“Azəriqaz”ın sədri Ruslan Əliyev son 4 ayda hər həftə sosial şəbəkələr üzərindən canlı yayımlar etməklə minlərlə insanın qarşısında ən sərt suallara cavab verir, videoqəbullar keçirir, göstərişlərini açıq şəkildə verir. Deməli, Mirqasiya Xidməti rəhbərinin 3 il əvvəl cəsarətlə başlatdığı çevik ünsiyyət platformasına hökumətimizin digər nümayəndələri də qoşulsa, dövlətin informasiya siyasəti köklü dəyişər”.
Teleqraf.com xəbər verir ki, bu szləri parlamentdə çıxışı zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Komitə sədri bildirib ki, bütün hakimiyyət institutlarının davranışları belə deyil:
“Müavinətləri kəsilən insanların, kredit ala bilməyən sahibkarın və yaxud haqsız hökm-qərarla üzləşən vətəndaşın qarşısına çıxmamaq ciddi fəsadlar törədir”.
Zahid Orucun sözlərinə görə, müasir kommunikasiya vasitələri yeni idarəçilik tələbləri ortaya qoyur:
“Bizə kənardan mövzu, gündəlik, siyasət və rəy diqtə edənlərin qarşısına yalnız xalqla daimi əlavə ilə çıxmaq olar. Bəs onda haradadır ənənəvi partiya konfransları, haradadır virtual görüşlər, canlı yayımlı müşavirə və iclaslar? Gözəl binalara və optik internet resurslarına, yüksək markalı kompüterlərə malik olmaqla iş bitmir. Qələbəmizi sürətlə xərcləmək, əsrlərə yetəcək Zəfərimizi gündəlik hüquq, sosial problemlər, idarəetmə qayğıları içərisində əritmək olmaz. Tənqid və ittihamçılar təkcə hökuməti, bir strukturu deyil, sonda dövləti hədəf seçirlər. İnformasiya vakuumunun yerini şayiə və böhtanlar tutur. Dövlət nə qədər işlər görsə də, təbliğat və təqdimatlar cəmi bir günə yetir. Axı ictimai rəy təkcə rəsmi vasitələrə formalaşmır. Hər gün insanların qəlbi və ruhu uğrunda əsl “səlib yürüşü” gedir. Ona görə də hamımız qəbul etməliyik - hakimiyyət xalqla kommunikasiya, ünsiyyət, dialoq deməkdir!”.