3 Fevral 2021 09:41
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad olunmuş ərazilərdə Prezident İlham Əliyev tərəfindən yaradılan xüsusi idarəetmə strukturu qarşısında mühüm vəzifələr dayanır. Qurumun əsas fəaliyyət istiqaməti bütün neqativ halların qarşısının alınması, səmərəli və operativ idarəetmə həyata keçirilməsindən ibarətdir. Prezident İlham Əliyev bərpa prosesi ilə bağlı Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri rəhbərlik etdiyini bildirib. Bütün təkliflər, təşəbbüslər məhz ora göndərilməlidir. Razılaşdırılmadan işğaldan azad olunmuş ərazilərdə nümayəndəliklərin açılacağı barədə bəyanatlar özbaşınalıqdır və bu yolverilməzdir. Bu mənada hər kəs Prezident İlham Əliyevin bu xəbərdarlığından nəticə çıxarmalıdır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat dövlət başçısının "Şuşanın bərpasında memarlar, tarixçilər, ən əsası da şuşalılar iştirak etməlidir" mesajının önəmindən bəhs edib:

“Çünki Şuşa məhz onların şəhəridir. Prosesdə birbaşa iştirak etmək onların haqqıdır. Şuşanın xüsusi plan əsasında bərpası, onun təkcə Azərbaycanın deyil, regionun və dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilməsini nəzərdə tutur. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərimizdə bütün məsələlər, o cümlədən də bərpa prosesi düşünülmüş və planlı şəkildə həyata keçirilir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi hazırda minalardan təmizləmə işləri aparılır. Bu, təhlükəsizlik və bərpa prosesinin sürətlənməsini şərtləndirən əsas faktordur.

Təbii ki, işğal nəticəsində vurulmuş ziyanın qiymətləndirilməsi, infrastruktur layihələrinin hazırlanması, sosial obyektlərin inşası, yaşayış üçün şəraitin yaradılması əsas görüləcək işlərdir. İlkin monitorinqin nəticələrinə baxdıqda aydın olur ki, azad olunmuş ərazilərdəki infrastrukturun və mədəni irsin 90 faizdən çoxu dağıdılıb. Bu isə o deməkdir ki, bu ərazilər tamamilə yenidən qurulacaq. Bərpa prosesi isə Prezident İlham Əliyevin tapşırığına əsasən, orijinal simanın qorunması prinsipi ilə aparılacaq. Burada istər yerli, istərsə də beynəlxalq mütəxəssislərin iştirakı nəzərdə tutulur. Bərpa strategiyası azad olunan bütün ərazilərin, xüsusilə də mədəniyyət paytaxtımız Şuşanın mədəni irsinin özünə qaytarılmasını ehtiva edir”.

Könül Nurullayeva azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndənin Şuşaya təyin edilməsinin də təsadüf olmadığını qeyd edib:

“Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, həm də bizim üçün mənəvi dəyərdir. Ərazi bütövlüyümüzü bərpa etdiyimiz kimi, əsrlərlə yaşı olan mədəni irsimizə də sahib çıxaraq onları bərpa edəcəyik”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər