16 Aprel 2021 20:57
1 463
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kremldə bilirlər ki, Ukrayna NATO-nun təsiri altında düşsə, Rusiyanın gələcəyi pis olacaq”.

Teleqraf.com Milli Məclisin (Ali Sovetin) sabiq sədri, professor Yaqub Məmmədovla müsahibəni təqdim edir:

- Yaqub müəlim, Ukrayna ətrafında baş verənlərlə bağlı fikirləriniz nədən ibarətdir, nələr yaşana bilər?

- Mən də sizlər kimi vəziyyəti mətbuat vasitəsilə izləyirəm. Qənaət belədir ki, Ukrayna və Rusiya arasında durum gərginlik baxımından pik həddədir. ABŞ-ın yeni prezidenti Co Bayden əvvəlcədən Ukraynada maraqlı idi, indi də vəziyyəti qızışdırır, qarışdırır. Çox gərgin situasiya hökm sürür. Amma orada müharibənin başlaya biləcəyinə inanmıram. Hər halda tərəflər dərk edir ki, əgər müharibə başlasa, bu, olduqca böyük masştablı olacaq, yəni lokal əməliyyatlar baş tutmayacaq. Bunu söndürmək də asan olmaz. Ona görə də vəziyyət gərgindir, proqnoz vermək də olmur. Ümumiyyətlə, dünya bir-birinə qarışıb, bilinmir ki, sabah nələr ola bilər.

Ukraynada da hakimiyyətdə cavan oğlandır, onu da o yana, bu yana çəkirlər. Məncə, məsələyə soyuqbaşlı yanaşmaq vacibdir. Əgər müharibə başlasa, Ukrayna ayaq altında qalacaq.

- Demək istəyirsiniz ki, Ukraynanın Rusiyaya müqavimət göstərmək imkanları yoxdur?

- Yox. Müharibə başlasa, Ukrayna müqavimət göstərə bilməyəcək. Rusiya hərbi sahədə çox güclüdür, onun qarşısına çıxacaq qüvvə yoxdur. Həm də Amerika özü gəlib Ukraynada müharibə aparası deyil. Maksimum Ukraynaya silah-sursat verə, məsləhətçi mütəxəssislər göndərə bilər. Hesab edirəm ki, NATO da Rusiya ilə bacarmaz.

- Son nəticə budur ki, Bayden və Putin məsələnin dialoq yolu ilə həllində razılaşdı...

- Bayden necə dialoq aparır? Bu tərəfdən deyir gəlin razılaşaq, digər tərəfdən də Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Ona görə də Rusiya görüşdən faktiki imtina etdi. Bəllidir ki, bu cür barışıq, dialoq olmur. Barışıq qarşılıqlı olmalıdır. Bir addımı o tərəf atanda, bir addımı da bu tərəf atmalıdır. Yoxsa buradan dialoq təklif edirsən, o tərəfdən də Rusiyaya qarşı sanksiyalara qərar verirsən. Bu halda tərəflər hansı məsələ ətrafında danışacaqlar?

- Bu sanksiyalar Rusiyanı zəiflədirmi?

- Sözsüz ki, bunun böyük təsiri var. Neçə illərdir ki, Rusiyaya müxtəlif istiqamətdə sanksiyalar tətbiq edilib. Avropa da bu sanksiyalara qoşulub. Bunlar elə-belə məsələlər deyil. İqtisadi, siyasi cəhətdən böyük təsirlər göstərir.

- Sanksiyalarla paralel olaraq Rusiya dünyada təklənə, izolyasiya oluna bilərmi?

- Rusiya əslində təklənib. Biz baxanda görürük ki, hazırda Rusiyanın hərbi sahədə əməkdaşlıq etdiyi elə bir tərəfdaşı yoxdur. Türkiyə ilə münasibətləri yaxşıdır, amma Ankara da NATO ittifaqında təmsil olunur. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu dünən verdiyi bəyanatda bildirdi ki, Ukrayna məsələsində neytraldır və heç kəsin tərəfini saxlamayacaqlar. Rusiyanın az-çox Çinlə əlaqələri var. Amma Çin də gəlib ona kömək edəsi deyil. Yəni Rusiyanın NATO kimi təşkilatı yoxdur. Əvvəl Varşava Paktı vardı, indi belə səviyyəli hərbi ittifaq mövcud deyil.

- Əvəzində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı var və bu, faktiki hərbi ittifaqdır...

- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında post-sovet ölkələrindən 5-6-sı təmsil olunur. Digərləri yoxdur. Orada ciddi ölkələrdən biri Ukrayna idi, o da çoxdandan bu qurumla yollarını ayırıb.

- Rusiyanın perspektivi ilə bağlı fərqli yanaşmalar irəli sürülür. Çoxluq Rusiyanın zəifləyəcəyini, təsir imkanlarını itirəcəyini bildirir. Sizin proqnozunuz necədir?

- Bu ,olduqca çətin məsələdir. İndi dünyanı elə qatıb-qarışdırıblar ki, sabah nəyin baş verəcəyi bilinmir. Odur ki, proqnoz vermək çətindir. Amma kim düşünürsə ki, Rusiya dağılıb gedəcək, şəxsən mən buna inanmıram. Belə söz-söhbətlər var. Jurnalistlər, siyasətlə məşğul olanlar bu haqda danışırlar, amma inandırıcı görünmür. Rusiya tarix boyu müharibələr aparıb və sonda da qalib çıxıb. Ona görə də inanmıram ki, Rusiya dağılıb getsin. Mənə elə gəlir ki, onun dağılması haqda fikirlər bir qədər də fantaziyadır.

Nəzərə almaq lazımdır ki, Rusiyanın nəhəng resursları, sərvəti, ərazisi var. Habelə böyük xalqdır, güclü silahları var. Görmürsünüz, 1980-cı illərin sonu, 1990-cı illərin əvvəllərində Rusiyanı dağıtdılar, özü də başdan. Hərbi Sənaye kompleksi olmaqla bütün sahələri bərbad günə qoydular. Lakin qısa müddətdən sonra Rusiya vəziyyətini bərpa etdi və bu gün dünyaya meydan oxuyur.

- Rusiya və Qərb üçün də qırılma nöqtəsinin Ukrayna məsələsi olduğu qaçılmazdır. Bu halda problem necə həll oluna bilər və ya olunmalıdır?

- Sovet İttifaqının dağılması və Ukrayna daxil olmaqla Şərqi Avropada ölkələrin müstəqilliyini elan etməsindən sonra Mixail Qorbaçovla Qərb ölkələri liderləri arasında razılaşma olmuşdu. Bu razılaşmaya görə, NATO keçmiş sovet ölkələrinin ərazilərinə gəlməməli idi. Məncə, bu razılaşmaya əməl etmək lazımdır. Azərbaycan müstəqil ölkədir, nə ehtiyac var ki, burada kiminsə bazası olsun? Qərbin niyə Ukrayna və Gürcüstanda NATO bazasını yaratsımaq marağı var? Onlar kənara çəkilməlidir, elə Rusiya da kənarda durmalıdır. Ukrayna da neytral və müstəqil dövlət kimi yaşamaqda davam etməlidir. Buna kim maneə olur? Ukrayna dövlət kimi qalmalıdır, hər iki tərəflə də normal münasibətlər saxlamalıdır. Azərbaycan rəhbərliyinin düşünülmüş və ağıllı siyasəti bu mənada nümunə olmalıdır. Bütün ölkələrlə yaxşı münasibət qurub yaşamaq lazımdır. NATO oradan gəlib Ukraynanı qızışdırdı, Kiyev də Rusiya əleyhinə kampaniya apardı. Rusiya da məcbur olub gedib Krımı tutudu, Donbası qarışdırdı. Sual belədir: NATO niyə Ukraynaya gəlmək istəyir, nə məqsədi var? Rusiyada rəhbərlikdə oturanlar da bilirlər ki, Ukrayna NATO-nun təsiri altında düşsə Rusiyanın gələcəyi pis olacaq.

- Rusiyanın səhvləri yoxdurmu?

- Əlbəttə, rusların da səhvləri var. Rusiyanın maraqları ilə yanaşı səhvləri də var. Rusiyada müəyyən mərhələdə Ukrayna ilə münasiətləri düzgün qura bilmədi və nəticədə belə vəziyyət yarandı.


Müəllif: Nemət Orucov