm mesajlar verməsi hər bir azərbaycanlının qəlbini iftixar və qürur hissi ilə doldurdu”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər