Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Azay müəllim, Ermənistan hazırda minalı ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina edir və bir növ bu mövzu üzərində manipulyasiya edir. Məsələ ilə bağlı Ermənistana beynəlxalq miqyasda təzyiqlər necə olunmalıdır?
- Bildiyiniz kimi, istənilən müharibə başa çatdıqdan sonra hümanitar problemlərin həlli istiqamətində addımlar atılmalıdır. Bu, beynəlxalq hümanitar qanunun tələbidir. Bu tələblər sırasında ilk yerdə məhz minalanmış ərazilərin xəritəsinin qarşı tərəfə təqdim olunması dayanır. 2020-ci ilin 10 noyabrında müharibə bitəndən sonra Ermənistan dərhal beynəlxalq öhdəliklərinə riayət edərək minalanmış ərazilərin xəritəsini Azərbaycana təhvil verməli idi. Amma bu ölkə həmişə olduğu kimi yenə də beynəlxalq hüququ heçə sayır. Ermənistan həmin xəritələri Azərbaycana verməməklə günahsız insanların minalardan əziyyət çəkməsinə, yaralanmasına və həyatlarını itirməsinə səbəb olur. Ermənistan bunu bilərəkdən və qəsdən edir. Bu günə kimi işğaldan azad olunmuş ərazilərdə mina partlaması nəticəsində 20-dən artıq Azərbaycan vətəndaşı həlak olub, 70-dən çox insan ağır yaralanıb. Beynəlxalq humanitar qanuna görə mina xəritələrinin qarşı tərəfə qəsdən verilməməsi hərbi cinayət hesab olunur və göründyü kimi məhz Ermənistanın hərbi cinayəti nəticəsində 100-ə yaxın günahsız Azərbaycan vətəndaşı zərər çəkib və ya həyatını itirib. Təəssüflər olsun ki, Ermənistanın bu cinayətinə beynəlxalq ictimaiyyət, xüsusilə ATƏT və onun institutları səssiz qalmaqda davam edirlər. ATƏT bununla bağlı mövqeyini açıqlamalıdır. Bu onun mandatına və birbaşa məsuliyyət dairəsinə daxil olan məsələdir. Eyni zamanda ağız dolusu hümanitar yardımlardan danışan, xüsusilə Ermənistana hərtərəfli yardım planlaşdıran və bu istiqamətdə çağırışlar edən dövlətlər bu kimi ciddi problemə münasibət bildirməli və Ermənistandan xəritələrin dərhal verilmsini tələb etməlidirlər. Təəssüf ki, bunların heç birini müşahidə etmirik.
Ancaq bütün bunlara baxmayaraq Azərbaycan mina xəritələrini almaq üçün Ermənistana hərtərəfli təzyiqləri artırıb. Xüsusilə, cənab Prezidentin beynəlxalq səviyyəli bütün çıxışlarında bu məsələ ayrıca vurğulanır və əminəm ki, gec-tez Ermənistan minalanmış ərazilərin xəritələrini bizə verməyə məcbur olacaq.
- ATƏT PA-da bu məsələ qaldırılıb?
- Əlbəttə, ATƏT PA-nın cari ilin yanvar ayında olan büro iclasında, fevral ayında keçirilən qış sessiyasında və mart ayındakı onlayn konfranslarında digər mühüm məsələlərlə yanaşı, minalanmış ərazilərin xəritəsi Ermənistandan tələb olunub. Bundan başqa ATƏT Parlament Assambleyasının həm Təhlükəsizlik və Siyasi məsələlər komitəsinə, həm də İnsan hüquqları, demokratiya və hümanitar məsələlər komitəsinə rəsmi məktub göndərilib. Məktublarda Ermənistanın manipulyasiya etdiyi bir sıra mövzular, xüsusilə “hərbi əsirlər”lə bağlı məsələlərə aydınlıq gətirilib, mina xəriələrinin Azərbaycana verilməsi üçün dəstək xahiş olunub.
Ümid edirəm ki, ATƏT PA-nın komitələri bu istiqamətdə müəyyən addımlar atacaq. Düşünürəm ki, bu mövzuda Ermənistana təzyiqlər daha da artırılmalıdır.
- Qarşı tərəf “hərbi əsir” məsələsini daha çox qabartmağa çalışır. 10 noyabrdan sonra həbs olunmuş terrorçulara münasibət hansı səviyyədə olmalıdır?
- Ermənistan hər zaman yalan üzərindən iş qurub. Demək olar ki, onlar yalan və böhtan üzrə ixtisaslaşıblar. “Hərbi əsir”, kilsə və mədəni abidələrlə bağlı məsələlər də ermənilərn növbəti yalan və böhtan kampaniyasının tərkib hissəsidir. Bu bir həqiqətdir ki, müharibə başa çatdıqdan sonra Azərbaycana göndərilən sabotaj qrupunun üzvlərini, “hərbi əsir” kimi təqdim etmək olmaz. Ölkəmizin mövqeyi açıq və ədalətlidir. Azərbaycan 44 günlük müharibə vaxtı əsir düşən erməni hərbçilərinin və mülki şəxslərin hamısını qarşı tərəfə təhvil verib. Ermənistanın manipulyasiya alətinə çevirdiyi şəxslərə gəldikdə isə, burada hər şey aydındır. Bu hərbçilər konkret plan əsasında ötən ilin noyabrın 26-da, yəni 10 noyabrda müharibə bitdikdən sonra diversiya məqsədilə Azərbaycanın ərazisinə Ermənistandan sızıblar. Məhz bu diversiya nəticəsində 4 hərbiçimiz şəhid olub, bir mülki vətəndaşımız yaralanıb. Ona görə də onlar heç bir halda hərbi əsir hesab oluna bilməzlər və heç şübhəsiz ki, bu canilərə Azərbaycanın qanunvericiliyi ilə haqq etdikləri cəza veriləcək. Məlum olduğu kimi, sabotaj qrupunun üzləri haqqında cinayət işi açılıb. Dindirmələr, araşdırmalar davam edir. Zamanı gəldikdə istintaqın nəticələri ilə bağlı ictimaiyyətə və beynəlxalq təşkilatlara müvafiq məlumatlar veriləcək.