44 günlük Vətən müharibəsi zamanı Şuşaya atılan “İsgəndər M” raketi ilə bağlı Rusiya öz səhvini boynuna almalı olacaq. Biz müharibə zamanı onların helikopterini vurduq və sonra da səhvimizi etiraf etdik. Rusiya tərəfi də bunu etiraf etməlidir. Çünki bu məsələnin əvvəlindən axırına qədər Rusiya dayanıb.
Bu sözləri Teleqraf.com-a beynəlxalq hüquq üzrə ekspert Rüstəm Məmmədov deyib.
O əlavə edib ki, belə bir halın olmasının özü biabırçılıqdır: “Sən Azərbaycana qarşı bu silahın işlədilməsinə niyə imkan verirsən? Buradan belə təssürat çıxır ki, Rusiyanın özündə vahid idarəçilik yoxdur. Rus hərbçiləri öz bildiyini edir, Vladimir Putin də öz siyasətini həyata keçirir. Əlbəttə, belə bir durum dövlətin qeyri-stabilliyindən xəbər verir. Sanki vahid idarəçilik yoxdur. Hər halda belə təəssürat yaranır. Mən ümid edirəm ki, bu məsələ ədalətli şəkildə həll ediləcək və səhv olan tərəf bundan nəticə çıxaracaq”.
Hüquqşünas hesab edir ki, Rusiya səhvini etiraf etməklə bu məsələnin müzakirəsi bitəcək: “Əlbəttə, çoxları deyir ki, bu hal Rusiyanın imicinə mənfi təsir edəcək. Rusiya anlayır ki, böyük səhv edilib. Məncə, bu hal Rusiyanın Qarabağ məsələsində güzəştə getməsinə səbəb olmalıdır. Bəli, bu günə qədər güzəştə gedib. İndi elə etmək lazımdır ki, güzəştlər prosesi davam etsin”.