8 Mart 2021 18:30
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin ictimai-siyasi fikir tarixinin ən əlamətdar, şərəfli səhifələrində yer alıb. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt əsasında işini quran YAP Azərbaycanın inkişafına, yüksəlişinə, tərəqqisinə hər zaman töhfə verib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Millət vəkili bildirib ki, zamanın sınaqlarından uğurla çıxan partiya ölkədə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edib:

“YAP-ın fəaliyyəti Ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanıb. YAP güclü, monolit siyasi təşkilat olduğunu, ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək ikinci partiyanın mövcud olmadığını təsdiq etdi. YAP bütün situasiya və məqamlarda ardıcıl, məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb. Hakim partiya xalqımızın arzularının təcəssümü, yekdil iradəsinin ifadəçisi kimi çıxış edib. Məhz bunun üçün 1993-cü ildən ölkəmizdə keçirilən bütün seçkilərdə YAP-ın namizədləri qalib olub. Yeni siyasi fəlsəfə, baxışlarla siyasi meydana qədəm qoyan partiya böyük və nüfuzlu siyasi təşkilat olduğunu sübut edib. Ulu öndər Heydər Əliyevin "Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir” fikirləri hər dövr aktuallığını qoruyub. Xalqın YAP-a olan sevgisi onu Cənubi Qafqazın güclü siyasi qüvvəsinə çevirib”.

Deputat qeyd edib ki, Vətən müharibəsində qazanılan Qələbə milli birliyin, həmrəyliyin əbədi olduğunu nümayiş etdirdi:

“"Biz birlikdə güclüyük!” çağırışı dövlət siyasətinin əsas fəlsəfəsinə çevrildi. Vətən müharibəsinin ilk günündən 50 siyasi partiya Ali Baş Komandanın ətrafında birləşdi. Vahid hədəf, milli birliyin, həmrəyliyin sarsılmazlığı nümayiş olundu. YAP-ın VII qurultayında da 6 siyasi partiyanın vahid platformadan çıxış etməsi də bunun əyani sübutudur. Müxtəlif spektrdə fəaliyyət göstərən 6 siyasi təşkilatın YAP-a qoşulmaqla bağlı qərarı siyasi sferada hakim partiyaya olan münasibətin, inamın göstəricisidir”.


Müəllif: Tapdıq Qurbanlı