4 Fevral 2021 16:18
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Zahid müəllim, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, antitürk iddialarından imtina edərsə, sülh müqaviləsinin imzalanması mümkün olarmı?

- Ermənistan parlamentində dinləmələr zamanı deputat Gevorq Papoyanın sualına cavab verərkən baş nazir Nikol Paşinyan Şuşanın demoqrafik tərkibinə istinad edərək onun “90 faizdən yuxarı azərbaycanlılar yaşayan şəhər olduğunu” rəsmən bəyan etdi. Nəinki SSRİ-nin dağılmasından sonra, elə ondan əvvəl də yüksək ranqlı hökumət nümayəndəsinin belə tarixi həqiqətləri yüksək kürsüdən cəsarətlə söyləməsi özü də regionda və dünyada müharibənin nəticələri ətrafında polemikaların intensiv şəkildə getdiyi dövrdə nadir hadisədir. Buna bənzər siyasi etirafı xatırlamaq çətindir.

Paşinyan eyni zamanda Şurnux kəndi də daxil bir sıra ərazi vahidlərinin geri qaytarılmasını Zəngəzurun digər hissəsinə olan təhlükədən qorunmaq məqsədilə etdiklərini söylədi. Təəssüf ki, bu bəyanatlar ictimai-siyasi qüvvələrin müzakirələrində özünə çox yer etmədi. Halbuki Şuşanın Azərbaycana məxsusluğunu tanımaq həmin bölgənin təkcə əsrlərdən bəri məskunlaşma tarixini, birgəyaşayış keçmişini deyil, eləcə də sonrakı işğalının da qanunsuz olduğunu tanımağa bərabər addım sayıla bilərdi.

1999-cu ildə erməni elitasının parlamentdə gülləbaran edilməsini nəzərə alsaq, Şuşa bəyanatının verildiyi tarixdən bu yana hazırki hökumət rəhbərliyinə qarşı hər hansı sui-qəsd və ya silahlı üsyan olmayıb. Epizodik etirazlar media məkanında mövcuddur, onlar da kəsərsizdir, gerçəkliyi özündə əks etdirmir və milyonlarla erməninin, o cümlədən dünyanın gözü qarşısında reallığı dəyişdirmir.

Lakin Şuşa ilə bağlı açıqlamadan əvvəl Ermənistan-Azərbaycan arasında Kəlbəcərdən başlayan, Laçından keçən, müxtəlif dağ və çoğrafi yüksəklikləri əhatə edən, Gorus-Qafan yolunun da nəzarəti daxil Qubadlı, Zəngilanadək ərazilər delimitiasiya-demarkasiya xətlərinin tanınması nəticəsində 30 ildir ölkəmizə qarşı düşmənçilik siyasəti aparan tərəfin addım-addım, qarış-qarış da olsa, konkret ərazilər boyu dəqiq öçlülər əsasında Azərbaycan torpaqlarının həqiqi sahibini tanıması baş verir.

Bəli, bu, təkcə hüquqi nailiyyət deyil. Eləcə də 100 illərlə mövcud olan erməni mifologiyasının dağılması kimi mühüm siyasi uğurdur. Naxçıvana gedən yol açılandan sonra Meğri dəhlizi də güclü tərəfin nüfuzu və təsiri altına düşəcək. Bütün bunlar 44 günlük müharibədəki qələbənin nəticəsidir.

Lakin biz dəyişən münasibətləri öz son məqsədlərimizə doğru irəlilətməkdə maraqlıyıq. Eləcə də bir ovuc revanşistin - heç bir dayaqlara malik olmayan qüvvələrin nifaq törətmək planlarını elə öz millətinin əliylə durdurmağa qadir olmalıyıq. Bu yerdə Azərbaycanın təhlükəsizlik orqanlarının Silahlı Qüvvələrimizlə bərabər, ön cəbhədə həyatlarını ölümə, risqə ataraq istər müqəddəs sərhədlərimizin müəyyənləşməsində, ilkin qoruma məntəqlərinin yaradılmasındakı fədakarlığını, istərsə də məxfi işin təşkili, təhlükəsizliyimizin qorunmasındakı xidmətlərini xüsusi qeyd etməliyik. Bütün bunlar bizim üçün bir mühüm nailiyyət yaradır: Ermənistanın Vətən Müharibəsindəki məğlubiyyətdən sonra, xüsusilə də 11 yanvar Moskva görüşü ilə kommunikasiyaların açılması, regionun on illərlə kəsilmiş arteriyalarının çalışması və böyük iqtisadi-transmilli layihələrinin həyata keçirilməsi, beləliklə düşmənçiliyin aradan qaldırılması üçün yeni platformanın yaradılması istəyi xalqımızın bu günü və gələcəyi üçün fərqli, tamamilə yeni reallıqlar meydana gətirə bilər.

Yəni, hərbi Qələbəmiz hesabına regional və beynəlxalq əlaqələrimizin miqyasını genişlənrməsini hamıdan çox istəyirik. Lakin bu zaman ən böyük çağırışlara da yüz illərlə davam edən müharibədən sonra məhz birgə cavab verməliyik. Yenidən müharibə baş versə, onu da qazanmağa hazırıq. Lakin Ermənistanın Azərbaycanı tanıması, bir əsrdir davam edən antitürk və antiazərbaycan iddialarından geri çəkilməsi şəraitində sülh müqaviləsinin imzalanmasına münasibət də hər bir insanımızın, Ordumuzun və dövlətimizin birgə cavabından asılı olacaq!

Unutmayaq ki, Ermənistanın regional təsir gücü və təxribat potensialı son 30 ildə ən aşağı səviyyəyə düşüb. İndi onu heç bir xarici siyasi mərkəzin ənənəvi təyinatı üzrə bəhrələnməsi üçün nə hərbi, nə digər imkanları qalıb. Şanlı Ordumuz düşmənin dağıdıcı gücünü məhv edib. Ona görə də, biz bütün ssenariləri xalqımızla müzakirə etməyə, populizmi bir kənara qoyub rasional, açıq, səmimi və qalib dövlətə xas bir şəkildə dəyərləndirməyə və bu məsələdə də 44 müqəddəs gündə olduğu kimi “Dəmir Yumruq” kimi hərəkət etməyə hazır olmalıyıq!

- Qələbəmizin nəticələrinə hücumlar döyüş meydanındakı qəsdlərlə eyni məqsədli deyil ki?..

- Biz Zəfər səlnaməmizin günlərini yaşayırıq. Dünya və Azərbaycan xalqının hərb tarixində parlaq səhifəyə çevrilən “Qarabağı azad etmə” əməliyyatından zaman keçdikcə qısa vaxtda minimum itki ilə ən böyük nəticə qazanan bir millətin tarixi nailiyyətinin nə qədər əzəmətli olduğunu görürük.

Digər tərəfdən, Qələbəmizə hücumlar da sistemli, planlı və amansız xarakter daşıyır. Sadə dillə desək, hərbi meydanda bizi məğlub edə bilməyənlər, ölkəmizi, o da olmasa düşüncələrimizi 26 sentyabra qaytarmağa cəhd edərək, siyasi, ictimai, diplomatik və informasiya məkanında uğurumuzu əlimizdən almağa cəhd edir.

Tarixi zəfərimizi gözdən salmağa, onu təhrif etməyə, yaxud müxtəlif sosial-iqtisadi problemlərin fonunda adiləşdirməyə çalışırlar. Qələbəmizin təbliği, simvollaşdırılması və gerçək mifologiyasını qurmaq üçün mütləq Dövlət Komissiyasımı yaradılmalıdır? 2-ci Dünya müharibəsindən sonra Stalin bütün yazıçılara, qələm adamlarına, mədəniyyət və incəsənət xadmlərinə, universitet və tədqiqat institutlarına, bir sözlə, ideoloji işə aid olan bütün qurumlara tapşırıq verirdi ki, faşizm üzərində qələbəni tərənnüm etsinlər.

Biz 21-ci əsrin fərqli olduğunu deyirik. İndi Yazıçılar Birliyi, universitetlər, institularımız dövlət sifarişi almadan böyük əsərlərin yaradılmasını, qələbə simfoniyalarının bəstələnməsini, tarixi romanların, povestlərin yazılmasını, əzəmətli filmlərin çəkilməsini və işğal dövründə yazılmış dərsliklərimizin yenilənməsini də Prezident tapşırığı ilə dəyişdirməyi gözləyirsə, onda gəlin, təşəbbüs göstərək, xüsusi Dövlət Komissiyası yaradılsın.

Xatırladaq ki, Türkiyə 1453-cü ildən bu yana İstanbulun fəthini coşqu ilə qeyd edir. Britaniyalılar 216 ildir onlara dəniz hökmranlığı gətirən Trafalqar zəfərini unutmağa qoymurlar. Çünki müharibədə qələbə qədər milləti böyüdən, formalaşdıran və ona ruh verən ikinci böyük hadisə yoxdur.

Azərbaycan xalqı da müharibədən sonra yeni milli kimlik, milli yüksəliş imkanı əldə edib. Ona görə də, qələbəmizin, qəhəmanlarımızın təbliğini illərlə, sistemli şəkildə aparmalıyıq. Bunun ideoloji, həmçinin praktiki əsaslarını işləyib hazırlamalıyıq. Biz qəhrəmanlarımızın ölməz, işıqlı əməllərini əbədi yaşatmağa təminat verən proqramlar yazmalıyıq.

Qələbə kultunun getdikcə gücləndirilməsi son dərəcə vacibdir. Qələbəmizi qorumaq Vətəni canı ilə müdafiə etməkdir. İgid və qəhraman şəhidlərimizlə, əsgər və zabitlərimizlə bir sırada olmaqdır. Onlarla vahid səngəri bölüşməkdir. Daha çox qəhrəmanlar yetirmək istəyiriksə, belə etməliyik. Çar 2-ci Nikolayın dövründə Rusiya imperiyası beynəlxalq diplomatik mövqeyinə görə güclü idi. Ordu və maliyyə imkanları da yaxşıydı. Lakin daxil ictimai-siyasi mühit acınacaqlı oldugundan imperiya dağıldı.

Stalinin vaxtında isə SSRİ-nin beynəlxalq mövqeyi zəif, ordusu və maliyyəsi yetərsiz olmasına baxmayaraq, yalnız daxili ideoloji, siyasi birlik və xalqın səfərbərliyi ilə Sovetlər faşizm üzərində qalib gəldi. Qələbə ruhunu, azad olunan ərazilərimizə Böyük qayıdışa, Böyük Quruculuq işlərinə və beləliklə, Böyük Azərbaycanın yaradılmasına yönəltməyi bacarmalıyıq.

Bəli, Qələbəmiz iqtisadi-sosial, mənəvi-maddi baxımdan xidməti olan hər bir insana faydası olmalıdır. Onlar haqlı olaraq özlərinə diqqət və qayğı tələb edirlər. Biz ümidvarıq ki, Qaradağ rayonu ərazisində Xiyaban niyyətilə dəfn edilmiş şəhidlərə sonda onların ailə üzvlərinin istədiyi şərait yaradıldığı kimi, Qalib Ordunun hərbi qulluqçularına da əvvəlki kimi, təhlülkəli ərazilərdə, düşmənlə üzə-üzə olduqları hərbi mövqelərdə xidmətlərinə görə ikiqat ödəmələr davam etdiriləcək.

Digər tərəfdən, hamımız bilirik ki, azad edilən ərazilərimizdə də hərbi memoriallar salınacaq. Çünki dünyadan nisgilli gedən köçkünlərimizin çoxu onların nəşinin doğma torpaqlara köçürülməsi arzusunu qoyub gedib. Bu gerçəkdən də heç bir xalqın həyatında görünməmiş hadisədir. Ona görə də Millətimizin Qələbəsinə edilən hücumların döyüş meydanlarındakı qəsdlərlə eyni məqsədi daşıdığını unutmamalıyıq.

- Hərbi doktrinamızın dəyişməsi ilə bağlı mövzu gündəmdədir. Qalib dövlətin baxışlarına və strateji məqsədlərinə uyğun hərbi doktrinanın yazılmasına hansı meyarlar əsas götürülməlidir?

- Bildiyiniz kimi, Azərbaycan Respublikasının hərbi doktrinası 11 il əvvəl qəbul olunub. Təhlükəsizlik sahəsində Konstitusiya qədər vacib olan doktrina Ermənistanın Azərbaycan ərazilərini işğalı faktı üzərində, onu əsas tutaraq tərtib olunub. İndi 44 günlük Vətən müharibəsindən sonra dövlətimizin daxildə, regionda və dünyada yeni güc amilinə çevrildiyi bir dövrdə, eləcə də onlarla dövlətin hərbi quruculuq siyasətinə təsir göstərdiyimiz şəraitdə Azərbaycanın hərbi doktrinasının Qələbəmizdən sonra yenidən yazılmasına və gələcək uzaqvədəli planlarımıza uyğun tərtib olunmasına ehtiyac var.

İşğaldan azad olunan ərazilərimiz ölkəmizin istər sərhəd, istərsə də müdafiə qabiliyyətini artırıb. Geosiyasi çəkisini və mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib.Təkcə o faktı nəzərə alaq ki, Kəlbəcərdən Zəngilana qədər olan sərhəd xətti 600 km-dən artıqdır. Bu ərazilərin hərbi birləşmələrimizin tam nəzarəti altında yeni coğrafi-hərbi yüksəkliklərin, fərqli geosiyasi üstünlüklərin qazanılması deməkdir. İndi hərbi doktinamızda keçmiş işğal faktı və onun ətrafında baş verən təhdidlər deyil.

Azərbaycanın yeni hərbi hədəfləri və mənafeləri, strateji planları, qazandığı yeni müttəfiqləri fonunda hərbi əməkdaşlıq siyasətinə yenidən baxması, eləcə də regionun hərbi-siyasi gələcəyinə fərqli baxış tələb olunur. Biz Vətən Müharibəsinin gedişində ölkəmizə açıq dəstək verən dövlətləri də gördük. “İkinci cəbhə” açmaq üçün gözləmə rejimində olanlar da var.

Ölkəmiz əleyhinə BMT-də gündəmə gətirilən qətnamə layihələrinin qarşısının alınmasında Böyük Britaniya, o cümlədən Qoşulmama Hərəkatına daxil olan tərəfdaşlarımızın diplomatik-siyasi yardımı böyük cəsarət nümunəsi idi. Əvvəllər neytrallıq saxlayan bir neçə dövlətin bizə açıq dəstəyi regionda fərqli hərbi-siyasi qüvvələr nisbəti yaratdı. Hərbi doktrinamız bunu nəzərə almalıdır.

Digər tərəfdən, düşmənin Qarabagda yerləşdirdiyi hərbi kontingentin 30 faizə qədəri, eləcə də ərazilərimizdə yerləşdirdiyi hərbi texnikasının 60-70 faizi məhv edildi. Dəqiq zərbələrlə zərərsizləşdirilmiş hərbi arsenalın içərisində strateji silahlar, böyük radiusda müdafiə və hücuma qadir olan texnikalar xüsusi yer tutur. Ona görə də Qarabağın hava məkanı da daxil bütün coğrafiyasının ölkəmizin ümumi təhlükəsizlik sisteminin ayrılmaz hissəsinə çevrilməsindən ötrü yeni konseptual yanaşmalar tələb olunur. Deməli, təhlükəsizlik mühitinin köklü dəyişikliyə uğraması bizi doktrinamızı dəyişməyə məcbur edir.

Hərbi doktrinanın 4-cü fəsil 29-cu bəndi ərazimizdə xarici hərbi bazaların yerləşdirilməsi ilə bağlıdır. Doğrudur, ötən on ildə Azərbaycan həm NATO, həm də Kollektiv Təhlükəsizlik Birliyi ilə bərabər məsafə saxlamaq, bloklara qoşulmamaq siyasəti öz bəhrəsini verib. Bir sıra keçmiş sovet dövlətlərində baş verən xarici və daxili təhlükələrdən, geosiyasi toqquşma arenasına çevrilmək perspektivindən xilas edib. Bununla yanaşı, 44 günlük müharibə zamanı Türkiyə dövlətinin ölkəmizə göstərdiyi ən yüksək səviyyəli dəstəyin sayəsində xarici təzyiq və təhdidlərinin qarşısının alınıb.

Eləcə də Qarabağ müharibəsinin beynəlmiləlləşməsinə yol verilməməsi üçün güclü dövlətlərin müdaxiləsinə sipər çəkilib. Ona görə də, Türkiyə və Azərbaycan arasında yeni təhlükəsizlik və hərbi ittifaqın yaradılması zərurətə çevirilib. Digər dövlətlərin də burada iştirakı açıqdır. Ona görə də, hərbi doktrinanın bu müddəasını da müharibə zamanı sınaqdan çıxan son hərbi-siyasi vəziyyətə uyğunlaşdırmaq tələb olunur.

Azərbaycanın beynəlxalq hərbi əməliyyatlarda Türkiyə ilə birlikdə Suriyada, Liviyada iştirakı onun xarici siyasət maraqlarına uygun olacaq və nüfuzunu artıracaq. Eyni zamanda hərbi imkanların genişlənməsinə və regiondakı duruma müsbət təsir edər. Orduda Xüsusi Təyinatlı Qüvvələr bütün hücum əməliyyatlarının önündə getdilər. Düşməni lərzəyə salan və qarşısında heç bir hərbi birləşmənin tab gətirə bilmədiyi zərbə qüvvəsinə çevrildilər. Ordumuzun gələcək quruculuğunda həmin modelə üstünlük verilməlidir. Hərbi islahatlar bu istiqamətdə davam etdirilməlidir. Döyüş hazırlığını bütün coğrafiyalarda yüksək qoşun növləri üzrə genişlənməlidir. Dağ divizasiyasından tutmuş, çətin relyeflərdə əməliyyatlara qadir hərbi struktur gələcək müdafiə və hücum siyasətinin əsası ola bilər. Hava hücumundan müdafiə sistemləri son müharibə göstərdi ki, Bakı, Abşeron yarımadası və Mingəçevir şəhəri, orada yerləşən strateji infrastruktur, mühüm dövlət-hərbi obyektlərin qorunması ən yüksək səviyyədə təmin olunub.

Lakin Gəncə və Bərdə şəhərləri bütün qorunma tədbirlərinə baxmayaraq, eyni anda müxtəlif mənbələrdən həyata keçirilən hücumlar zamanı düşmən boşluqlar taparaq, əhaliyə zərbə vurdu. Yeni sənəddə bu sahəyə xüsusi diqqət ayrıla bilər. Eləcə də bir sıra hərbi texnika və silahların, texnologiyaların müasir döyüş tələblərinə, hərbi hədəflərə çatmağa imkan vermədiyi üzə çıxdı. Ali Baş Komandan 7 oktyabrdakı hərbi müşavirədə bu haqda bəyanat verib və onun gələcək vəzifələrimiz sırasında olduğunu göstərib. Müharibə vəziyyətindən çıxsaq da qalib dövlət kimi yeni təzyiq və təhdidlərlə üz-üzə gələcəyimizi də unuda bilmərik. Azərbaycanın hərbi-texniki inkişafı xarici müşahidəçilərdə, ekspertlərdə heyranlıq doğururub. Gerçək döyüşlərdə də bu öz təsdiqini tapıb.

Qələbədən sonra Ordumuzun arsenalında olan silah və texnologiyaya dair yeni yanaşmalar var. Milli hərbi sənaye kompleksimizin modernləşdirilməsi gündəmdədir. Silah bazarında ön mövqedə olan ölkələrlə əməkdaşlığın genişləndirilməsini doktrinamızda xüsusi yerə qoya bilərik. Son müharibə kosmik sistemlərin hərbi məqsədlərlə istifadəsinin ən yüksək səviyyəsini sübut etdi.

Ordumuzla sinxron hərəkət edərək hədəfləri məhv etməkdə misilsiz rol oynadı. Silahlı qüvvələrimizin ayrılmaz hissəsi olduğunu sübuta yetirdi. Halbuki indiki doktrinamızda Azərbaycanın kosmik sistemlərinin inkişafı və milli mənafelərinin müstəqil şəkildə təmin edilməsinə həsr olunmuş heç bir ifadə yer almayıb.

- Sülhyaradıcı qüvvələrin statusunun və “hibrid müharibə”lər fəslinin yeni hərbi doktirinada əks olunması mümkündürmü?

- Sülhyaradıcı Qüvvələrin səlahiyyətlərinin çərçivəsi, mandatının ölçüsü və onların statusunu tənzimləyən normativ bazaya dair müddəlar da hərbi doktrinamızda əksini tapmalıdır. “Hibrid müharibə”lər müasir dövrdə, istər silahlı toqquşmalar zamanı, istərsə də sülh dövründə dövlətlərin ideoloji, mənəvi dayaqlarını və mədəni köklərini məhv etməyə, psixoloji və informasiya hücumları vasitəsilə millətlərin bütövlüyünü parçalamağa qadir fenomen kimi çıxış edir.

Ölkəmizə qarşı “yumşaq güc” alətləri, beynəlxalq diplomatik və informasiya hücumları, kütləvi feyk xəbər laboratoriyaları vasitəsilə ölkəmizin nüfuzuna, regional və beynəlxalq aləmdə dövlətimizin mədəniyyətlər, dinlər və sivilizasiyalar arası oynadğı rola zərbə vurmağa çalışmaları danılmaz faktlardır. Təhlükəli tendensiyaların son on ildə xüsusi inkişaf yolu keçən virtual paltformalarda, sosial media məkanında cərəyan etdiyini indi bütün dövlət elitaları qeyd edir. Ona görə də “hibrid müharibə”lərin təhlükəsi barəsində hərbi doktrinamızda ayrıca fəslin olmasına ehtiyac duyulur.

- Qonşu dövlətlərlə hərbi hərbi-təhlükəsizlik məsələləri doktrınamızla ahəngdarlığı nə dərəcədə ehtiyac var?

- Biz Cənubi Qafqazda iqtisadi liderlik mövqeyində oldugumuzu bəyan edirik. Bölgədə həyata keçirdiyimiz tədbirlər, bütün iqtisadi, eləcə də diplomatik addımlar, qurduğumuz ikitərəfli və çoxtərəfli ittifaqlar hərbi-siyasi liderliyinin möhkəmləndirilməsinə xidmət etməli, doktrinamızın və təhlükəsizlik konsepsiyamızın ana xətti olmalıdır. Yeni təhlükələr, onların sürətlə dəyişən xarakteri də bizi yeni hərbi doktrina qəbul etməyə sövq edir.

Hərbi təhlükəsilziyi təmin edən məhz dövlətdir. İstər hakimiyyəti, istərsə də xalqı və ordunun səfərbəredici gücünü birləşdirən məhz odur. Ona görə də regionun hərbi-siyasi gələcəyi, milli təhlükəsizlik maraqlarımızın irəliləməsi dövlətimizin qərarlarından və çevik siyasətindən asılıdır.

Qonşu dövlətlərin, beynəlxalq münasibətlərdə xüsusi gücə malik olan region ölkələrinin hərbi-təhlükəsizlik siyasətində və sənədlərində də son illər köklü dəyişiklilər baş verib. Bizim doktrınamız onlarla ahəngdarlıq təşkil etməli, müasir çağırışlara, ən başlıcası, Qalib dövlətin hərbi baxışlarına uyğun yenidən yazılmalıdır.

- Türk mediası Vətən Müharibəsində xalqımızla çiyin-çiyinə döyüşdü. Azərbaycanlılar Türkiyə mediasında ön mövqelərə çıxarsa və Qarabağ Zəfərinə həsr olunan filmi birgə çəkməyə gecikmədən başlayarıqsa, sizcə, əsas hansı tezislər üzərində dayanılmalıdır?

- Azərbaycan parlamentinin müzakirəsinə təqdim edilən razılaşma aktı tarixi əhəmiyyət kəsb edir. Onu mühüm dövləti anlaşmalar sırasına aid edənlər haqlıdırlar. Azərbaycan və Türkiyə respublikaları arasıda media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu mövcuddur. Bu mühüm sənəd 2020-ci il dekabrın 10-da iki dövlət rəhbərləri prezident İlham Əliyev və prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakı şəhərində keçirilən böyük Hərbi Zəfər Paradından sonra rəsmi nümayəndə heyətləri arasında keçirilən görüş zamanı imzalanıb.

Türkiyə Prezidentinin Rabitə naziri Fahrettin Altun və Azərbaycan Respublikası Prezdentinin köməkçisi Hikmət Hacıyev tərəfindən imzalanan sənəd iki ölkənin media sahəsində əlaqələrini inkişaf etdirmək və onu yeni hədəflərə çatdırmaq ideyasına xidmət edir. Bu məqsədlə yaradılan Birgə Media Platforması Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini gücləndirməklə strateji media ortaqlığının qurulmasını nəzərdə tutur.

6 maddədən ibarət sənədin məramı monitorda əks olunub. Qısa desək, media əlaqələri üçün sağlam infrastrukturun yaradılması, məlumat, bilik, təcrübə və mənbələr mübadiləsi, iki ölkənin media sahəsində çalışan rəsmi qurumlarının birgə araşdırmalar həyata keçirməsi əsas fəaliyyət istiqamətləri kimi nəzərdə tutulur. Anlaşma Memorandumunun hüquqi qüvvə qazanmasından sonrakı 3 ay ərzində Tərəflər arasında media platformasının həyata keçirilməsi üzrə məqsədyönlü əhatəli planın hazırlanması üçün birgə işçi komissiya yaradılacaq.

Anlaşmanın müddətinin 1 il olması göstərilsə də, tərəflərdən biri AM-nun ləğv edilməsi barədə qərarı digərinə 3 ay öncədən bildirmədiyi təqdirdə avtomatik olaraq, o növbəti bir illik müddətə də uzadılacaq. Kommunikasiya, yüksək texnologiyalar və sürətli xəbər axınları şəraitində istənilən dövlətin bir nömrəli məqsədlərinə xidmət edən informasiya sahəsində işbirliyinin töhvələrini qiymətləndirmək istərdik. Azərbaycan müstəqillik qazanandan sonra istər Ulu Öndər Heydər Əliyev, istərsə də İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə iki ölkənin münasibətləri iqtisadi, siyasi və hərbi baxımdan ən yüksək səviyyəyə çatıb.

2010-cu ildə yaradılan Strateji Tərəfdaşlıq Şurası dövlətlərarası münasibətlər tarixində zirvə sayılır. Parlamentə təqdim olunan razılaşma nəticəsində yaradılan Vahid Media İttifaqı da hərbi-siyasi müttəfiqliyimizi gücləndirən ən mühüm vasitədir. Çünki hazırda ölkələrin təhlükəsizliyi təkcə Silahlı Qüvvələrdən deyil, eləcə də informasiya vasitələrinin peşəkarlığından, xarici və daxili təhlükələrə qarşı operativ cavab vermək bacarığından asılıdr. Ordular arasındakı ittifaq nə qədər vacibdirsə, informasiya müharibəsini aparmağa qadir olan Media Güclərinin də bir araya gətirilməsi bir o qədər əhəmiyyətlidir.

Razılaşmanın müddəaları sırasında dezinformasiyalara qarşı birgə mübarizənin mövcudluğu da Türkiyə ilə Azərbaycana qarşı informasiya savaşı aparanların eyni olması ilə bağlıdır. Yalnız birgə dirənişlə onlara qalib gəlmək mümkündür. Burada ayrıca vurğulayaq ki, Türkiyə yazılı mediası həftəlik tiraj sayı milyondan yuxarı olan "Sabah", "Hürriyet", "Sözçü", "Milliyət", "Posta" qəzetləri, o cümlədən, Kanal D, ATV, Star TV, TRT 1 və digər kanallar təkcə milli deyil, dünyəvi auditoriyaya malikdir. Bu strukturlar böyük iqtisadi dayaqlara, kadr korpusuna və güclü təsir dairəsinə yiyələniblər.

44 günlük Vətən Müharibəsində Türkiyə və Azərbaycan qardaşlığı əsrlər boyu olduğu kimi çox uğurla tarixi sınaqdan çıxdı. Təkcə iki dövlətin elitası, hökumətlərinin deyil, eləcə də sayı 100 milyonları keçən türklər-azərbaycanlıların, həmçinin dünya ictimaiyyətinin mövqeyini formalaşdıran mətbuatın, televizyanın, virtual medianın fədakarlıqla, igidliklə çalışan uniformalı döyüşçülərin igidliyi hesabına oldu.

Biz 44 gündə Türkiyə və Azərbaycanın informasiya məkanının birləşdiyini, vahidliyini gördük. Onlar Vətən Müharibəsinin hər gününü bizimlə bərabər yaşadılar. Kədərmizlə və sevincimizlə bir oldular.Türkiyənin aparıcı televiziya kanalları Ali Baş Komandanla geniş müsahibələr apardı. Onu dünyanın gündəminə çevirdi. Haqq səsimizi yaydılar, eyni zamanda döyüş bölgələrindən, səngərdən 44 gün ərzində daim reportajlar verdilər. Faktiki olaraq savaşdılar, peşəkarlıq, operativlik və fədakarlıq nümunələri yaratdılar. Bunlar qürur doğuran, unudulmaz səhifələrdir.

Azərbaycan mətbuatı özünü kadr potensialı, proqram siyasəti, janr, üslub və redaksiya siyasəti, peşəkarlıq baxımından yeni çağırışlar və tələblər qarşısındadır. Dövlət siyasətini həyata keçirməyə məsul əvəlki qurum ləğv edilib. Yeni Medianın İnkişafı Agentliyi yaradılıb. Ümidvarıq ki, hər iki ölkənin mətbuat və informasiya qurumları dünya arenasına çıxmaq, öz yerlərini və mövqelərini uğurla təmsil etmək sahəsində daha sistemli, planlı və hədəfli bir şəkildə çalışacaq. Ortaq Media Platformasının əhatə dairəsi Kütləvi informasiya vasitələrinin çərçivəsini aşır, dünyada daha böyük auditoriya və tərəfdara malik olan, “yumşaq güc” siyasətinə xidmət edir.

Anlaşmanın 2-ci maddəsinin “d” bəndi bundan söz açır. Bu çox vacib sahələrdən biridir. Azərbaycan tamaşaçılarının 80 faizindən yuxarı hissəsi xarici fllmlərlə üz-üzə qalıb. Bunun ideoloji və mənəvi baxımından hansı təsirlərinin olduğunu söyləməyə ehtiyac yoxdur. Ümid edək ki, yeni yaradılan Kino Agentliyi tarixi ənənələrimizi bərpa edə biləcək. Bu rəqəm Türkiyədə 40 faizə düşüb. Çünki orada son illər film sənayesi dövlət və millət quruculuğuna daha yaxından cəlb olunub. Eləcə də böyük kommersiya əsaslarına sahib olaraq, rəqabətli dünyada mövqelər qazanaraq böyük inkişaf yolu keçib.

İndi təsadüfi deyil ki, bir müddət öncə “Möhtəşəm Yüz il” filmi, o cümlədən, ən yaxşı ekran əsərlərindən biri olan “Diriliş Ərtoğrul” və digər əsərlər bizim televiziyalarda nümayiş olunur. Biz ümidvarıq ki, “Böyük Qayıdış” siyasətinə türk şirkətləri cəlb olunduğu kimi, Qarabag salnaməmiz, Ordumuzun Şuşa Zəfəri də Türkiyə ilə birgə çəkiləcək filmlərdə ən parlaq bədii ifadəsini tapacaq. Bu işə gecikmədən başlamaq gərəkdir. Şəhid oğullarımızın igidliyini filmlərə daşımaq onu dünyaya çıxarmaq bizim siyasi və mədəni məqsədlərimizin önündə getməlidir.

- Qanunlarımızın ərazi bütövlüyü təmin olunmuş ölkə coğrafiyasında tətbiqi ilə bağlı fikirlər səsləndirmisiniz. Bun necə şərh edərdiniz?

- Son 30 ildə təkcə torpaqlarımız deyil, onunla birgə qanunvercilik sistemimiz də Ermənistanın işğalının acısını çəkib. Beynəlxalq öhdəliklər yaradan, Konvensiya, saziş və model hüquqi aktlarda Milli Məclis hər zaman xüsusi qeyd-şərtlə çıxış etməyə məcbur olub.

Əlbəttə, hər birimiz üçün ağır olan və dünyada izahı qeyri-mümkün sayılan hadisəydi ki, biz Qarabağ və ətraf ərazilərdə həmin konvensial aktların işləməsini təmin edə bilmədiyimizi qeyd edirdik. Suverenlyimizin tam gücü ilə işləyə bilmədiyinin göstəricsi kimi, terror, çirkli pulların yuyulması, mütəşəkkil cinayətkarlıq, yaxud ekoloji və digər fundamental dövlət hüququna dair məsələlərdə Azərbaycan kənarda qalırdı.

İndi isə Vətən Müharibəsində qələbəmiz bütün qanunlarımıza yenidən baxmağı və onların da “20 faiz işğal” acısından qurtulmasını tələb edir. Əslində Parlamentimiz üçün çox şərəfli hadisədir. Məhz 6-cı çağırış Məclis üzvləri bütün qanunlarımıza yenidən baxaraq, keçmişdə xüsusi şərtlər qoyduğumuz sənədlərin tamamlanması, daha sonra onu yenidən beynəlxalq mərkəzlərə göndərilməsini vacib hesab edə bilər.

Milli Məclisdə yaradılan bütün qanunların reysterindən sözügedən aktların tapılıb çıxarılması, qanunlarımızın da bütövlüşməsinə dair işlərin görülməsi vacibdir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər