Qondarma erməni soyqırımı siyasəti üzərindən təzyiq cəhdləri heç bir nəticə verməyəcək. ABŞ prezidenti Co Baydenin “soyqırımı” ifadəsi işlətməsi tarixi səhv və yanlış addımdır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
O qeyd edib ki, hazırda Ermənistanda hökm sürən siyasi xaos fonunda 24 aprel fürsətindən istifadə etmək istəyən qüvvələr var: “Bu qüvvələr müəyyən manipulasiyalardan istifadə etməklə Türkiyə və Azərbaycana təzyiq etmək niyyətindədir. Amma istənilən halda qondarma erməni “soyqırımı”nın heç bir tarixi əsası yoxdur. Bu, sözün əsl mənasında qondarma bir “soyqırımı” iddiasıdır. Əgər tarixə nəzər salsaq görərik ki, əslində ermənilərin var olması və bir millət kimi formalaşmasında birbaşa Osmanlı dövlətinin böyük rolu olub. Təəssüflər olsun ki, ermənilər Osmanlı dövlətinə qarşı da xainlik edib. Erməni terror təşkilatı vasitəsilə Osmanlının parçalanması, dağılması üçün xarici qüvvələrlə əməkdaşlıq edib”.
Deputat 1915-ci ildə baş verən hadisələrdə, ermənilərə qarşı heç bir “soyqırımı” siyasətinin olmadığını söyləyib: “Əksinə Osmanlı dövləti öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün, erməniləri yaşadıqları ərazisindən başqa bir yerlə köçürülməsini təmin edib. Bununla Osmanlı dövləti ermənilərin təhlükəsizliyini təmin etmək niyyətini ortaya qoyub. Ona görə də yalançı, qondarma erməni soyqırımının heç bir tarixi əsası yoxdur”.
Naqif Həmzəyev bildirib ki, XX əsrin sonlarında törədilən Xocalı soyqırımı bu gün dünya briliyi tərəfindən lazımı hüquqi qiyməti almaqdadır: “Ermənistan terrordan qaynaqlanan, qidalanan və onun əsasında qurulan bir dövlətdir. Bu dövlət Azərbaycanın əzəli, tarixi torpaqlarında yaradılıb. Ona görə də tarixi faktları saxtalaşdırmaqla heç bir nəticə əldə etmək mümkün olmayacaq”.