Ermənistan həm Qazax istiqamətində olan bir neçə kəndi, həm də Naxçıvan istiqamətindəki Kərki kəndini Azərbaycana qaytarılmalıdır. Bu kəndlər işğal nəticəsində Ermənistanın tabeçiliyinə keçib. Əgər Azərbaycan müharibədə qələbə qazanıbsa və üçtərəfli bəyanatda bütün torpaqların qaytarılması qeyd edilirsə, deməli bu kəndlər də Azərbaycana təhvil verilməlidir.
Bu sözləri Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə Ermənistanın 1990-cı illərdə qanunsuz olaraq ələ keçirdiyi bir neçə Azərbaycan kəndinin taleyi haqqında danışarkən deyib.
Əlizadə əmindir ki, vaxt gələcək Azərbaycan və Ermənistan arasında münasibətlər formalaşdıqdan, kommunikasiya xətləri açıldıqdan, iqtisadi əlaqələr bərpa olunduqdan sonra hər iki tərəfdən komissiya yaradılacaq və bu qurumlar öz səlahiyyətləri çərçivəsində məsələni müzakirə ediləcəklər:
“Bu zaman delimitasiya və demorkasiya işlərini başa çatdırmaq mümkün olacaq. İndi müharibə yeni bitib, emossiyalar hələ yüksəkdir. Belə bir ərəfədə erməni mətbuatı bilərəkdən hansısa kəndlərin məsələsini ortaya atıb camaatı qızışdırırlar. Əlbəttə, bu məsələlər sakit şəkildə həll edilməlidir”.
Politoloq hesab edir ki, Azərbaycan və Ermənistan arasında birbaşa kontaktların qurulması vacibdir:
“Əgər biz əmin-amanlıqda, təhlükəsizlikdə yaşamaq istəyiriksə Ermənistanla münasibətlər qurmalıyıq. Təsəvvür edin ki, siz mənzildə yaşayırsınız və qonşu mənzildə yanğın var. Bu zaman təhlükəsizlikdə ola bilməzsiniz. Əbədi düşmənçiliyi kənara qoymaq lazımdır. Müasir zamanla uzlaşmaq, cəhalətdən, əsəbilikdən əl çəkmək lazımdır. Elm və mədəniyyət zəmanəsidir. Bizim klassiklərimiz hər zaman bunu vurğulayıb. Ermənistanda Ovanes Tumanyan olub. Xalqları müharibəyə yox, dostluğa çağırıb. Amma onlar Ovanes Tumanyana deyil, Zori Balayana qulaq asıblar. Nəticədə ortadadır”.
Mütəxəssis bildirib ki, əgər imperalist dövlətlər Ermənistana siyasi-diplomatik, hərbi, maliyyə və mənəvi dəstək verməsələr təqribən altı aydan sonra erməni xalqı çox ağıllı, ağlabatan və praqmatik siyasət yürütməyə başlayacaq:
“Onların da mənafeyi tələb edir ki, ilk növbədə Azərbaycanla sıx münasibətlər qursunlar. Bu da nədən keçir? Azərbaycanın beynəlxalq sərhədlərini tanısın, “Artsax” nağılını qurtarsın. Hər halda erməni xalqının belə nağılları başından çıxarması onların xeyrinə olar. Xəstə xalqla yaşamaq yaxşı hal da deyil. Özləri də Avropa dövləti olduqlarını, xristian dəyərlərini bölüşdüklərini, , amma buna baxmayaraq qonşularının ərazilərinə göz dikdiklərini deyirlər. Hətta işğal nəzarətində saxlamağa çalışırlar. Hansı Avropa dövləti qonşusunun ərazisinə iddia edir? Bu cür gələcəyə getmək olmur”.