Separatçıların rəhbəri Araik Arutunyanın Moskvaya səfərinin təşkil edilməsi Azərbaycan ictimaiyyətində haqlı narahatlıq və narazılıq yaradıb. Bunun qeyri-rəsmi səfər olması ilə bağlı da müxtəlif manipuliyasiyalar edilir. Amma bu qanunsuz səfər təşkil olunub. Rusiya ermənilər ittifaqının rəhbəri Ara Abramyan da belə bir faktı təsdiqləyib. Ona görə də bu məsələ ilə bağlı çoxsaylı suallar yaranır.
Bu fikirləri Teleqraf.comn-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Onun sözlərinə görə, 10 noyabr razılaşmasına əsasən Rusiya tərəflər arasında vasitəçidir:
“Rusiya 10 noyabr üçtərəfli razılaşmanın imzalanmasında iştirak edib. Belə olan halda separatçıların rəhbərinin Moskvaya çağırılmasını necə əsaslandıra bilərlər? Erməni separatçılarının rəhbəri 44 günlük müharibənin gedişində açıq-aydın etiraf etdi ki, Gəncə şəhərinin bombalanması ilə bağlı əmri o verib. Bunu kadrlar da sübut edir. Deməli, bu şəxs müharibə cinayətkarıdır. Ən azı bu faktı özü etiraf edib. Azərbaycanın Baş Prokurorluğu da Araik Arutunyanla bağlı cinayət işi açıb. Onunla bağlı artıq istintaq başlanılıb. Rusiya ilə Azərbaycan arasında hüquqi yardım haqqında bir anlaşma var. Bu, eyni zamanda ekstradisiya məsələlərini özündə ehtiva edir. Belə olan halda Rusiya-Azərbaycan münasibətlərinin səviyyəsindən çıxış etmək zərurəti yaranır. Rusiya strateji tərəfdaşı olan Azərbaycana müharibə cinayətinə imza atmış bir canini təhvil verməlidir. Mövcud məntiq bunu diktə edir”.
Deputat A. Arutunyanın hansı ölkənin pasportu ilə Rusiya ərazisinə gedəcəyi sualının da açıq qaldığını qeyd edib:
“Çünki Arutunyan Azərbaycan pasportu ilə belə bir səfər reallaşdıra bilməz və bu baş verməyib. Bəs sual olunur ki, bu cinayətkar hansı pasportla Moskvaya səfər edib? Rusiya Qarabağdan gəlmiş bir separatçını hansı pasportla ölkəyə buraxıb? Bu kimi məsələlər hələ cavabsız qalıb”.
Elman Nəirov hesab edir ki, separatçı rejimin rəhbərinin Rusiyaya səfərinin təşkil edilməsi, onsuz da kövrək olan sülh prosesinə çox ciddi bir zərbədir:
“Xüsusilə, bu addım revanşistlərdə müəyyyən nikbinlik yaradır. Revanşistlər düşünür ki, onlara Moskvadan dəstək var. Məsələ də bu qədər qəlizləşmiş və mürəkkəbləşmiş olur. Bunun da hansı fəsadlar yaradacağı bəllidir. Eyni zamnda belə bir səfərin təşkil edilməsinə razılığın verilməsi Ermənistanda 20 iyun seçkilərinin nəticələrinə təsir edir. Bununla revanşistlərin mövqeyi güclənmiş olur. Onların hakimiyyətə gəlişdə yolu açılır. Bu da müharibə ehtimalını yenidən gücləndirir. Ona görə də belə bir addımın hansı mənada Rusiyanın maraqlarına uyğun olduğunu izah etmək çətinlik yaradır. Axı Rusiya qarant rolunda çıxış edir. Müharibə də bitib. Bundan sonra siyasi proseslərdə Rusiya da iştirak edir. Bu istiqamətdə məlum bir mövqe var. Belə bir reallığın ortaya çıxması Rusiyanın vasitəçi və qarant öhdəlikləri ilə daban-dabana zidiyyət təşkil edir”.