Ermənistanın Baqramyan prospektində müxalifətin mitinqindən yarım saat sonra Respublika meydanında Paşinyan tərəfdarlarının mitinqi təşkil edilib. Bu mitinqlər kim-kimdən daha güclüdür prinsipi üzrə gedir. Daha çox kimin güclü dayağının olduğunu aşkarlamaq üçün də bir yarış idi. Məlum oldu ki, Paşinyanın sosial dayağı hələ kifayət qədərdir. Erməni müxalifətinin zəifliyi isə göz önündədir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Onun sözlərinə görə, Paşinyan referenduma və erkən parlament seçkilərinə gedəcəyini artıq bəyan edib:
“Müxalifət isə buna getmək istəmir. Yayda parlament seçkiləri keçirilərsə, müxalifət öz gücünə əmin deyil. İndidən hesab edirlər ki, məğlub olacaqlar. Amma Paşinyan özünə inamlı görünür. Düşünür ki, seçki keçirilsə, qalib çıxacaq. Onun mövqeyini gücləndirən digər amil beynəlxalq dəstəklə bağlıdır. Yaranmış yeni situasiyada erməni hərbçilərinin bir hissəsinin Paşinyana istefa tələbi fonunda ABŞ Dövlət Departamenti faktiki olaraq onu müdafiə etdi. Paralel olaraq Rusiya da bu məsələdə öz mövqeyini ortaya qoyub. Rusiya prezidenti bundan öncə də vurğulayıb ki, Ermənistanda kimlərsə 10 noyabr razılaşmasının ziddinə getsə, bu intihara bərabər olacaq. Həmin sənəddən imtinanı tələb edənlər də revanşistlərdir. Paşinyan bu məsələ ilə bağlı imzasını atıb”.
Deputatın fikrincə, Paşinyan Sorosun adamı hesab olunurdu və bu bir həqiqətdir:
“Amma yeni reallıqda Paşinyan daha çox Rusiyayönümlü siyasət aparır. Nə qədər qəribə səslənsə də, Köçəryan və Sərkisyan daha çox Sorosdan dəstək almağa başlayıb. Yəni Köçəryanın hakimiyyət iddialarının Moskva tərəfindən müdafiə olunmaması onu Sorosla dialoqa sövq edib. Artıq bu fond tərəfindən sabiq prezidentlərə maliyyə yardımı ayrıldığını da erməni mətbuatı yazır”.
Elman Nəsirov qeyd edib ki, ordu, polis, təhlükəsizlik sistemi xalqın tərəfinə keçsəydi, Paşinyan istefa verməyə məcbur olacaqdı:
"Hazırda Ermənistanda küçələrdə tanklar, toplar görünmür. Bir neçə hərbi birləşmə Paşinyana qarşı olsa da, bu kütləvi hal almadı. Zaman isə Paşinyanın xeyrinə işlədi. Çünki ordu dərhal nəsə edə bilsəydi, edərdi. Orduda çaşqınlıq oldu. Sistem parçalandı. Paşinyanın mitinqinə də 50 mindən çox adamın toplanması bunu bir daha təsdiqləyir. Ona görə də baş nazirin hakimiyyəti bir müddət də qoruyub saxlaması mümkündür”.