13 Aprel 2021 10:27
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi Qənimətlər Parkının açılışı və məhz hərbçilərlə yeni bulvarda görüş, onların təltif edilməsi tarixi əhəmiyyətə malikdir. Hərbi Qənimətlər Parkı müasir Azərbaycanın qəhrəmanlıq tarixini təcəssüm etdirir. Bu məkan ziyarətə gələn hər bir şəxsdə Ordumuzun qüdrəti və məğlubedilməzliyi haqqında təsəvvür formalaşdırır.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, bu, həm də düşmənin “qəhrəmanlaşdırdığı”, barəsində mif yaratdıqları "məğlubedilməzlərin" məhv olunmuş görüntüləridir:

“Açıq səma altındakı muzey müharibə meydanındakı panoramı xatırladır. Bu muzey gənc nəsillərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün əyani məktəb olacaq. Həm də ölkəmizə səfərə gəlmiş xarici qonaqlara Ordumuzun gücü və apardığı rəşadətli müharibə haqqında təsəvvür formalaşdıracaq”.

Deputat hesab edir ki, 8 noyabrda Şuşanın işğaldan azad olunması ölkəmizə düşmənçilik gözü ilə baxanların başını aşağı salıb:

“Təbii ki, bu qələbəmizə asan nail olmamışıq. Prezident İlham Əliyevin 17 illik fəaliyyəti bizi bu qələbəyə gətirib çıxarıb. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan dövlət siyasəti ölkəmizdə siyasi sabitliyi möhkəmlətdirməklə iqtisadi müstəqilliyimizə nail olmağımıza imkan verib. Məhz iqtisadi müstəqillik heç kimdən asıllı olmadan qəhrəmancasına müharibə apararaq torpaqlarımızı işğaldan azad etməyimizə şərait yaratdı. Ordumuzu gücləndirə bildik və Prezident İlham Əliyev hər zaman açıq şəkildə bəyan edirdi ki, biz torpaqlarımızı azad etmək üçün müharibəyə hazırlaşırıq. Bunu heç kimdən gizlətmirdik. Beynəlxalq müstəvidə yarana biləcək bütün maneələri neytrallaşdıra bildik. Beləliklə, müzəffər Ordumuz 44 günlük Vətən müharibəsində öz sözünü deyərək düşməni döyüş meydanında məhv etdi”.

Azər Badamov əlavə edib ki, Hərbi Qənimətlər Parkında nümayiş etdirilən texnikalar Köçəryanın və Sərkisyanın darmadağın olunmuş ordusunun təsviridir:

“Bu, tarixdir, həm də bu məkana ziyarətə gələn hər kəsdə Ordumuzun gücü haqqında təsəvvür formalaşır”.

Millət vəkili Bakının yeni bulvarının dünyanın ən gözəl məkanlarındandan olduğunu vurğulayıb:

“Yeni bulvar Azərbaycanın müasirliyinin və inkişafının simvoludur. Prezidentin hərbçilərlə məhz bu məkanda görüş keçirməsi və onları təltif etməsi onlara olan dövlət qayğısının göstəricisidir. Vətən yolunda döyüşmüş heç kim unudulmur. Onların vətən qarşısındakı xidmətləri dəyərləndirilir və hər zaman dövlət dəstəyi ilə əhatə olunacaq. Bu Qələbənin əsl qəhrəmanları Ali Baş Komandan, Müzəffər Ordumuz və Xalqımızın birliyi oldu”.


Müəllif: Tapdıq Qurbanlı