28 Yanvar 2021 09:14
1 580
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Xarici işlər naziri Cavad Zərifin son günlər qonşu ölkələrə səfəri və danışıqlar aparması gündəmdə olan vacib məsələlər sırasındadır. İranın baş diplomatı Cavad Zərifin Bakıdan başlayan səfəri, Moskva və İrəvanı əhatə etməklə Ankarada yekunlaşacaq. Böyük təcrübə mənbəyi olan İran diplomatiyasının bu səfərlərlə hansı nəticələr əldə etməyi hədəflədiyi və qonşu ölkələrə hansı təkliflərlə getdiyi dünya və bölgə ilə yaxından maraqlanan siyasi ekspertlərin diqqətini çəkməyə bilməz.

Teleqraf.com mövzu ətrafında Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli ilə müsahibəni təqdim edir:

- Tahir bəy, İranın Xarici işlər naziri Cavad Zərif Bakı, Moskva, İrəvan təmaslarını sabah Ankarada keçirəcəyi görüşlərlə başa vuracaq. İran rəsmisinin Qarabağ müharibəsindən sonra qonşu ölkələrə səfərinin məqsədi nədir?

- Bölgədə Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi var və bu yaxınlarda fəaliyyətə başlayacaq. Buna baxmayaraq Türkiyə sülhyaratma missiyasında iştirak etmədi. Ancaq Qarabağ münaqişəsi ilə bağlı əvvəldən-sonuna qədər Rusiya-Türkiyə tandemi görünür. Yəni Türkiyə və Rusiyanın bu prosesdə iştirakı yüz faizdir. Amma İran bu məsələdən kənarda qalıb, ola bilsin ki, buna görə narahatçılığı var. Əvvəla, döyüşlər başlayanda İran bir müddət seyirçi mövqedə qaldı, sülh çağırışları, problemin hərbi yolla həll edilməməsi haqda açıqlamaları oldu. Əslində bunlar Azərbaycanın xeyrinə deyildi. Çünki biz artıq əks-hücum əməliyyatı qərarını qəbul etmişdik və ərazilərimizi separatçı-işğalçılardan təmizləyirdik. Biz qalib gəldikdən sonra İran tərəfi Azərbaycanın qələbəsini qəbul etdi. Hörmətli Zərif Bakıda olarkən Azərbaycan Prezidentini qələbə münasibəti ilə təbrik etdi. Məncə, onlar düşünür ki, bu prosesdə Rusiya və Türkiyə ilə yanaşı, İran da iştirak etməlidir. Əlbəttə, İran böyük dövlətdir, müharibənin müəyyən hissəsi onun sərhədləri yaxınlığında baş verib. İran bunu əsaslandırmağa çalışır. Bəli, zamanında İran narahatlıq keçirirdi ki, birdən Avropadan, ABŞ-dan sülhyaratma qüvvələri gəlib onun sərhədinə yaxın ərazidə yerləşər. İndi rus sülhməramlıların bölgəyə gəlişi yarımçıq olsa da, İranı təmin edir. Özü iştirak eməsə də, sevinir ki, Qərb sülhməramlıları bura gəlmədi. Belə olan təqdirdə prosesin ölkə sərhədlərinin yaxınlığında baş yerdiyini nəzərə alaraq, Qarabağda quruculuq işlərindən iştirak etmək istəyir. Əslində, bu Azərbaycan tərəfini təmin edir. O mənada ki, orada investisiya qoyuluşu, işlərin aparılmasında İran iştirak etsin. Eləcə də altıtərəfli dəmir və avtomobil yollarının açılması, Mehri dəhlizinin işləməsi. Bu həm də İran-Ermənistan yolunun açılması, üstəlik İranın Gürcüstan və Rusiyaya çıxışının asanlaşdırılması deməkdir. Məncə, bu konteksdə iqtisadi məsələlər müzakirə edilir.

- Sizcə, burada İranın açıq elan etmədiyi pərdəarxası siyasi istəkləri varmı?

- Əlbəttə, ola bilsin ki, siyasi istəkləri də var. Mümkündür ki, İran Türkiyə və Rusiya ilə yanaşı prosesdə iştirak etmək, məsləhətləşmələrdə, qərarların qəbulunda təmsil olunmaq niyyətini ortaya qoysun. Amma reallıq budur ki, İran bu proseslərdən kənarda qaldı. Yuxarıda qeyd etdiyim kimi, hadisələrin ilk dövründə faktiki müşahidəçi mövqedə qalmışdı.

- İran bu prosesə hansısa formada töhvə verə bilər?

- Düşünürəm ki, töhfə verə bilər. Bildiyiniz kimi Zərif qeyd etdi ki, Arazın hər iki tərəfi soydaşlarımızdır. Həqiqətən İranda Şərqi Azərbaycan, Eləcə də Qərbi Azərbaycan ostanı bizimlə həmsərhəddir və yaxınlığı var. Elə Gilan ostanı da bizə yaxındır. Başqa sözlə, Təbrizdən, Ərdəbildən, Urmiyadan insanların bura ilə yaxın əlaqələr qurmaq istəyi gözləniləndir. Soydaşlıq var, dil problemi yoxdur və s. Bu baxımdan töhfə verə bilərlər.

Amma sözsüz ki, Azərbaycan bəzi məsələlərdən narahatlığını ifadə edib. Nümunə kimi qeyd edim ki, cənab Prezident Şuşada olarkən məscidlə bağlı narahatlığını ifadə etmişdi. Gizli deyil ki, o zaman İran şirkəti Azərbaycandan razılıq almadan gedib altı ay müddətində Şuşada məscidi təmir etdi və adını da İran məscidi qoydu. Əlbəttə, belə hallar bizə ziyandır və bunu İran rəsmiləri də bilməlidir. Bu baxımdan İranın quruculuq işlərində iştirakına imkan vermək olar, amma siyasi məsələlərə ciddi nəzarətdə olunmalıdır ki, xüsusilə bizim dövlət suverenliyimizlə bağlı bəzi xoşagəlməz hadisələr təkrarlanmasın.

- Rusiya və Türkiyə İranın bu prosesdə iştirakında maraqlıdırmı?

- Hesab edirəm ki, Rusiya birmənalı olaraq maraqlı deyil. Nazir Sergey Lavrov çıxışlarının birində açıq bəyan etdi ki, İran bu illər ərzində heç vaxt Dağlıq Qarabağ münaqişəsinə dair təşəbbüslə çıxış etməyib. Yəni bu, o deməkdir ki, İranın "mən niyə bu prosesdə yoxam”, - deyib narazılıq etməsi əsassızdır. Lavrov belə əsaslandırdı. Deməli, Rusiya bunda maraqlı deyil. Sözsüz ki, İranın bu məsələdə Azərbaycanla yaxınlıq etməsi, həm də Rusiyanın səlahiyyət payının azalması anlamına gəlir. İran burada nə qədər çox iştiak etsə, bir o qədər Rusiyanın iştirak payından alır. Bu mənada ruslar İranın siyasi proseslərdə iştirakını istəmirlər.

Türkiyə məsələsi başqa cürdür. Türkiyə məsələsində Azərbaycan xalqının istəyi və prezidentin mövqeyi rol oynayıb. Təbii ki, Rusiya Türkiyənin də bu prosesdə iştirakını istəməzdi. Amma Azərbaycan xalqı Türkiyənin burada iştirakını o qədər arzu edirdi ki, bunu ruslar qəbul etməli oldu. Sözsüz ki, Türkiyə fəaliyyətini, Azərbaycan dövləti ilə qardaşlıq siyasətini davam etdirəcək. Əlbəttə, mənim şəxsi qənaətimə görə, Türkiyə İranla haradasa əməkdaşlıq edə bilər. Çünki İranda bəlli qüvvələr belə düşünür ki, Türkiyə Cənubi Azərbaycanda, İran sərhədlərində möhkəmlənməsini artırır və bu, gələcəkdə başqa hərəkətlərə səbəb olar bilər. Xüsusilə, Prezident Ərdoğanın Qələbə paradı zamanı oxuduğu şeirə necə reaksiya verdikləri hər kəsin yadındadır. Bu mənada İranda narahatlıq var. Amma Türkiyənin Azərbaycan xalqı tərəfindən qəbul edilməsi o qədər yüksəkdir ki, İranın burada hətta iştirakı belə ona narahatlıq yarada bilməz.

- Ermənistan necə, İranın bu prosesdə iştirakını arzu edirmi?

- Fikrimcə, ermənilər bunda maraqlıdır. Baxmayaraq ki, İran əhalisinin çox hissəsi azərbaycanlı türklərdən ibarətdir, İran ən çətin dövrdə belə Ermənistanla qonşuluq münasibətlərindən imtina etmədi. Yəni Ermənistanla əlaqələrin qurulmasında İran maraqlı olub. Təbbi ki, ermənilər də İranın burada olmasını arzu edər. Sadəcə Ermənistanda hakimiyyətdə müəyyən qərbpərəst şəxslər var ki, onlar ABŞ-ın İrana soyuq münasibətinə görə, İranla əməkdaşlıqda maksimum dərinliyə getməkdən çəkinirlər. Fikrimcə, erməni hökuməti bu mərhələdə Baydenin İranla bağlı siyasətini izləyəcək və buna uyğun olaraq İrana münasibət göstərəcək.

- Belə demək olarmı ki, İran proseslədə fəal iştirak etmək istəyir, amma qapılar ona bağlıdır. Bunun səbəbi də müharibə dövründə onun kənarda durmasıdır...

- İran şübhəsiz ki, iqtisadi məsələlərdə, Qarabağın quruculuğunda iştirak etmək istəyir. Azərbaycan tərəfi də bunda problem görmür. Hətta başqa ölkələr bunu istəməsə belə. Lakin hərbi-siyasi proseslər başqa mövzudur və böyük dövlətlərin özü də İranın iştirakını arzu etmir.

- Ermənistan Xarici işlər naziri Ara Ayvazyan Cavad Zəriflə görüşündə açıq bəyan edib ki, Azərbaycanın Qarabağ cəbhəsində həyata keçirdiyi hərbi əməliyyatlar regionda qalıcı sülhə fürsət yaratmır. Bununla İrəvan tərkibi region ölkələri olan altılığın əməkdaşlığına qarşı çıxmırmı?

- Əvvəla, İran region dövlətlərinin əməkdaşlığında maraqlıdır. Bu platforamanı da Azərbaycan irəli sürüb. Hesab edirəm ki, İran hətta əməkdaşlıq məsələsində rəsmi İrəvanı dilə tutmağa çalışacaq. Bundan Ermənistanın özü də xeyir götürəcək. Əlbəttə, İrəvanda bilirlər ki, Türkiyə, İran, Rusiya kimi böyük dövlətlər kommunikasiyalar açıldıqdan sonra daha çox fayda götürəcək. İran Ermənistana başa salacaq ki, kiçik dövlət olsalar belə, çox fayda götürəcəklər. İran və Rusiya ilə dəmiryol əlaqəsi olacaq, blokadadan çıxacaqlar.

Əlavə edim ki, gələcəkdə İran Naxçıvandan Ermənistanın qərb hissəsinə keçməklə Qara dənizə çıxış yollarını da arzu edir. Eləcə də dəmir yolu vasitəsilə Naxçıvandan keçməklə Qars istiqamətində çıxmaqda maraqlıdırlar. Çünki bunların hamısı faydalı yollardır. Söhbət təkcə şimal-cənub dəhlizindən getmir. Bu dəhlizlə yanaşı, yeni yollar İranın sanksiyalara qarşı müqavimətini artıra bilər. Ona görə düşünürəm ki, İran Ermənistanı dilə tutmağa çalışacaq.


Müəllif: Nemət Orucov