20 Aprel 2021 15:18
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistan Hərbi Dəniz Qüvvələri komandanı admiral Məhəmməd Amcad Xan Niazi ilə görüşüb.

Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, 2-ci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi tarixi zəfər münasibətilə təbriklərini çatdıran admiral Məhəmməd Amcad Xan Niazi, Pakistanın Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini, ölkələrimizin bir-birinə göstərdiyi dəstəyin, hər hansı maddi maraqlardan deyil, xalqlarımızın tarixi köklərindən, dini və mədəni əlaqələrindən, ortaq bağlardan qaynaqlandığını vurğulayıb, Kəşmir məsələsində Azərbaycanın Pakistana dəstəyini yüksək qiymətləndirib.

Admiral Məhəmməd Amcad Xan Niazi Pakistan hərbi dəniz qüvvələri tərəfindən keçirilmiş AMAN-21 beynəlxalq hərbi dəniz qüvvələri təlimində Azərbaycan hərbi dəniz qüvvələri zabitlərinin iştirak etdiyini və gələcəkdə Azərbaycandan iştirakın daha da artırılmasını və genişləndirilməsini arzu etdiklərini vurğulayaraq, Pakistan Hərb Dəniz Qüvvələrinin mövcud təhsil, təlim və hərbi-texniki imkanlarının Azərbaycan Hərbi Dəniz Qüvvələri üçün daim açıq olduğunu diqqətə çatdırıb.

Admiral Amcad Xan Niazini Pakistanın Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinə təyin olunması münasibətilə təbrik edən səfir Əli Əlizadə, Vətən müharibəsində Azərbaycanın qələbəsi münasibətilə təbriklərə görə təşəkkürlərini çatdırıb, Pakistan dövlətinin və xalqının Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyin Azərbaycan dövləti və xalqı tərəfində yüksək qiymətləndirildiyini vurğulayıb. Səfir, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığa Azərbaycanın maraqlı olduğunu, hərbi dəniz qüvvələri sahəsində də ikitərəfli əməkdaşlığın uğurla davam etdiyini və daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib.

Görüşdə regional təhlükəsizlik və ikitirəfli əlaqələrdə qarşılıqlı maraq doğuran digər məsələrə də dair fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər