Teleqraf.com-un suallarını “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev cavablandırıb. Onunla müsahibəni təqdim edirik.
– Aydın müəllim, Prezident İlham Əliyev fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak etdikdən, yeni tibb müəssisəsində yaradılan şəraitlə tanışlıqdan sonra Azərbaycan Televiziyasına geniş müsahibə verib. Dövlətimizin başçısı müsahibə zamanı ölkə və cəmiyyət həyatının bir sıra aktual məsələlərinə münasibət bildirib, həmçinin, dünyada koronavirus vaksinasiyası ilə bağlı gedən proseslərə dair fikirlərini aydın və cəsarətlə ifadə edib. İstərdik söhbətimizə dövlət başçımızın işğaldan azad edilmiş ərazilərdə bir sıra qurumların razılaşdırılmadan nümayəndəliklərinin açılacağına dair səsləndirdiyi tənqidi fikirlərdən körpü salaq...
– Prezident İlham Əliyev müsahibə zamanı Azərbaycan ictimaiyyətinə, beynəlxalq dairələrə və ölkəmizdəki bir sıra yuxarı ranqlı məmurlara bir sıra maraqlı mesajlar verdi. Həmin mesajlar içərisində sözsüz ki, daxili siyasət baxımından iri məmurlara verilən mesajlar daha diqqətçəkicidir. Əminəm ki, bu mesajlar ictimaiyyətin də diqqətini xeyli dərəcədə cəlb edib və uzun müddət müzakirə olunacaq. Məmurlara verilən mesajların mahiyyəti ondan ibarətdir ki, ölkədə bəzi hallarda müşahidə olunan məmur özbaşınalığının və xüsusilə müəyyən layihələrin həyata keçirilməsində özbaşına davranışların dövrü artıq bitib. Hər kəsin öz bildiyi kimi davranması, öz şəxsi mülahizələrinə uyğun müəyyən layihələrin həyata keçirilməsi təşəbbüsü ilə çıxış etməsi yolverilməzdir. Bu nöqteyi-nəzərdən cənab prezident xüsusilə iri məmurlara bir daha xatırlatdı ki, azad edilmiş ərazilərdə müəyən layihələrin həyata keçirilməsi hər bir məmurun özünün şəxsi maraq prinsiplərinə, yaxud özünün şəxsi zövqünə və ya şəxsi planlarına uyğun həyata keçirilə bilməz. Azad edilmiş ərazilərdə müəyyən sosial, iqtisadi, infrastruktur, dövlətin suveren hakimiyyətinin bərpa olunması kontekstində müəyyən layihələrin icrası, yaxud qurumların nümayəndəliklərinin açılması hər kəsin şəxsin mülahizələrinə uyğun yox, vahid dövlətçilik prinsipi əsasında həyata keçiriləcək və keçirilməlidir. Bu kontekstdə cənab prezidentin məmurlara verdiyi mesajlar həm də tərbiyəvi əhəmiyyətlidir. Yəqin ki, bundan digər məmurlar da nəticə çıxaracaqlar. Bir daha əmin olacaqlar, bu qənaətə gələcəklər ki, azad edilmiş bölgələrdə iri məmurların davranışı özbaşınalıq prinsipinə söykənə bilməz. Bu, dövlətin vahid bərpa proqramı əsasında və dövlət başçısının tövsiyyələrinə uyğun olmalıdır. Yalnız bu halda işğaldan azad edilmiş bölgələri, xüsusilə də Şuşanı nəinki Azərbaycanın, bütövlükdə regionun mədəniyyət paytaxtına çevirə bilərik.
– Azərbaycan Prezidenti tərəfindən işğaldan azad olunmuş ərazilərdə yaradılmış xüsusi idarəetmə strukturu modelinin məhz bu və digər neqativ halların qarşısının alınmasında, səmərəli və operativ idarəetmənin həyata keçirilməsində mühüm rol oynayacağını söyləyə bilərikmi?
– Xüsusi nümayəndəlik institutunun yaradılması, cənab prezidentin işğaldan azad edilmiş rayonlarda xüsusi nümayəndələrinin təyin olunması yerli icra hakimiyyətləri və idarəetmə sistemində tamamilə yeni bir addımdır. Mən bunu təqdir edirəm. Nəzərə alsaq ki, xüsusilə son 5 ildə icra hakimiyyətləri sistemində çox böyük neqativ hallar meydana gəldi. Açıq deməliyik ki, dövlət başçısı ilə cəmiyyət arasındakı münasibətlərdə bizi narahat edən müəyyən təzahürlərin də yaranmasına gətirib çıxardı. Belə vəziyyətdə azad olunmuş rayonlarla bağlı xüsusi idarəetmə sisteminin yaradılması prinsipial əhəmiyyətlidir. Düzdür, cəmiyyətdə və ekspertlər arasında bununla bağlı şərhlər var. Hətta bunu cənab prezidentin icra hakimiyyətləri sisteminə inamının müəyyən qədər aşağı düşməsi, inamsızlığının təzahürü kimi yozanlar da var. Sözün açığı, mən indiki icra hakimiyyətləri sisteminə cənab prezidentin inamsızlığı mühakiməsi ilə müəyyən qədər razılaşıram. Çünki əgər bəzi icra hakimiyyətləri yetim-yesirin maaş kartına da göz dikirsə, rayonlarda təmir-bərpa işləri üçün dövlət büdcəsindən ayrılan vəsaitləri də mənimsəyirlərsə, onların bəzilərinin evlərindən “KamAz”la dolu pullar çıxdısa, cənab prezidentin belə şəraitdə icra hakimiyyətlərinjə inamının tam mənada özünü göstərməsi mümkünsüzdür. Buna görə də mən şəxsən o fikirlə şərikəm ki, cənab prezidentin icra başçılarına inamı müəyyən qədər zəifləyib. Belə olan şəraitdə işğaldan azad edilmiş rayonlarda yeni idarəçilik sisteminin tətbiq olunması tamamilə əsaslıdır. Buna görə də xüsusi nümayəndələr cənab prezidentin etimadını doğrultmaq üçün çox böyük işlər görməlidirlər. Mən də şəxsən xüsusi nümayəndələrdən çox şey gözləyirəm. Onlar özlərini icra hakimiyyətləri başçılarından tam fərqli şəkildə nümayiş etdirməlidirlər. Hətta mümkündür ki, xüsusi nümayəndələr özlərini tam şəkildə doğrulda bilsələr, həmin ərazilərdə icra hakimiyyətləri sisteminin formasına və qalıb-qalmamasına nə vaxtsa, baxmaq mümkün olsun. Ona görə də mən yeni idarəetmə sistemini, xüsusi nümayəndəlik institutunu təqdir edirəm.
– Prezident İlham Əliyevin müsahibəsində bir məqam da diqqəti xüsusi cəlb etdi. Dövlət başçımız bildirdi ki, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik, erməni vəhşiliyini məhv etmişik. Biz bölgəmizi faşist ideologiyasından tam xilas etməsək də onun böyük hissəsini məhv etmişik. Buna görə bizim şanlı Qələbəmiz bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır. Cənab İlham Əliyev, həmçinin, bildirdi ki, erməni faşizmi ən qəddar, ən təhlükəli, ən mənfur, ən çirkin ideologiyadır və biz bu ideologiyanı məhv etdik. “Hesab edirəm ki, illər keçdikcə bizim bu tarixi xidmətlər dünya tərəfindən daha da dolğun şəkildə dərk ediləcək. O cümlədən erməni xalqı vaxt keçəcək, bizə minnətdar olacaq ki, biz onları bu bəladan xilas etmək istədik. Ümid edirəm ki, onlar xilas olunacaqlar. Əks-təqdirdə, Ermənistan dövlətinin dövlət kimi gələcəyi çox böyük şübhə altında olacaq”, – deyə dövlət başçımız qeyd edib. Bu istiqamət üzrə cənab prezident tərəfindən səslənən fikirlərin mahiyyətinin açılmasını istərdik...
– Erməni faşizminin klassik faşizmdən – alman faşizmindən bir fərqi var. Bu da ondan ibarətdir ki, alman faşizmi açıq-aşkar işğalçılıq siyasəti aparırdı və işğalçılıq siyasəti apardığını, faşizm ideologiyasını bütün dünyaya yayamaq istədiyini açıq bəyan edirdi. Amma bundan fərqli olaraq erməni faşizmi işğalçılıq siyasətinin mahiyyətini dünyadan mümkün qədər gizlətməyə çalışdı və 30 il bu siyasəti davam etdirdi. Qalan bütün məsələlərdə – tarix-mədəniyyət abidələrinin məhv edilməsi, dinc insanların öldürülməsi, hərbi əsirlərə və mülki girovlara qeyri-humanist münasibət göstərilməsi, işğal olunmuş torpaqların yandırılması, onun etnik tərkibinin dəyişdirilməsi, ekoloji mühitinin məhv edilməsi və digər istiqamətlərdə erməni faşizmi alman faşizminin oxşarıdır. Bu mənada Azərbaycan Prezidenti tamamilə haqlıdır ki, biz bölgəmizi faşist ideologiyasından xilas etmişik.
Erməni faşizminin məhv edilməsinə bir neçə mərhələdə yanaşmaq lazımdır. Birincisi, erməni faşizmi Azərbaycan miqyasında məhv edilib. Yəni, onun özünü Azərbaycan torpaqlarının göstərməsinin məhv edilməsi prosesidir. Torpaqlar işğaldan azad edildi, qondarma “dqr” deyilən rejimin varlığına artıq son qoyulmaq üzrədir. Azərbaycana dəymiş ziyanlar hesablanır. İkincisi, bölgədə erməni faşizminin təzahürlərinin məhv edilməsi artıq faktdır. Çünki artıq bölgə dövlətləri də erməni faşizminin nə qədər təhlükəli olduğuna diqqət yetiriblər. Üçüncüsü, dünya miqyasında erməni faşizminin məhv edilməsi istiqaməsində atılan addımlar məhz Azərbaycan dövlətinin və cənab prezidentin xidmətləridir. Çünki alman faşizmi nümayəndələrinin əlaltılarının qəhrəmanlaşdırılması, populyarlaşdırılması kimi Ermənistanın dövlət siyasətinin bütün dünyada ifşa edilməsi məhz Azərbaycan dövlət başçısının xidmətidir. Vaxt var idi ki, dünya ictimaiyyəti İrəvanda nasistlərin əlaltısı Qaregin Njdenin heykəlinin qoyulmasına o qədər də əhəmiyyət vermirdi, amma Azərbaycan Prezidenti bu məsələni bir neçə dəfə mötəbər tribunalarda qaldırdıqdan sonra dünyanın bir sıra dövlətlərinin rəsmi strukturlarında bu məsələdən narahatlıq ifadə edilməyə başlandı. Bildirildi ki, Ermənistan faşizmin və nasist canilərin populyarlaşdırılması ilə məşğuldur. Ona görə də Azərbaycan Prezidentinin erməni faşizminin məhv edilməsi ilə bağlı dedikləri tam həqiqətdir, reallıqdır. Bu, erməni xalqı da daxil olmaqla tərəqqipərvər bəşəriyyətin mənafelərinə tam uyğundur və onun məhv edilməsi Azərbaycan, regional və dünya miqyasında olmaqla üç mərhələdə davam etdi. Bu mənada erməni faşizminin məhvini həqiqətən həm də erməni xalqının özünün bir nicat yolu kimi qiymətləndirmək lazımdır. Cənab prezident bunu aydın ifadə etdi və erməni xalqına mesaj verdi ki, mən təkcə Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf 7 rayonunu yox, həm də sizi erməni faşizminin əsarətindən xilas etmək kimi bir addım atmışam.
– Azərbaycan Prezidentinin müsahibəsini böyük bir qismi ölkəmizin koronavirus pandemiyası ilə mübarizəsi, ölkəmizdə və dünyada aparılan vaksinasiya prosesi ilə bağlı idi. Dövlət başçımız hesab etdiyini bildirdi ki, Azərbaycanın bütün bölgələrində ən müasir standartlara cavab verən xəstəxanaların tikilməsi proqramı bütövlükdə artıq başa çatmaq üzrədir. Çünki ölkəmizin bütün bölgələrində xəstəxanalar fəaliyyət göstərir. Son 17 il ərzində 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da ki, əsaslı şəkildə təmir edilib. Ölkəmizdə son 17 ildə müasir səhiyyə infrastrukturunun yaradılmasının, keyfiyyətli tibb xidmətinin təşkilinin pandemiya ilə mübarizədə əhəmiyyəti barədə nələri qeyd edə bilərsiniz?
– Dövlət başçımız Azərbaycanın timsalında koronavirusla mübarizədə “Azərbaycan modeli”ni yaratmaqda davam edir. Pandemiyanın başlanğıcında göstərdiyimiz nümunələri bu gün vaksinasiya prosesində göstərməkdə davam edirik. Birincisi, Azərbaycan pandemiya ilə milli miqyasda ölkəmizə xas və həm də çox səmərəli modelini tətbiq edə bilib. İlk dəfə olaraq bütün başqa ölkələrdən fərqli şəkildə ölkənin qapanması, ölkədə bütün səhiyyə sisteminin mövcud potensialının və infrastrukturunun pandemiya ilə mübarizədə səfərbərliyə alınması, ölkə daxilində məhdudiyyətlərin tətbiq olunması, ölkəyə giriş-çıxışın məhdudlaşdırılması və digər atılan addımlar Azərbaycanı həqiqətən də pandemiya ilə mübarizədə milli model yaratmış ölkə kimi dünyaya tanıtdı. Nəticə göz qabağındadır: biz başqa ölkələrlə müqayisədə nisbətən az itki ilə koronavirus bəlasını neytrallaşdıra bildik. İkincisi, dünyada pandemiya ilə mübarizəyə bir dövlətin töhfə verməsi baxımından da cənab İlham Əliyev Azərbaycan nümunəsini ortaya qoydu. Yəni, ilk dəfə olaraq koronavirusla mübarizə üçün beynəlxalq səylərin birləşdirilməsi modeli təklif olundu. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının zirvə görüşündə cənab İlham Əliyev dünyada koronavirusla mübarizə üçün BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Yəni bu, əslində pandemiya ilə mübarizədə dünya dövlətlərinin səylərinin birləşdirilməsi kimi çox vacib olan bir çağırış idi. Nə qədər əhəmiyyətli çağırış idisə, BMT sistemində buna dərhal reaksiya verildi və bir neçə aylıq hazırlıqdan sonra ötən ilin dekabrın 4-də BMT-nin sayca 35-ci xüsusi sessiyası keçirildi. Bu sessiyanın effekti göz önünüdədir.
Bundan əlavə cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünya ölkələri arasında vaksinlərin ədalətli bölüşdürülməsi ilə bağlı COVAKS təşəbbüsünə ilk qoşulan ölkələrdəndir. Bu da öz səmərəsini verir. Sonra Azərbaycan koronavirusla mübarizədə dünya dövlətlərinə maliyyə yardımı göstərən azsaylı ölkələrdən biri oldu. Bu yardım özünü həm Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü ianə verilməsi, həm də 30-dan çox ölkəyə maliyyə və humanitar yardımın göstərilməsi şəklində nümayiş etdirdi. Beləliklə, Azərbaycan dünyada da koronavirusla mübarizəyə özünün real, praktik töhfəsini verdi. Bir sözlə, Azərbaycan həm ölkə daxilində pandemiya ilə mübarizənin yeni, effektiv modelini yaratdı, həm də dünya miqyasında koronavirusla mübarizəyə özünün real töhfəsini verdi. Nəticə bundan ibarətdir ki, Azərbaycan həqiqətən koronavirusla mübarizədə ən az itki verən ölkələrdən biri kimi bu gün ortada görünməkdədir.
– Vaksinasiya məsələsi ilə bağlı hazırda dünyada hökm sürən vəziyyət, vaksinlərin qeyri-ədalətli bölünməsi, aparıcı ölkələrin bu prosesdən maksimum faydalanması və dünyanın əksər ölkələrinin vaksinasiyadan kənarda qalması istiqamətində də fikirlərinizi bilmək istərdik. Dövlət başçımız da bununla bağlı olduqca maraqlı fikirlər səsləndirdi. “Bu, sadəcə olaraq, bu xəstəliklə bağlı olan məsələ deyil. Bunun çox dərin kökləri var və bu, təsadüfi deyil. Çünki bu dərin köklər bizi müstəmləkəçilik dövrünə aparır. Amma elə bil ki, biz neomüstəmləkəçilik dövrünü qeyri-rəsmi müşahidə edirik, yaxud da ki, elan edilməmiş müstəmləkəçilik, bunun başqa adı yoxdur”, – deyə cənab İlham Əliyev qeyd etdi. Belə çıxır ki, müstəqil Qana Respublikasının ilk prezidenti, Qoşulmama Hərəkatının yaradılmasının təşəbbüskarlarından biri, panafrikanizm ideologiyasının yaradıcısı, görkəmli siyasi xadim Kvame Nkrumanın “Neomüstəmləkəçilik imperializmin son mərhələsi kimi” kitabı ilə 1960-cı illərdə siyasi leksikona gətirdiyi neomüstəmləkəçilik XXI əsrin ikinci onilliyində də aktualdır?
– Həqiqətən də Prezident İlham Əliyevin bu istiqamətdə dedikləri dünyanın böyük, inkişaf etmiş ölkələrinin vaksinasiya ilə bağlı yürütdüyü siyasətə dair çox cəsarətli çıxış kimi dəyərləndirilə bilər. Əslində bu cəsarətli çıxış mahiyyət etibarilə bəzi dünya dövlətlərinin bu gün apardığı yaramaz və yolverilməz siyasətin tutarlı faktlarla ifşa çıxışı idi. BMT Baş Assambleyasının koronavirusla bağlı xüsusi sessiyasında Prezident İlham Əliyevin çıxışına yenidən baxmaq kifayətdir ki, orada dövlət başçımızın əslində ilkin mesajlarını verdiyini görə bilərik. Dövlət başçımız qeyd etmişdi ki, bəzi dünya dövlətləri pandemiya ilə mübarizədə özlərindən asılı olan heç də hər şeyi etmirlər. Öz potensiallarını tam ortaya qoymurlar. Əksinə, bu mübarizədən yararlanmaq və irəli düşmək siyasətini gizli şəkildə aparmaqdadırlar. Prezident bunu BMT Baş Assambleyasının xüsusi sessiyasında eyhamlar formasında bildirmişdi. Xüsusilə, dünyanın böyük dövlətlərinin öz potensiallarını axıradək ortaya qoymadıqlarını açıq şəkildə söyləmişdi. Çox təəssüf ki, bundan lazımi nəticələr çıxarılmadı. Yaxud, əgər dünyanın özünü böyük, güclü hesab edən dövlətləri cənab İlham Əliyevin vaksinlərin ədalətli şəkildə bölüşdürülməsi ilə bağlı aylar öncə etdiyi ilkin çağırışlara lazımi diqqəti göstərmiş olsaydılar, bu gün vaksinasiya ilə bağlı dünya dövlətlərinin bir çoxunda narahatlıqlar olmazdı. Nəhayət, dünən Azərbaycan Prezidenti məcbur qalaraq bəzi dövlətlərin siyasətinin mahiyyətini artıq konkret rəqəmlərlə ifşa etmək və göstərmək formasında nümayiş etdirdi. Həqiqətən dünyanın böyük dövlətləri cənab İlham Əliyevin dediyi kimi kasıb ölkələrə vaksinlərin alınaraq paylanması yolunu tutmuş olsaydılar, bu daha ədalətli olardı, nəinki cəmi 38 milyon əhalisi olan Kanadanın 154 milyon əhali üçün vaksin sifariş etməsi... Bu nə deməkdir? Bu, ölkənin tələbatı olan vaksindən 5 dəfə artıq sayda vaksinin alınıb anbarlara yığılması və sonra onun bazar predmeti kimi gəlir obyektinə çevrilməsindən başqa bir şey deyil. Ona görə də dünyanın iri dövlətləri, bəzi hallarda dünyanın taleyi, sülh, təhlükəsizlik üçün məsuliyyət daşıdığını yekə-yekə bəyan edən ölkələr cənab İlham Əliyevin bu çıxışından nəticə çıxarsınlar və təkcə təhlükəsizlik və sabitlik məsələsində yox, kasıb ölkələrin vaksinə olan tələbatı məsələsində də öhdəlik altında olduqlarını gərək qəbul etsinlər. Qəbul etsinlər ki, kasıb ölkələrin vaskin almaq imkanlarının sonadək olmaması dünya üçün bir təhlükəsizlik problemidir. Tutaq ki, ABŞ-ın öz əhalisinə yetəcək qədər vaksin almaq gücünə malik olması hələ məsələnin hamısı demək deyil. ABŞ-la qonşu Meksikada, yaxud Karib hövzəsində bir ölkədə milyonlarla insanın vaksinə çatmaq problemi ola bilər. Əgər onlar vaxtında lazımi dozada vaksin ala bilməsələr, onlar artıq Amerika üçün bir təhlükə mənbəyidir. Ona görə də cənab İlham Əliyevin xüsusilə vaksinlərin ədalətlə bölüşdürülməsi məsələsində etdiyi çıxışların, gətirdiyi ifşaedici rəqəmlərin çox böyük əhəmiyyəti var və dünya dövlətləri buna çox ciddi yanaşmalıdırlar.