“Ermənistanın baş naziri Nikol Paşinyan rəqiblərini susdurmaq və radikal müxalifətin arqumentlərini zəiflətmək üçün yerli televiziya kanallarından birinə geniş müsahibəyə ehtiyac duyub. Paşinyanın bu taktikası özünü doğruldub. Çünki Paşinyan müsahibəsində elə detallara toxunub ki, keçmişdə hakimiyyətlərdə olan hazırki müxalifət nümayəndələri üçün həmin detalları inkar etmək çətin olacaq. Üstəgəl Paşinyan müsahibəsində ona inananlara gərginlik və müharibə deyil, əməkdaşlıq və inkişaf vəd etməyə çalışıb”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Paşinyan ilk növbədə keçmiş prezident və hakimiyyətdən devirdiyi Serj Sərkisyanı susdurub:
“Sərkisyan bir neçə gün əvvəl böyük səs-küy yaradan müsahibəsində demişdi ki, Paşinyan 44 günlük müharibənin ilk günlərdə vaxtilə Rusiyadan alınan “İsgəndər” raketlərindən istifadə etməyib və guya məğlubiyyətdə bu amilin rolu olub. Paşinyan isə müsahibəsində deyib ki, müharibənin ilk günlərindəcə həmin “İsgəndər” raketlərindən Azərbaycana qarşı istifadə ediblər, ancaq həmin raketlər partlamayıb. Paşinyan cümləsinin sonunda Rusiyaya atmaca atmaqdan da çəkinməyib: “Bəlkə bu raketlər 80-ci illərdə hazırlanıb?”.
Paşinyan bu cavabla həm Sərkisyanı susdurub, həm də Rusiyaya mesaj yollayıb ki, Ermənistana köhnə raketlər sırımısız. Belə çıxır ki, Rusiya kasıb vassalından raketlərin pulunu alıb, ancaq göndərdiyi raketlər yararsız olub. Aydındır ki, Paşinyanın “İsgəndər” raketləriylə bağlı atmacası Kremlin xoşuna gəlməyəcək. Serj Sərkisyanın da Paşinyanın yararsız raketlər barədə açıqlamasına verə biləcəyi cavab maraq doğurur. Paşinyan onu orduya kifayət qədər diqqət ayırmamaqda ittiham edənlərə başqa mesajını da yollayıb: “Hakimiyyətə gəldikdən sonra hərbi büdcəni 23 faiz artırdım”.
İkincisi, Paşinyan müsahibəsində deyib ki, əsas vəzifələrindən biri əsirlərin geri qaytarılmasıdır. O Azərbaycanı əsirlər məsələsində ittiham edərək deyib ki, guya rəsmi Bakı 10 noyabr anlaşmasının əsirlərlə bağlı bəndinin reallaşdırılmasını gecikdirir. Paşinyanın “əsir” dediyi şəxslər 10 noyabr bəyanatından sonda əli silahlı ələ keçiriliblər. Halbuki, 10 noyabr bəyanatına görə Ermənistan əli silahlı bütün vətəndaşlarını dərhal Dağlıq Qarabağdan çıxarmalı idi. Buna baxmayaraq, Paşinyan əsirlər mövzusunda danışarkən, ləng olsa da, prosesin irəlilədiyini və nəticə əldə olunduğunu etiraf edib. Misal üçün o 69 əsirin Ermənistana təhvil verildiyini xatırladıb”.
Elxan Şahinoğlu qeyd edib ki, Paşinyan Rusiya vasitəsilə Azərbaycanla təmasların davam etdiyini vurğulayıb:
“Üçüncüsü, Paşinyan 10 regional layihələrdən danışarkən maraqlı fikirlər söyləyib: “Regional layihədə bütün dövlətlər, o cümlədən Rusiya, Gürcüstan, İran, Türkiyə və Azərbaycan maraqlıdırlar. Bu Ermənistanın da maraqlarına uyğundur. Kommunikasiya xətlərinin açılması bölgəyə barış və inkişaf gətirəcək. Bunun Ermənistan iqtisadiyyatına da müsbət təsiri olacaq”. Paşinyan bu açıqlamasıyla da rəqiblərinə mesaj göndərir ki, regional layihələrdə iştirak Ermənistanın xeyrinədir. Halbuki, onun rəqibləri, o cümlədən bəzi erməni iqtisadçılar vurğulayırlar ki, guya kommunikasiya xətlərinin açılması Ermənistana fayda gətirməyəcək.
Dördüncüsü, Paşinyan müsahibəsində Sünikdəki duruma da aydınlıq gətirib: “Həll edə bilməyəcəyimiz problem yoxdur. Sünikdə qonşumuzla sərhəd müəyyənləşir. Əlbəttə, bu həmin bölgədə yaşayan vətəndaşlarımızda müəyyən suallar yaradır. Ancaq bir müddət sonra gərginliyin azalacağına inanıram. Biz Sünik bölgəsində sosial və infrastuktur çalışmalarını sürətləndirəcəyik”. Bu açıqlama da ona hesablanıb ki, ermənilər Azərbaycanla qonşuluqda yaşamağa öyrəşməlidirlər.
Beləliklə, Nikol Paşinyan son müsahibəsiylə müharibədən əvvəlki ritorikasından geri çəkilmiş kimi görünür. Bir vaxtlar Şuşada yallı gedən, “Qarabağ Ermənistandır” deyən şəxs hazırda Azərbaycanla və Türkiyə ilə əməkdaşlıq imkanlarından, kommunikasiya xətlərinin açılmasından danışır. Paşinyan növbəti açıqlamalarının birində Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının olmadığını da vurğulayarsa, regional əməkdaşlığa real töhvəsini vermiş olacaq”.