11 Mart 2021 14:28
1 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Ermənistanda maraqlı prosesləri müşahidə etdik. Əvvəlcə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama verdi, bir növ qərargah rəisi Onik Qasparyanı müdafiə etdiyini göstərdi. Ardınca Ermənistanın III Ordu birləşməsinin komandanı Qriqori Xaçaturov Baş nazir Paşinyandan dərhal istefa verməsini tələb etdi. Bu göstərir ki, əslində ordu rəhbərliyi ilə hökumət arasında gərgin münasibətlər olduğu kimi qalır. Üstəlik Qaspariyan da elan etdi ki, onun işdən azad edilməsi konstitusiyaya ziddir. Maraqlıdır, əvvəl Paşinyan ordu rəhbərliyini konstitusiyanı pozmaqda ittiham edirdi, indi Qasparyan Paşinyanı bunda ittiham edir”.

Bu fikirləri Teleqraf.com-a politoloq Əli Abbasov Ermənistandakı hərbi-siyasi vəziyyəti şərh edərkən deyib.

Əli Abbasov əmindir ki, erməni generallarının bu təhdidlərinin nəticəsi olmayacaq: “Əgər ordu dövlət çevrilişinə qalxsaydı indiyə qədər bunu etməli idi. İndi başa düşürlər ki, Türkiyə, Almaniya, Fransa, ABŞ və digər dövlətlər hərbi çevrilişi pisləyəcək. Ona görə də dövlət çevrilişi real deyil”.

Analitikə görə, ordu rəhbərliyinin anti-Paşinyan addımları şəxsi maraqlarla bağlıdır: “Bu generalların çıxış yolu yoxdur, onlar vəzifədən getməlidirlər. Onlara da deyən yoxdur ki, susun, başınızı aşağı salıb işləyin və hamınız öz yerinizdə qalırsınız. Əksinə, onlara deyirlər ki, susun və tutduğunuz vəzifələrdən çıxın. Onlarda çalışırlar ki, postlarında qalsınlar. Buna görə də Paşinyana müqavimət göstərmək, problemlər yaratmağa çalışırlar”.

Müsahibimiz əlavə edib ki, ən gərgin dövrdə belə Paşinyan öz niyyətindən dönməyib, ordu generallarının susması müqabilində vəzifələrini davam etdirəcəyinə müsbət yanaşdığını göstərməyib: “Mən inanmıram ki, indi vəziyyət yaxşıdır. Sakitlik yoxdur, amma gözləmə mövqeyi var. Bu işin başında duran Onik Qasparyan idi. Bu generallar da vaxtında “Qarabağ klanı” tərəfindən irəli çəkiliblər. İndi də anlayırlar ki, keçmişin adamlarıdır, əgər vəzifələrindən çıxarılsalar, bir daha vəzifəyə qayıtmaq imkanları olmayacaq. Onlar vəzifədən qovulduqdan sonra Paşinyana bağlı şəxslər ordu rəhbərliyinə gətiriləcək. Əgər bunu etməsə də ona problem və təhlükə qalacaq”.


Müəllif: Nemət

Oxşar xəbərlər