Cənab Prezidentin işğaldan azad olunmuş Zəngilan və Cəbrayıl rayonlarına səfərləri artıq Qarabağda yeni bir tarixin başlanğıcının nümunəsidir. Bundan öncə də dövlət başçısı işğaldan azad olunmuş bölgələrə səfərlər edib. Ağdamda, Füzulidə, Şuşada və digər azad olunmuş bölgələrdə bir neçə böyük layihələrin əsası qoyulub. Zəngilan və Cəbrayıla səfər isə yeni layihələrin açılışı ilə yadda qaldı. Artıq azad olunan ərazilərdə görülən işlərin ilkin nəticələri təqdim olundu. Eyni zamanda yeni layihələrin də əsası qoyuldu.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev bildirib.
O deyib ki, layihələrin əsasının qoyulması yeni Qarabağın tikilməsi, qurulması kimi adlandırılır:
“Cənab Prezident hər zaman vurğulayırdı ki, Qarabağda quruculuq işləri aparılacaq. Bununla bağlı dünyaya bir nümunə təqdim olunacaq. Necə ki, 44 günlük Vətən müharibəsində tamamilə yeni bir hərb nümunəsi göstərildi. Qarabağın qurulması da yeni və müasir yanaşmalarla həyata keçiriləcək. Qarabağın yenidən qurulması, müasir, bütöv, güclü, qüdrətli Azırbaycanın yeni tarixinin başlanğıcı deməkdir. Zəngilanın I Ağalı kəndində “Ağıllı kənd” layihəsi də yeni düşüncə və yanaşmaların təzahürüdür”.
Komitə sədri yüksək əmək məhsuldarlığı, yeni keyfiyyətin yaranacağından bəhs edib:
“İnsanların sosial və mədəni həyatının təmin olunması istiqamətində ciddi addımlar atılır. Dünyanın ən qabaqcıl şirkətlərinin fəaliyyəti azad olunmuş bölgələrdə daha müasir innovasiyaların tətbiqinə imkan yaradacaq. 30 ilə yaxın bir müddətdə qaçqın və məcburi köçkünə çevrilmiş vətəndaşlarımızın yenidən öz rahat şəraitlərinə qayıtması üçün bütün zəruri addımlar atılacaq. Eyni zamanda Qarabağın turizm və iqtisadi potensialı yüksələcək və dünyaya yeni, keyfiyyətli Azərbaycan məhsulları təqdim olunacaq. Turizm sektoru üçün Qarabağ olduqca cazibədar məkandır. Ən müasir standartlar səviyyəsində Qarabağ bölgəsində turizm obyektləri yaranacaq”.
Musa Quliyevin fikrincə, o bölgənin sakinləri ilə görüşdə bir daha vurğulandı ki, insanlarımız qısa zamanda öz ata-baba yurdlarına qayıtmağa, qurmağa-yaratmağa hazırdır:
“Dövlətin də niyyəti məhz bundan ibarətdir ki, bölgənin sürətli inkişafı, əhalinin dinc yaşayışı, əmin-amanlığı təmin olunsun. İqtisadi maraqlar hər zaman hərbi və siyasi maraqlardan daha davamlı olur. Bölgə daha yüksək səviyyədə inkişaf etdikcə, orada yaşayan sakinlər, Azərbaycanın erməni millətindən olan vətəndaşları da bu inteqrasiyada maraqlı olacaq. Bundan sonra bölgədə daha davamlı münasibətlər formalaşacaq. İllərlə müharibə davam edə bilər, amma əsrlərlə düşmənçilik olmur. Tarix də göstərib ki, 10 illiklər boyu müharibə edən dövlətlər sonradan əməkdaşlıq edib. Ona görə də bölgənin böyük bir xalqı olaraq gec-tez səhv edənləri də düzgün yola qaytarmaq üçün nümunəvi yolu onlara göstərməliyik. Bu düz yol isə Zəngəzur dəhlizidir. Bu dəhlizin açılması Azərbaycanın iqtisadi qüdrətini artırmaqla əməkdaşlığı, birgə yaşayışı təmin edəcək faktorlardan olacaq”.