Əfv Sərəncamının verilməsi müsbət hadisədir və biz bu addımı yüksək qiymətləndiririk.
Bu fikirləri Teleqraf.com-a hüquq müdafiəçisi Novella Cəfəroğlu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv Sərəncamını şərh edərkən deyib.
Hüquq müdafiəçisi bildirib ki, Azərbaycan xalqının milli - Novruz bayramı ərəfəsində belə bir humanist addımın atılması olduqca əhəmiyyətlidir:
“Bu o deməkdir ki, yüzlərlə insan azadlığa çıxaraq bayramı öz evində, ailəsinin əhatəsində keçirəcək. Bu təqdirəlayiq haldır və tərəfimizdən dəstəklənir”.
Novella Cəfəroğlu əlavə edib ki, əfv Sərəncamı ilə 475 nəfər azadlıq buraxılıb:
"98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, 3 ömürlük azadlıqdan mərhumetmə cəzası alan məhbusun cəza müddəti 25 illə əvəzlənib, bir neçə şərti cəza alan məhbus cəzadan azad edilib, eləcə də cərimə cəzasına məhkum edilən şəxslər bundan azad edilib. Bu, olduqca böyük bir əfv siyahısıdır. Və çox sayda insana bayramı evində keçirməsinə şərait yaradacaq. Bütün əfv və humanist addımlar müsbət hadisədir”.
Hüquq müdafiəçisi sonda qeyd edib ki, onlar Əfv Komissiyasına 37 nəfərin adını təqdim ediblər:
“Biz çox istərdik ki, siyahımızda olan şəxslərin hamısı azadlığa buraxılsın. Hazırda əfv siyahısı üzərində işləyirik. Bir daha vurğulayım ki, əfv addımlarına müsbət yanaşmaq və qiymətləndirmək lazımdır”.