15 Aprel 2021 17:30
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda Azərbaycanın postmünaqişə dövründə mövqeyi bir daha dünya ictimaiyyətinə təqdim olundu. Bu toplantı ilk növbədə göstərdi ki, 44 günlük Vətən Müharibəsindən sonra Cənubi Qafqazın gələcəyinə optimist baxış formalaşıb. Dünyanın aparıcı beyin mərkəzlərinin ekspertlərinin ünvanladığı suallar və dövlət başçımızın səsləndirdiyi cavablar, verilən şərhlər də göstərirdi ki, Azərbaycan Prezidentinin regionun gələcəyi ilə bağlı baxışı dünyanın əsas beyin mərkəzləri üçün böyük maraq kəsb edir.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputata görə, əsas reallıq ondan ibarətdir ki, postmünaqişə dövründə regionda inkişaf və əməkdaşlığa hesablanmış yeni baxışın formalaşmasına ehtiyac var və bu məsələdə əslində bütün region ölkələri maraqlı olmalıdır:

“Lakin hazırda yalnız Azərbaycan təşəbbüskar qismində çıxış edir. Azərbaycan Qarabağı azad etməklə regionda yeni əməkdaşlıq platforması yaradır. Nəticədə isə Cənubi Qafqaz regionunun inkişafında yeni mərhələ başlayıb. Bu yeni mərhələdə bizim əsas üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycan öz müstəqilliyinin, ərazi bütövlüyünün bərpasının əsas məsələsini, əsas məqsədini həll edib. Artıq növbəti 30 il üçün məqsədlər nəzərdən keçirilir”.

Millət vəkili hesab edir ki, dünyanın beyin mərkəzlərinin ekspertləri də bu qənaətdədir ki, 44 günlük müharibə və onun nəticələri regional əməkdaşlıq üçün perspektivlərə yol açıb: “Onlar da qəbul edir ki, 10 noyabr razılaşması Cənubi Qafqazda dinamikanı dəyişdirmək üçün potensiala malikdir. Bu gün Azərbaycan regionda dayanıqlı sülhün möhkəmlənməsi istiqamətində çalışır. Lakin təbii ki, qarşı tərəf də adekvat davranmalıdır. Əks halda, Azərbaycan haqlı olaraq xəbərdarlıq edir”.

Könül Nurullayeva deyib ki, artıq münaqişə bitib: “Lakin Ermənistanın əməkdaşlıqla bağlı niyyətlərini gizlətməsi konstruktiv ab-havanı pozur. İndiki mərhələdə ATƏT-in Minsk Qrupunun həmsədrləri də fəaliyyətlərini yeni mərhələyə uyğun formalaşdırmalıdır.

Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, vasitəçilər kövrək sülhə zərbə vura biləcək bir şey etməməlidirlər. Ermənistana qeyri-real vədlər verməməlidirlər, neytral, qərəzsiz və bu vəziyyəti bağlamağa çalışmalıdırlar. Çünki Azərbaycan 30 illik işğala son qoymaqla regionu böyük təhlükədən xilas edib. Bundan sonra əsas prioritet əməkdaşlığı daha da dərinləşdirmək, Cənubi Qafqazda sağlam mühit yaradaraq dayanıqlı sülhü qoruyub saxlamaq olmalıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər