10 Mart 2021 11:36
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII Qurultayı çox mühüm ictimai-siyasi hadisədir. YAP-ın VI qurultayından üç il ötür. Ötən 3 il ərzində keçirilən prezident və parlament seçkiləri ilə ölkəmizdə gedən islahatlar yeni bir mərhələyə qədəm qoyub. Yaranmış yeni vəziyyət isə YAP-ın fəaliyyətinin tənzimlənməsinin çevik mexanizminin yaradılması məsələsini daha da aktuallaşdırdı. Ötən 29 il ərzində YAP-ın Proqram və Nizamnaməsinə uyğun olaraq təşkilatın strateji xətti təsbit edilib. Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, onun müasir beynəlxalq sistemdə layiqli yer tutması, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində əsas məqsəd və vəzifələr müəyyənləşib. Azərbaycan bu illər ərzində bütün sahələr üzrə əhəmiyyətli dərəcədə uğurlar əldə edib.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə. Qadın və uşaq məsələləri komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynova deyib.

O bildirib ki, bu gün müstəqil Azərbaycan regionun, dünyanın lider ölkələri sırasındadır:

“Hazırda əksər regional, beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Vacib görüş və tədbirlərin keçirilməsi üçün məhz Azərbaycan seçilir. Bunun çox ciddi əsası var. Dünyanın müxtəlif yerlərində dövlətlərin bir-birinə qarşı düşmənçiliyini, dözümsüzlüyünü, etnik təmizləmələri, terror aktlarının törədildiyini, dini, milli, irqi ayrı-seçkiliyi müşahidə edirik. Bütün bunların fonunda Azərbaycanda insanlar təhlükəsizlik, tolerantlıq və mehribançılıq şəraitində yaşayır. Sözsüz ki, hər bir inkişafın nüvəsini sabitlik təşkil edir. Biz buna təkcə mənsub olduğumuz mədəni keyfiyyətlərlə, qonaqpərvərliyimizlə, gözəl təbiətimizlə deyil, həm də ölkə başçısının yürütdüyü düşünülmüş siyasət nəticəsində nail olmuşuq. Prezident İlham Əliyev öz fəaliyyəti ilə - partiya sədri, prezident, Ali Baş Komandan kimi daim vətəndaşların maraqlarını müdafiə edib. Ölkə rəhbəri eyni zamanda hər bir azərbaycanlının Prezidenti olduğunu sübut edib. O, ümummili lider Heydər Əliyevin müqəddəs ideyalarını daha inkişaf etdirərək, uğurlu daxili və xarici siyasət həyata keçirib. Bunun nəticəsində Azərbaycan müstəqil dövlət olaraq daha da güclənib, dünya miqyasında söz sahibi olan dövlətə çevrilib. Azərbaycanın uğurlu enerji siyasəti, nəqliyyat siyasəti Avrasiya məkanında yeni əməkdaşlıq formatları yaradıb. Ölkəmiz öz gücünə ərazi bütövlüyünü bərpa edib. Vətən müharibəsində parlaq qələbə qazanılıb. Müstəqilliyimizin 30 illiyi ərəfəsində cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımız suveren hüquqlarını müdafiə edi. Uzun on illiklərdən sonra ölkəmiz ilk dəfə ərazi bütövlüyünü təmin edib. Bölgədə erməni faşizmini məhv edən qalib ölkə kimi tarixə adını yazdırıb”.

Professor qeyd edib ki, cənab Prezident İlham Əliyevin YAP-ın VII qurultayında proqram xarakterli nitqi növbəti mərhələ üçün yol xəritəsidir:

“İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yaradıb. Azərbaycanda həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişaf təmin edilib. Beynəlxalq aləmdə çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrilib. Azərbaycan genişmiqyaslı islahatlar aparır. Bu islahatların nəticələri gündəlik həyatda, ölkənin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə əksini tapır. Siyasi, iqtisadi, sosial və başqa sahələrdə xoşagəlməz hallara qarşı mübarizədə də qarşıya açıq-aydın hədəflər qoyulub. Ölkə başçısı tərəfindən başlanan sosial-iqtisadi və siyasi islahatlar vətəndaş-məmur münasibətlərində şəffaflığın və aşkarlığın yaranmasına xidmət edir. Sosial xidmətlər sahəsində yaradılan yeni müxanizmlər cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Hazırda ölkədə yeni siyasi konfiqurasiya, siyasi mədəniyyət və dialoq mühiti formalaşır. Anti-milli şura istisna olmaqla, bütün siyasi qüvvələr dialoqa meyl göstərir. Vətən müharibəsi zamanı siyasi partiyalar ərazi bütövlüyümüzün bərpası üçün mübarizədə həmrəylik nümayiş etdirib. 51 partiya vahid mövqe ilə Ali Baş Komandanı birmənalı dəstəkləyib. Artıq yeni dövrdə siyasi dialoq daha da dərinləşməkdədir. YAP-ın qurultayında 6 fərqli sferanı təmsil edən siyasi partiyanın birləşməsi ilə bağlı təqdim edilən təklif də müsbət qarşılanıb. Bu, siyasi sistemin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır. YAP-ın məramı, proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir. Çünki bu partiyaların da məqsədi torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin daha da inkişaf etməsi, sözün əsl mənasında müstəqil olmasıdır. Bu ideyaların üst-üstə düşməsi və YAP tərəfindən reallaşdırılması, bu partiyaya inamın artmasının sübutudur. Həmin partiyaların üzvlərinin sayı mühüm deyil, mühüm olan odur ki, cəmiyyətə YAP-ın qapılarının konstruktiv qüvvələrə açıq olması, milli həmrəylik mesajlarının verilməsidir. Siyasi partiyaların YAP-a qoşulmaq istəyi hakim partiyanın “iqtidar-xalq” modelinin reallaşdığının, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlamasının bariz nümunəsidir”.

Millət vəkili vurğulayıb ki, YAP hər zaman öz sıralarında qadınların fəaliyyətinə xüsusi önəm verir və onların yüksək vəzifələrə seçilməsinə müsbət münasibət göstərir:

“Partiyada hər zaman gender bərabərliyi təmin olunub. YAP sədrinin birinci müavini vəzifəsinə birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın seçilməsi xüsusi önəm kəsb edir. Eyni zamanda yeni yaradılmış Veteranlar Şurasının sədrinin müavini vəzifəsinə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın seçilməsi, İdarə Heyətində və Təftiş Komissiyasında xanımların təmsilçiliyi təqdirəlayiq haldır. Bu istiqamətdə də Yeni Azərbaycan Partiyası nümunədir. Hazırda Vətən müharibəsindən sonra yeni dövr başlayır. Ölkənin gələcəyi elə qurulmalıdır ki, qüdrəti, təsir imkanları daha da artsın. Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın. Bu işdə həm YAP, həm də bütün cəmiyyət fəal olmalı və öz töhfəsini verməlidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər