Milli Məclisin deputatı Elman Nəsirov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- 24 apreldə ABŞ prezidentinin məlum ifadəni işlətməsi üçün ermənilər dəridən, qabıqdan çıxır. Gözləntilər hansı halda özünü doğrulda bilər?
- Ermənilərin qondarma “soyqırımı” ilə bağlı uydurduqları tarix yaxınlaşdıqca, həm Ermənistanda, həm də dünyadakı erməni lobbi təşkilatları səfərbər olur. Xüsusilə gözlər ABŞ-a dikilib: həmin gün ABŞ prezidenti çıxışında bu qondarma hadisə ilə bağlı hansı ifadəni işlədəcək, hansı termini səsləndirəcək, hansı münasibət bəslənəcək? Ermənistan dövləti və dünyadakı erməni lobbi təşkilatlarının vahid niyyəti odur ki, ABŞ prezidenti məhz “soyqırımı” ifadəsini işlətsin. Amma bu günə qədər heç bir ABŞ prezidenti bu ifadəni işlətməyib. “Böyük faciə” ifadəsi səslənib. Amma “soyqırımı” ifadəsi işlənməyib. Bu da məntiqlidir. Çünki bu çox ciddi, ağır bir ittiham olar. Bu nəticə etibarı iulə ABŞ-ın NATO üzrə ikitərəfli qaydada ən yaxın müttəfiqlərindən bir olan Türkiyə ilə münasibətlərin korlanması yox, tamamilə məhvinə səbəb olar. Bu eyni zamanda NATO çərçivəsində çox ciddi parçalanmalara səbəb ola bilər. Ona görə də, heç bir zaman ABŞ prezidentləri o ifadəni işlətməyib. Doğrudur, Barak Obama 2008-ci ildə prezident seçilməmişdən öncə yeganə namizəd kimi təkcə şifahi deyil həm də yazılı şəkildə bildirdi ki, o əgər ABŞ prezidenti olarsa, bu halda “soyqırım” ifadəsini işlədəcək. Lakin B.Obama iki dəfə prezident seçildi və heç birində o ifadəni işlətmədi. Səbəbi də o oldu ki, vəzifəyə gələnə qədər çox söz və vəd vermək olar. Real prezidentliyin ağır yükü çiyinlərə düşdükdən sonra gördülər ki, belə bir addımın atılması ABŞ-ın Türkiyə ilə münasibətlərinin kəsilməsinə səbəb ola bilər. Bu da ABŞ-ın strateji maraqlarına son dərəcədə zidd olan bir məsələdir. Ermənilərin dar maraqları naminə Türkiyə kimi nəhəng bir dövləti itirmək olmaz. İndi yenidən ermənilər bir qədər “ümidləniblər”. Düşünürlər ki, Co Bayden hələ senator olarkən Konqresdə Ermənistanın “dostları qrupunun” üzvü olub, onun prezident olması müqabilində daha şanslıdırlar. İnanmağa çalışırlar ki, o, “soyqırımı” ifadəsini işlədəcək. Amma Baydenin belə bir addım atmayacağı da bəllidir. Onun erməni lobbisinə qarşı hansı loyallığı göstərməsindən asılı olmayaraq bu gün dünyanın fövqəldövlətinin prezidentidir. O, dövlətin bütün strateji maraqlarına təminatına cavabdehdir. Belə bir addımın artılması ABŞ, NATO və Türkiyə münasibətlərin böhran səviyyəsinə gətirilməsinə səbəb ola bilər. Ancaq ermənilər ciddi cəhdlə beynəlxalq fikri özlərinə tərəf çəkməyə çalışırlar.
- Rusiya ilə münasibətlərin gərginləşdiyi bir məqamda Türkiyəni narazı salarmı?
- ABŞ-Rusiya münasibətlərinin bugünkü tarixini təhlil etsək görərik ki, bu, soyuq müharibə dövrünü xatırladır. Hazırda ABŞ-dan 10 rus diplomat qovulub. Polşadan da artıq 3 rus diplomat çıxarılıb. Çexiyada 18 rus diplomatı ölkəsində "arzuolunmaz şəxs" elan edilib. Ukranya isə 72 saat vaxt verdi ki, bütün rus diplomatları ölkədən çıxarılsın. Eyni zamanda ABŞ hərbi gəmiləri Qara dənizə istiqamətlənib. Ona görə də, bu gün ABŞ-Rusiya münasibətləri özünün ən ağır dövrünü yaşayır. İndiki halda Rusiya-Türkiyə münasibətlərində üst-üstə düşən məqamlar var. Bir çox hallarda bu ölkələr artıq strateji tərəfdaş kimi çıxış edir. Baxmayaraq ki, Türkiyə və ABŞ müasibətləri isə strateji tərəfdaşlıq deyil, strateji müttəfiqlik xarakteri daşıyır. Belə olan halda ABŞ Türkiyə kimi müttəfiqinin ziyanına addım atmayacaq. Bu, Vaşinqton-Moskva münasibətlərində bu qədər gərginliyin hökm sürdüyü reallıqda ağılsız bir addım olar. Bu eyni zamanda Vaşinqtonun strateji maraqlarına daban-dabana ziddir. Bəlkədə C.Baydenin 4 illik prezidentlik müddətinin ən qara ləkəsinə çevrilə bilər.
- Prezident İlham Əliyevin "Zəngəzura qayıdırıq, İrəvana da qayıdacağıq" mesajı qarşı tərəfdə hansı reallıqların izahı kimi başa düşülməlidir?
- Cənab Prezidentin ADA Universitetindəki çıxışında səsləndirdiyi bu mesaj mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısının başqa bir ifadəsi də var ki, bizim heç bir dövlətin ərazisinə qarşı iddiamız yoxdur. Azərbaycan ancaq beynəlxalq birliyin tanıdığı ərazilərimiz üzərində suveren hüquqlarını bərpa edib. Vətən müharibəsi də məhz bu anlamda baş verib. Ancaq Zəngəzura, İrəvana qayıdış tezisləri Ermənistanın 6 tərəfli tərəfdaşlıq platfomasında iştirakı ilə bağlıdır. Bunun üçün də Zəngəzur dəhlizi ilə dəmir yolu xəttləri işə salınacaq. Artıq Naxçıvanla quru yolla əlaqə yaranacaq. Azərbaycanın tərkib hissəsi Naxçıvana getmək üçün Zəngəzur dəhlizindən istifadə olunacaq. Bu əməkdaşlığın iqtisadi əlaqələrin bərpası deməkdir. Kommunkasiyaların yaranması ilə Zəngəzurla birbaşa Naxçıvana Türkiyəyə əlaqələr qurulur. Məhz real qayıdışı özündə bunu ifadə edir. İrəvana qayıdış da məhz bu anlamı ifadə edir. Qonşulardan birinin köçüb başqa məkanda yerləşməsi mümkün deyil. Ona görə, eyni coğrafiyada yaşamağa məhkumuq. İrəvana qayıdış ələqələrin yaranmasını, inkişafını, ticarət əlaqələrin formalaşmasına zəmin ola bilər. Ona görə də, İrəvana qayıdışa da bu konteskdən yanaşmaq lazımdır. Bəziləri bunu başqa cür qələmə verməyə çalışır. Azərbaycanın müharibə yolu ilə Zəngəzuru, İrəvanı geri almaq kimi təşəbbüsü yoxdur. Bu Azərbaycanı istəməyin qüvvələrin yanaşmasıdır. Cənab Prezident açıq şəkildə vurğulayıb ki, Azərbaycanın heç kimin torpağında gözü yoxdur. Baxmayaraq ki, Ermənistan tarixi Azərbaycan torpaqlarında yaranıb. Amma buna baxmayaraq Azərbaycan Zəngəzura, İrəvana qayıdışa da məhz iqtisadi, kommunikasiya əlaqələrinin yaranması konteksindən yanaşır.