28 Aprel 2021 09:14
1 869
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənilər böyük siyasətdə alətdir, həmişəki kimi çömçə, beş qəpiklik qutab rolunu oynayırlar. Ermənilərdən istifadə edirlər. Ermənistan Rusiyanın forpostudur. Amerika da ermənilərdən çömçə kimi istifadə edir, buranı qarışdırmağa çalışır. Ermənilər müstəqil millət deyil. Artıq 150 ildir ermənilərin siyasi liderləri bu xalqı dünya arenasında bir-biri ilə döyüşən güclərin alətinə çevirib. Bu, yaxşı qismət deyil – çox alçaldıcı və ziyanlı bir qismətdir. Bu qisməti də liderləri erməni xalqına rəva bilirlər”.

Politoloq Zərdüşt Əlizadənin Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Rusiya və Fransa prezidentləri bildirir ki, yaxın zamanlarda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu çərçivəsində yeni təşəbbüslər hazırlayacaqlar. Sizcə, onlar “yeni təşəbbüslər” deyəndə nəyi nəzərdə tuturlar?

- İndi həmsədrlər Azərbaycana gəlib bu təklifi verəcəklər. Əgər Azərbaycan deyibsə ki, münaqişə bitib, o zaman Bakıda onların diqqətinə çatdırılacaq ki, cənablar, məsələ həll olunub, sizin təklifləriniz bizi maraqlandırmır. Vasitəçilər isə hesab edirlər ki, onların missiyası başa çatmayıb. Azərbaycan da hesab edir ki, bu missiya qurtarıb. Hazırkı vəziyyətdə kimin öz mövqeyini müdafiə etməsi, onun qətiyyət, savad və gücündən asılı olacaq. Azərbaycan prezidenti bəyan edibsə ki, münaqişə qurtarıb, demək, bitib. İndi bunu yenidən Fransa və Rusiyaya bildirmək lazımdır, bunu da zaman göstərəcək.

- Tam olaraq, Azərbaycandan nə istəyirlər, nəyə nail olmaq niyyətindədirlər?

- Münaqişə bunun iştirakçılar üçün bir bəla, itkidir, fəlakətdir, qırğındır. Kənar ölkələr, vastəçilər, diplomatlar üçün isə “xeyirli biznes”dir. Hər bir vasitəçi bu bölgədə özünün mənafeyini – iqtisadi və geosiyasi maraqlarını müdafiə etməyə çalışır. Vasitəçi olmağı da buna imkan verir. Vaxtilə Türkiyə və İran da vasitəçi olmaq istəyirdi. Amma “biznesmen vasitəçilər” onları yaxın buraxmadılar. Üç ölkə - Fransa, ABŞ və Rusiya bu “vasitəçilik biznesi”ndən o ki var qazandı. Sonra öz aralarında ziddiyyət yarandı. Rusiya da çalışır ki, onları kənarlaşdırsın. Sülhməramlı qüvvələrini bölgəyə gətirməklə öz mövqeyini gücləndirdi. İndi fikirləşir ki, bir qədər bazarlığa getmək olar. Məsələn, Fransanı yaxınlaşdırır.

Rusiya hazırda faktiki olaraq, dünyadan təcridedilmiş vəziyyətdədir. Buna görə də, Rusiyaya hansısa bir məsələdə Qərbə tərəf kimi təqdim etmək maraqlıdır, xeyirdir. Bu məsələ kimi də Qarabağı seçib. Yenidən Qərblə birlikdə “vasitəçilik biznesi”ni bərpa etməyə çalışır.

- Türkiyənin adını çəkdiniz, Ankaranın proseslərə təsir imkanları varmı?

- Türkiyə Azərbaycanın yanındadır. Türkiyə Azərbaycanla yaxın münasibətlər vasitəsilə bölgədəki yerini gücləndirib. O cümlədən, Türkiyənin Yaxın Şərq və dünyadakı mövqeyi də kifayət qədər möhkəmlənib. Dünya görür ki, kim Türkiyənin dostudur, o qalib gəlir. İndi görürük ki, Ukrayna və digər ölkələr də Türkiyə ilə yaxınlaşmağa çalışır.

- Yəni Türkiyə Cənubi Qafqazda Rusiyanın nəzərə aldığı bir gücə çevrilibmi?

- Əlbəttə! Əgər Azərbaycan Cənubi Qafqazda yerləşirsə və onun ən yaxın müttəfiqi Türkiyədirsə, demək, Türkiyə də bu bölgədə söz sahibidir.

- Rusiya niyə aşkar şəkildə Ermənistanı dəstəkləməyə başlayıb? Məsələn, separatçıların başçısı Araik Arutyunyan niyə Moskvaya çağırıldı?

- Araik heç kəs, heç nədir. Yəni heç bir gücü yoxdur. Siyasətdə güclə hesablaşırlar. Araikin nə gücü var?! Araik Qarabağda rus sülhməramlıların himayəsində olan 20-30 min erməninin təmsilçisidir – heç kəsdir. Hamı bilir ki, Rusiya olmasaydı, orada erməni qalmayacaqdı, çıxıb gedəcəkdi. Ruslar gəldilər, ermənilər qaldılar. Araik öz gücünü rusların himayəsindən alır, özünün belə bir müstəqil gücü yoxdur. Təkcə Araikin yox, Ermənistanın özünün də müstəqil gücü mövcud deyil. Ermənistan Rusiya və Qərbin himayəsindədir. Görürsünüz, bir səfeh şeyə görə millət sevinir, bayram edir ki, Bayden “soyqırımı” tanıdı. Gözümüz aydın. Ermənilər belə bir vəziyyətdədir.

Rusiya istəyinə nail oldu – Ermənistanı daha da zəiflətdi, Azərbaycanla əməkdaşlıq qurdu. Artıq Rusiyanın Cənubi Qafqazdakı bir nömrəli müttəfiqi Ermənistan yox, Azərbaycandır.

- Erməni mətbuatında maraqlı iddia ortaya atılıb. Həmin iddiaya görə, eks-prezident Serj Sərkisyanla Kreml arasında sərinlik yaranıb. Buna səbəb Kremlin seçkilər üçün ona yox, sabiq prezident Robert Köçəryana üstünlük verməsidir. Sizcə, Kreml niyə Köçəryanı seçdi?

- Artıq hamı Serj Sərkisyanı hesabdan silib, o çıxdaş olunub. İndi Ermənistanda Serj Sərkisyan adlı siyasətçi yoxdur, amma Köçəryan var. Soruğulara inansaq, seçicilərin 6 faizi Köçəryana, 31-32 faizi isə Paşinyana səs verməyə hazırdır. İndi seçkilər necə gedəcək, necə keçiriləcək, seçki kampaniyasını Seçki Komissiyası necə idarə edəcək – bunu Allah bilir. Hər halda bir çox şeydən xəbərdar olan mütəxssislər bildirirlər ki, seçkinin qalibi Paşinyan olacaq.

- Bəs ABŞ Prezidenti Co Bayden niyə “soyqırımı” tanıdı? Bunun arxasında hansı mesajlar var – söhbət ermənilərin və ya Ermənistanın saxta iddialarının müdafiəsindən gedir, yoxsa...?

- Bu qərarın bir çox tərkib hissəsi var. Biri budur ki, Bayden konqresmen olarkən, 15 il bu “soyqırımı” məsələsini müdafiə edib. İndi də Bob Menendez müdafiə edir, o da vaxtilə belə etmişdi. Bayden seçki kampaniyası zamanı söz verdi ki, seçilsə, “soyqırımı” sözünü deyəcək. Seçildi və dedi, yəni, seçkiqabağı vədini yerinə yetirdi.

İkincisi, son vaxtlar ABŞ və Türkiyə arasındakı münasibətlər sərindir. Əlbəttə, Ankara və Vaşinqton müttəfiqdir, ABŞ-ın Türkiyə ərazisində hərbi bazası var, Yaxın Şərq məsələsində mövqelərini uzlaşdırırlar, bir-birinin maraqlarını nəzərə alırlar və s. Amma münasibətlər sərindir və bunun səbəbləri var. Türkiyə vaxtilə ABŞ-dan “Patriot” sistemləri istəmişdi, amma Vaşinqton bundan imtina etmişdi. Türkiyədə bildirdi ki, Amerika bunu vermirsə, Rusiyadan “S-400” alacaq. Amerika vermədi, Türkiyə də Rusiyadan aldı. Amerika da guya Türkiyəni cəzalandırmaq istədi, bildirdi ki, “F-35” satmayacaq. Türkiyə də dedi ki, gözüm aydın.

İndi Türkiyə bildirir ki, öz hərbi sənayesini inkişaf etdirir, əgər hansısa bir silahı alırsa, həm də onun istehsalı üçün nəzərdə tutulan texnoloji sirləri və avadanlığı da almalıdır. “F-35”-in bəzi hissələrini Türkiyə istehsal edirdi. Bu məsələdə də problemlər var. Yəni, bura qədər münasibətlər soyumuşdu. Üstəgəl, Türkiyə Çinin “Bir kəmər, bir yol” layihəsində iştirak edir. Yəni, bu Mehri dəhlizi məsələsi elə-belə layihə deyil. Bu, Çinlə Avropa arasında quru yolun daha bir variantıdır. Bir variant Bakı-Tiflis-Qars dəmir yolu, digəri də Naxçıvan-Mehri-Bakı yoludur. Bunlar da Amerikanın strateji məqsədlərinə uyğun deyil.

Türkiyə yalnız öz maraqlarını nəzərə alaraq, müstəqil şəkildə bu siyasəti yürüdür. Türkiyəni sıxma-boğmaya salıb, onun üçün gələcək təhdidlər yaratmağa çalışırlar. Məsələn, “soyqırım”ı tanınmaq. Bu tanımanın arxasında o mesaj var ki, sən bizə itaət etməsən, sözümüzə baxmasan, Amerika məhkəmələri işə düşə, təzminat tələb oluna, Konqres qərar verə bilər. Yəni, Türkiyə-ABŞ münasibətləri kəskinləşə bilər. Türkiyənin rəhbərini bunlarla hədələyirlər. Ərdoğan da onları vecinə almır, deyir ki, mən bildiyimi edəcəyəm, sən də bildiyini et. Görək, kimin əsəbləri dözməyəcək, birinci geri çəkiləcək.

Ermənilər böyük siyasətdə alətdir, həmişəki kimi çömçə, beş qəpiklik qutab rolunu oynayırlar. Ermənilərdən istifadə edirlər. Ermənistan Rusiyanın forpostudur. Amerika da ermənilərdən çömçə kimi istifadə edir, buranı qarışdırmağa çalışır. Ermənilər müstəqil millət deyil. Artıq 150 ildir ermənilərin siyasi liderləri bu xalqı dünya arenasında bir-biri ilə döyüşən güclərin alətinə çevirib. Bu, yaxşı qismət deyil – çox alçaıldıcı və ziyanlı bir qismətdir. Bu qisməti də liderləri erməni xalqına rəva bilirlər. Hər xalq öz mənafeyini müdafiə etməlidir, başqalarının maraqları üçün ortaya düşməməlidir.

- Türkiyə ABŞ-a qarşı hansı addımlarla cavab verə bilər?

- Amerikaya qarşı addım atmaq Türkiyəyə əl vermir. Türkiyəyə uyğundur ki, Amerika ilə dost, mehriban münasibətləri olsun. İndi Türkiyə Amerikaya baş qoşub, məsələn, hindu soyqırımını tanısın – bunu ancaq səfeh jurnalistlər deyə bilərlər. Türkiyə oturuşmuş dövlətdir, onun sabit xarici siyasəti var. Unutmayın ki, bu dövlətin 500 illik imperiya, 800 il də dövlətçilik tarixi mövcuddur. Yəni, o, dünən yerdən elə-belə çıxan göbələk deyil - ənənələri olan millət və dövlətdir. Onlar siyasətlərini düşünürək həyata keçirirlər. Ərdoğanın da çox güclü müşavirləri, məsləhətçiləri var. Türkiyəni çox güclü və vətənpərvər siyasi sinif idarə edir.

Türkiyənin son 30-40 ildə keçdiyi inkişaf yoluna fikir verin: çox kasıb və zəif bir dövlət indi ən güclü dünya liderlərindən birinə çevrilib. Vaxtilə yapon, sovet. Alman bölgələrindən danışırdılarsa, indi inkişaf etmiş türk bölgəsindən bəhs edirlər. Bu gün Türkiyə ən qabaqcıl texnologiyası ilə sayılan dövlətdir. Türkiyə bütün sahələr üzrə inkişafdadır. Bu ondan irəli gəlir ki, Türkiyənin səmərəli siyasi sistemi var. Təsadüfi deyil ki, Türkiyəni gözü götürməyənlər Prezident Ərdoğanı “sultan” adlandırırlar. Bəs sultan nə deməkdir: tərifdir, yoxsa söyüş? Söyüş deyil, “sultan”, güclü deməkdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər