29 Mart 2021 20:27
1 444
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri bağlıdır. Onlar indi sərhədləri açmasalar, tam “boğulacaqlar”, onsuz da dalandadırlar. Ermənistandakı sağlam düşüncəli insanlar bunu anlayır. Paşinyan da başa düşür ki, sərhədləri açmaqdan başqa çıxış yolu yoxdur. Ya sərhədlər açılmalı, ya da Azərbaycan və Türkiyə ilə düşmənçiliyi davam etdirməlidirlər. Düşmənçilik davam edəcəksə, növbəti “dəmir yumruq”u görəcəklər”.

Politoloq Fikrət Sadıqovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Ermənistan Baş naziri Nikol Paşinyan aprel ayında istefa verəcək. Paşinyanın erkən seçkilərdən əvvəl atdığı bu addım daxildəki gedişata necə təsir göstərəcək?

- Görünən budur ki, Paşinyan müharibədən sonra Ermənistan daxilində yaranmış vəziyyət üçün ən əlverişli variantı seçir. O anlayır ki, müxalifət küçələrdən çəkilməyəcək, yəni onun istefası gündəmdən çıxarılmayacaq. Nəticədə belə bir varianta əl atır. Amma Paşinyanı dəstəkləyən qüvvələrin sayı kifayət qədərdir. Paşinyan da özünə güvənən bir şəxs kimi seçkilərə gedərək, istefa verir. Hesab edirəm ki, onun bu istefası müvəqqəti xarakter daşıyacaq, baş nazir vəzifəsini icra edəcək. Görünür, iyun ayında keçiriləcək seçkilərdə yenidən seçilmək ümidindədir.

- Rusiya erkən seçkilərdən fürsət kimi istifadə edəcəkmi?

- Düşünürəm ki, hazırkı situasiyada Paşinyan Rusiyanı tam qane edir. Rusiya başa düşür ki, Paşinyan bir tələyə düşüb. Bu, Rusiyanın özü tərəfindən qurulan bir tələdir. Belə bir durumda da nə ABŞ, nə də Avropa Paşinyana əl uzatdı. Nəticədə Rusiyanın təzyiq vasitələri daha da gücləndi. Rusiyanın bu prosesə müsbət cavab verməsi hiss olunur, görünür. Bununla belə, Rusiya özünə daha yaxın olan namizəd axtarışındadır. Onların arasında Robert Köçəryan da, generallardan biri də ola bilər. İstisna deyil ki, onlar seçkilərdən əvvəl qarışıqlıq yaradaraq öz namizədlərini hakimiyyətə gətirsinlər.

- Milyarder iş adamı Ara Abramyan da seçkilərdə iştirak edəcəyini açıqlayıb. Abramyanın Rusiya Prezidenti Vladimir Putinə yaxınlığı da heç kimə sirr deyil. Rusiya Paşinyana qarşı onun namizədliyini dəstəkləyə bilərmi?

- Ara Abramyan siyasətçi olmasa da, zəngin iş adamıdır. Moskvanın dəstəyi ilə seçkilərdə iştirak edə bilər. Bəllidir ki, maliyyə məsələsi seçkilərdə önəmli rol oynayır. Qeyd etdiyim kimi Moskva hələ axtarışdadır. Abramyan da bu siyahıda Moskvaya ən yaxın şəxslərdən biri kimi qəbul oluna bilər. Ermənistandakı cinayətlərə qarışmayan, proseslərə arxadan təkan verən, digər yandan Moskvaya yaxın bir şəxs kimi və onun maliyyə imkanlarının geniş olması Abramyanın lehinə olan amillərdir. Hesab edirəm ki, Moskva ona dəstək versə, Abramyanın seçkilərdə qalib gəlməsi mümkündür.

Bir məqam da var ki, Ara Abramyanın siyasi partiyası yoxdur. Maliyyə imkanları nə qədər çox olsa da, Abramyan təkbaşına heç nə edə bilməz. Çünki Ermənistanda oturuşmuş partiyalar var. Abramyana isə öz məqsədinə çatmaq üçün bu partiyaların dəstəyi lazımdır. Belə bir dəstək təmin etsə, baş nazir ola bilər.

- Bəs Qərb və ya ABŞ-ın Ermənistandakı proseslər haqda qərarı nə ola bilər? Hətta iddia vardı ki, Paşinyanın hakimiyyətə gəlməsində Qərbdəki müəyyən siyasi institutların ciddi rolu olub...

- Sorosun rolu olub. Sorosun İrəvanda dəstəklədiyi kifayət qədər qruplaşmaları vardı, indi də var. Görünür, bu dəfə də öz sözünü deyəcək. Amma mən düşünmürəm ki, hansısa Avropa ölkəsi və ya ABŞ açıq şəkildə Paşinyanı dəstəkləsin. Sadəcə olaraq, müəyyən dairələr onu demokratik siyasətçi kimi qələmə verə bilərlər. Amma bu o demək deyil ki, Qərbin Paşinyana tam və geniş dəstəyi var. Çünki onlar da başa düşürlər ki, Paşinyan hazırda ölkəyə tam olaraq nəzarət edə bilmir. Yəni Paşinyana qarşı çıxış edən qüvvələr var, onlar da daxildə öz mövqeləri ilə seçilirlər. Bu baxımdan, Qərbin müəyyən qədər tərəddüd etdiyini düşünürəm. Əlbəttə, Qərb hələ öz sözünü deməyib. Görünən budur ki, Qərb və Avropadakı müəyyən fondlar Ermənistandakı prosesləri iyun ayına qədər müşahidə edəcəklər. Bu nöqteyi-nəzərdən, onların seçkilərə qarışması istisna deyil. Amma onların seçimi naməlumdur. Onlar kimi seçəcəklər: Paşinyan, Vazgen Manukyan və ya başqa bir siyasətçini? Bu, hələlik məlum deyil. Bu, siyasi proseslərin gedişatında bəlli olacaq.

- Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, müharibədən sonra bölgədə vəziyyət kəskin şəkildə dəyişib, Türkiyə ilə münsibətlərə yanaşma da dəyişməlidir. Əlbəttə, onun bu fikri daxildə kəskin reaksiya ilə qarşılandı. Paşinyanın komandasında belə fikir səsləndirənlərin sayı kifayət qədərdir. Sizcə, bu yöndə hansı gəlişmələrin şahidi ola bilərik?

- Ermənilərin millətçi ruhu kifayət qədər radikallaşıb. Bu baxımdan, Ermənistandakı bəzi siyasi qüvvələrin reallığı görmədiyi də gündəmdədir. Qriqoryan da hakimiyyətin nümayəndəsidir, başa düşür ki, bu vəziyyətdən çıxmaq üçün Türkiyə ilə sərhədlər və dəhlizlər açılmalı, diplomatik münasibətlər qurulmalı, erməni xalqı nəfəs almalıdır. Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri bağlıdır. Onlar indi sərhədləri açmasalar, tam “boğulacaqlar”, onsuz da dalandadırlar. Ermənistandakı sağlam düşüncəli insanlar bunu anlayır. Paşinyan da başa düşür ki, sərhədləri açmaqdan başqa çıxış yolu yoxdur. Ya sərhədlər açılmalı, ya da Azərbaycan və Türkiyə ilə düşmənçiliyi davam etdirməlidirlər. Düşmənçilik davam edəcəksə, növbəti “dəmir yumruq”u görəcəklər. Amma onların 30 illik işğalçı və aqressiv siyasəti Ermənistana zərərdən başqa heç nə qazandırmadı.

Hesab edirəm ki, Ermənistan rəhbərliyi ilə yanaşı, bəzi müxalifət partiyalarının liderləri də mövcud durumun onların lehinə olmadığını başa düşür. Onlar indi daha radikal fikirlər səsləndirirlər ki, Paşinyanın hakimiyyətdən getməsi üçün şərait yarada bilsinlər. Amma bu o demək deyil ki, onlar real vəziyyətin nədən ibarət olduğunu başa düşmürlər.

- Ermənistan Qarabağda infrastrukturun inşası və bərpasına pul ayırır. Sizcə, bölgədəki kommunikasiyalar və nəqliyyatın blokadadan çıxarıldığı bir vaxtda Ermənistan rəhbərliyi niyə belə bir qərar verdi?

- Bu, boş, sərsəm və reallığa uyğun olmayan bir bəyanatdır. Onların 210 milyon dollar pulu varsa, bunu öz xalqına xərcləsin. Ermənistan iqtisadiyyatı bərbad vəziyyətdədir. İndi bu durumu yaxşılaşdırıb xalqı yerindən qaldırmaq lazımdır. Digər yandan, onların buna səlahiyyətləri çatmır. Çünki Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və elə də olacaqlar. Müəyyən zamandan sonra ora azərbaycanlılar da qayıdacaq. Buna görə də, Ermənistanın verdiyi bu bəyanatı mənasız hesab edirəm. Çünki ora bizim ərazimizdir, onların müttəfiqləri də bunu tanıyır. Beynəlxalq təşkilatların mövqeyindən də görünən budur ki, Azərbaycanın ərazi bütövlüyü tam tanınır. Bunu seçkiqabağı verilmiş gurultulu bəyanat kimi qəbul etmək olar. Amma bu o demək deyil ki, həmin plan həyata keçiriləcək. Azərbaycan buna nə imkan verəcək, nə də şərait yaradacaq. Belə bir addım olarsa, bunun qarşısını almaq üçün bütün imkanlarımızı səfərbər edəcəyik.


Müəllif: Mənsur Rəğbətoğlu