“ABŞ prezidentinin “soyqırımı” bəyanatı əvvəla saxta sənədlərə əsaslanıb, eyni zamanda tarixə siyasi baxış nümayişidir. Daha yaxşı olardı ki, ABŞ bu ölkədə yaşayan erməni icmasından arxivlərin açılmasını, mütəxəssislərin bunu araşdırmasını tələb edərdi. Necə ki Türkiyə arxivlərini bütün araşdırmaçılara açıq elan edib. Bu halda, bəlkə, ABŞ prezidentinin tarixi həqiqətlər barəsində xəbəri olardı”.
Bu sözləri Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə ABŞ prezidenti Co Baydenin saxta erməni soyqırımını tanıması haqda danışarkən bildirib.
Asim Mollazadə deyib ki, prezident Baydenin son bəyanatının heç bir hüquqi qüvvəsi yoxdur, sadəcə sözdür:
"Bnunla Bayden ABŞ-ın ənənəvi müttəfiqləri ilə münasibətlərinə xələl gətirib. Əslində, bu bəyanat ABŞ-ın milli təhlükəsizliyinə zərbə kimi qiymətləndirilməlidir. ABŞ-ın bu qərarı NATO-nun cənub-şərq cinahını zəiflətmək kimi qiymətləndirilə bilər”.
Deputat düşünür ki, gələcəkdə Vaşinqton bu zədələri bərpa etmək üçün müvafiq addımlar atmalı, Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq üçün çox iş görməlidir:
“Bu çıxış ABŞ-ı zəiflətmək üçündür və fəsadları onun milli təhlükəsizlik maraqlarına zərbədir. Bunun üçün də indiyə qədər heç bir ABŞ prezidenti öz ölkəsinin maraqlarını düşünərkən belə addım atmırdı. Yəni hansısa bir diaspordan asılılığına görə belə bəyanatla çıxış etmirdi. Bayden bu bəyanatı ilə ABŞ-ın güclü müttəfiqlərindən biri ilə münasibətlərini gərginləşdirmək xətti seçdi və bunun da ziyanını Amerika çəkməli olacaq”.
Deputat qeyd edir ki, bu addımla erməni diasporu əslində öz maraqlarını təmin etməklə yanaşı “soyqırımı” kimi əsassız silahı və arqumentini əldən vermiş olub:
“Ancaq erməni diasporunun fəaliyyəti sadəcə saxta soyqırımı üzərində qurulmayıb. Bu, onların əsas istiqaməti idi. Onların bir çox fikirləri ilə tanışam. Strategiyaları belədir ki, erməni xalqı "okean və dənizlərlə" bağlı olduğuna görə onlar istəyirlər ki, bir sıra erməni dövləti yaratsınlar. Məsələn, Türkiyə ərazisində yaratmaqla Aralıq dənizinə, Gürcüstan ərazisində yaratmaqla isə Qara dənizə çıxış əldə etmək istəyirlər. Sonda bu dölətlərin əsasında “Böyük Ermənistan” ortaya çıxmalıdır. Bu mifologiya üzərində və Nijdenin ideologiyası əsasında disporun strategiyası hazırlanıb. Bu xəstə təfəkkür istiqamətində onlar davam edəcəklər. Və sözsüz ki, belə olacağı təqdirdə öz qonşuları ilə də problemlərr yaşayacaqlar. Amma maraqlıdır ki, Ermənistan əhalisi müharibə istəmədiyinə dair mesajlar verir. Amma diaspor mifologiya üzərində məqsədləri naminə Ermənistan əhalisini də qurban verməyə hazırdır. Bu isə nəticəsi olmayacaq bir işdir və erməni xalqının daha böyük məğlubiyyətinin təməlidir”.