10 Fevral 2021 19:50
1 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Rusiyanı çökdürməyə çalışacaq, artıq bu işə başlanılıb”

Teleqraf.com politoloq Cümşüd Nuruyevlə müsahibəni təqdim edir:

- Cümşüd bəy, ABŞ-da demokratlar hakimiyyətə gəldikdən sonra ehtimal olunurdu ki, İranla dialoq yolu seçiləcək və gərgin münasibətlər, sanksiya mərhələsi arxada qalacaq. Amma Pezident Bayden elan etdi ki, İrana qarşı sanksiyalar yalnız Tehran uranın zənginləşdirilməsini dayandırdıqdan sonra gündəmə gələ bilər. İran Ali dini lideri Seyid Əli Xamenei isə bu təklifi faktiki rədd etdi. Bu konteksdə ABŞ-İran münasibətləri hansı ssenarilər üzrə inkişaf edə bilər?

- Əslində Bayden hakimiyyətə gəldikdən sonra sanki Trampın etdiklərinin əleyhinə gedir. Bu, ABŞ tarixində görünməyən hadisədir. Amma bütün hallarda İran da öz yolundan dayanmır, ABŞ-la hədə-qorxu dili ilə danışır. Mən inanmıram ki, bu iki ölkə arasında münasibətlər hərbi qarşıdurma fazasına keçid etsin. Çünki bu ölkənin marağı uranın zənginləşdirilməsi məsələsində toqquşur. ABŞ-ın İranın nüvə silahının olmasına qısqanclıqla yanaşması daha çox İsraillə bağlıdır. Odur ki, bunun qarşısını almaq istəyir. İran da vəziyyətdən istifadə edir, çünki daxilində kifayət qədər problemlər var. Eyni zamanda indiki şərtlər altında İranın problemləri həll edilməsi mümkünsüz olan problemlərdir. İqtisadi və sosial problemlər ortadadır. Xamenei də kəskin mövqedən çıxış edir və düşünür ki, daxildəki problemlərdən diqqəti yayındıraraq bu müstəviyə yönəldə bilər. Düşünmürəm ki, Bayden İranla müharibəyə getsin. Əslində belə müharibə daha çox İrana lazımdır.

Əlbəttə, ABŞ-da dövlət büdcəsinin gəlirlərinin mühüm hissəsini silah satışı doldurur. Nəzərə alsaq ki, Baydenin hakimiyyətə gəlməsində silah istehsalçılarının böyük xidməti, həmçinin yəhudi lobbisinin rolu var, bu, onu deməyə əsas verir ki, Bayden məhz bu iki qrupun maraqlarını təmin etməyə çalışacaq. Məncə, bu mərhələdə Vaşinqton və Tehran arasında hələlik söz dueli müşahidə ediləcək.

- Düşünürsünüz ki, silah mafiyası Prezident Baydendən yeni müharibələr istəyir?

- Əlbəttə, demokratlar hakimiyyətə gələndə müharibələr olur. Bill Klinton gəldi və ABŞ Əfqanıstanı tutdu, Buş İraqı işğal etdi. Obama Suriyanı vurdu, “Ərəb baharı” başladıldı. Demokratlar hakimiyyətdə olan nə zaman müharibə olmayıb? Hələ 1950-ci illərdən bu yana Koreya və Vyetnamla müharibələr olub. Hamısını da demokratlar başlayıb. Respublikaçılar daha çox ABŞ-ın maraqlarını güdüb, demokratlar isə onları hakimiyyətə gətirənlərin marağını. İndi də bu siyasət davam edir. Üstəlik artıq ABŞ daxilində silah satmaq mümkün deyil. Əhali silahlıdır. 320 milyon əhalisi olan ölkədə milyarda qədər silah var. ABŞ da bir dövlət kimi gücünü hər zaman silahla göstərib. Demokratiya, insan haqları sadəcə görüntüdür. Tramp bunu açıq göstərdi.

- Amma İsrailin Baş naziri Netanyahu İran məsələsində sərt mövqe tutur və hətta bir müddət əvvəl elan etmişdi ki, belə davam etsə, İranla məsələni təkbaşına həll etməli olacaqlar...

- Açığı, İsrailin məsələni təkbaşına həll etməsi inandırıcı görünmür. Bütün hallarda İran da o qədər zəif deyil. ABŞ İsrailin arxasında olmasa, İran-İsrail qarşıdurması ciddi problemlər yaradar. İsrailin İrana gücü çatacağı o qədər də inandırıcı deyil. Mənim düşüncəmə görə, İsrailin İranı udması elə də asan, bəlkə də mümkün deyil. Mümkündür ki, uzunmüddətli müharibə getsin, nüvə silahından istifadə olunsun. Amma əhali potensialı fərqlidir. İsrailin 10, İranın 85 milyona yaxın əhalisi var.

- Co Bayden son açıqlamalarında faktiki Rusiyanı hədələdi. Bu baxımdan yaxın dövr üçün ABŞ-Rusiya münasibətlərində daha çox hansı xətt özünü göstərəcək?

- Rusiya ilə böyük problemləri var və bunu danmağa da ehtiyac duymurlar. Məncə, ABŞ bu məsələdə qarşıdurmaya gedəcək. Rusiya da sona qədər öz maraqlarını güdəcək. Trampın seçkilərində Rusiya izi qabardılsa da, kəşfiyyat ortaya fakt qoya bilmədi. Lakin təcrübədən ABŞ-ın belə yalanlar istehsal etdiyi real həqiqətdir. Məsələn, Kolen Pauell BMT-də şüşədə bir maddə göstərib iddia etdi ki, İraqda nüvə, bioloji silahlar istehsal olunur. Dərhal İraq işğal edildi. Amma nə nüvə silahı, nə də bioloji silahlar ortaya çıxdı. Böyük dövlətlər yalan danışmağı öyrəniblər. Onlar həm də dünyada yeni aktyorların ortaya çıxmasını istəmirlər. Çin faktoru var. Rusiyanın özünün həm Çin, həm də Hindistanla ciddi münasibətləri var. ABŞ Belarus məsələsində istəyinə çatmadı. Ukraynada faktiki uduzdu. Odur ki, Bayden Amerikası revanş götürməyə çalışır.

Baydenin Rusiya ilə bağlı çıxışına da bunun əlaməti kimi baxmaq doğru olardı. Çalışacaqlar ki, Rusiyanı çökdürsünlər. Rusiya da imperiya maraqlarından əl çəkmir. Məsələn, Azərbaycan kimi ölkələrdə də narazılıq yaradırlar. Bu da onların xeyrinə deyil.

- Rusiyaya qarşı Bayden hökuməti hansı addımlar ata bilər?

- Artıq iqtisadi sahədə Rusiyaya qarşı addımlara başlanılıb. Sanksiyaların əhatəsi genişləndirilə bilər. Həm də Aleksey Navalnı təsadüfən seçilməyib. Rusiya tarixində SSRİ-dən bu yana eyni anda 150-dən çox şəhərdə aksiya keçirilməyib. Bunun da tempi artır. Ruslarda şovinizm baş qaldırdıqda onun qarşısını almaq mümkün olmur. Bunu Lenin də kitablarında yazır. Navalnının ortaya çıxması da bu şovinizmlə əlaqəlidir. Hazırda ciddi proqnoz vermək mümkün deyil, lakin bir neçə aydan sonra - apreldən başlayaraq Rusiyada havalar istiləşməyə başlayır. Zənnimcə, bu yay Rusiyada sözün hər iki mənasında isti keçəcək. ABŞ-ın təzyiqi, daxildə narazı qüvvələr var, üstəlik Avropa da burada əsas oyunçudur. Heç Çin də arzu etmir ki, Rusiya ayağa qalxsın. İran da istənilən zaman Rusiyanı sata bilər.

- ABŞ hökuməti elan edir ki, Pekinlə hərbi qarşıdurmaya getməyəcək, amma rəqabətcil münasibələr olacaq və bu, Çinin istədiyi formada olmayacaq. Bayden elan edir ki, qlobal siyasətdə bir nömrəli rəqib Pekindir. Bu mənada ABŞ-Çin münasibətləri hansı formada irəliləyəcək?

- ABŞ-da prezident seçkilərindən əvvəl Baydenin oğlu Hunter Bayden Çində idi. Bu gün də Çinlə münasibətlərdə dəyişiklik yoxdur. Məlumatlardan görünən odur ki, ABŞ zənginləri varidatlarını Çinə daşımağa meyl edirlər. Məncə, burada Çindən plasdarm kimi istifadə olunacaq. Çin dünyada uzun ömürlü imperiyalardan biridir və bu imperiya çökmür. Mənim proqnozuma görə, Çinlə ABŞ münasibətlərində yaxınlaşma olacaq.

- Deməli, Rusiyanın vəziyyəti ağırlaşacaq?

- Əslində Rusiyanın vəziyyətinin ağırlaşması Çinə də sərf edir. Rusiya nə qədər ayaqdadırsa, onlar üçün işıq yoxdur. Rusiyanın çökməsi Çinin daha böyük bazarlar əldə etməsinə səbəb olacaq. Hətta torpaq qazanmasına. Odur ki, siyasət çoxvektorludur. Zaman keçdikcə, qlobal siyasətin istiqamətləri tədricən aydınlaşacaq.


Müəllif: Nemət

Oxşar xəbərlər