Xəzəryanı ölkələr arasında geniş əməkdaşlıq münasibətləri mövcuddur. Bu platformanın yaradılmasında və funksionallığının təmin olunmasında Azərbaycanın rolu əvəzsizdir. Azərbaycan Xəzərdə dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitliyin formalaşmasına böyük səy göstərib. Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs ölkəmizdən gəlib. 2018-ci ildə "Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiyanın imzalanması buna nümunədir.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
O bildirib ki, Azərbaycan Xəzərin karbohidrogen resurslarının qarşılıqlı əməkdaşlıq çərçivəsində işlənməsi istiqamətində ilkə imza atıb:
“Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanıb. Transmilli şirkətlər Xəzərdə neft yataqlarının işlənməsi, hasilatı və pay bölgüsündə iştiraka cəlb olunub. "Əsrin müqaviləsi" aparıcı neft şirkətlərinin və xarici investisiyaların cəlb edilməsi üzrə çox mühüm siyasi addım olub. Bununla Xəzərdə beynəlxalq əməkdaşlığa yol açılıb. "Əsrin müqaviləsi"ndən sonra Xəzərin resurslarının işlənməsinə dair yeni kontraktlar imzalanıb. Hazırda əksər region dövlətləri, Avropanın ayrı-ayrı ölkələri enerji təhlükəsizliyi naminə bu təşəbbüsdə aktiv rol alıb.”
Millət vəkilinə görə, Azərbaycanın "Kəpəz", Türkmənistanın isə "Sərdar" adlandırdığı “Dostluq” yatağı zəngin neft-qaz ehtiyatlarına malikdir:
“Cənab Prezident neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının yüksəldilməsinin anonsunu etmişdi. "Dostluq" yatağının işlənməsi üzrə memorandumun dövlət başçısının mesajı təsdiqini tapdı. Layihə Azərbaycanın neft-qaz sənayesinin perspektiv inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl infrastrukturu, ixrac kəmərləri vasitəsilə daşınacaq. Neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi önəmi artacaq. Azərbaycanla Türkmənistan arasında energetika, nəqliyyat-kommunikasiya və əlaqələrin möhkəmləndirilməsi yeni mərhələyə keçəcək”.
Sevinc Fətəliyeva layihənin beynəlxalq və regional əhəmiyyətinə də toxunub:
“Memorandumun imzalanması Xəzərdə bütün məsələlərin dialoq və əməkdaşlıq mühitində həllini göstərdi. Regiona enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə xarici investorlar cəlb olunacaq. Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsinə yeni imkanlar yaranacq”.