3 May 2021 21:00
1 436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla müsahibəni təqdm edir:

- Tofiq müəllim, Ermənistanda seçki öncəsi vəziyyət siyasi qüvvələrin bir-birini ittiham etməsi ilə müşayiət olunur. Bu ölkədə vəziyyəti necə qiymətləndirirsiniz və gözləntiləriniz nədən ibarətdir?

- Bu seçkilərin əsas mahiyyəti gələcəkdə Ermənistanın aparacağı siyasətin nədən ibarət olacağı ilə bağlıdır. Bəzi şüarlar səsləndirirlər və bəlli qüvvələr revanşist mövqedən çıxış edirlər. Onlara sual edəndə ki, revanş hansı formada olacaq, deyirlər ki, biz Rusiya ilə birləşməliyik, bizə dəstək verəcəklər, ruspərəst siyasət həyata keçirməliyik və s. Əslində erməni cəmiyyətində əsas müzakirə “Köhnə Rusiyapərəst siyasəti davam etdirək, yoxsa qərbyönümlü siyasət olmalıdır” mövzusunda gedir. Nikol Paşinyan vaxtında Qərbyönümlü siyasətini elan edib. Hesab edirəm ki, mahiyyətin mənası bu olmaqla Ermənistanda bir neçə istiqamətində proses müşahidə olunur. Fikrimcə, “İsgəndər” raketləri mövzusu, habelə ABŞ prezidenti Baydenin “soyırımı” bəyanatından görmək olar ki, əslində bunun ünvanı seçim qarşısında qalan erməni cəmiyyətinədir. Qərb öz tərəfindən göstərir ki, mən sənin yanında olacağam. Rusiya da öz növbəsində Türkiyə və Azərbaycan qorxusunu şişirdir və deyir ki, yox, mən olmadan sən məhv olacaqsan. Burada faktiki iki konsepsiya toqquşur. Baxaq görək nələr baş verəcək. Əslində mən hesab edirəm ki, Ermənistanda Qərbyönümlü siyasət və baxışlar qalib gələcək, Rusiya Ermənistandan addım-addım çəkilməli olacaq. Baxaq görək. İndiki mərhələdə son 30 il müddətində bizə qarşı səsləndirilən ərazi iddialarına cavab olaraq Ermənistana qarşı ərazi iddiaları ilə çıxış etməliyik. Yəni bizim tarixi və digər hüquqi əsaslarımız var ki, ən azından Zəngəzur dəhlizi ilə bağlı ərazi iddiaları ilə çıxış edək. Ən azından bu, ilk növbədə ermənilərin bizə qarşı ərazi iddialarının neytrallaşdırılmsı baxımından əhəmiyyətə malik olardı. Çünki indi bizim əsaslarımız var ki, belə iddialarla çıxış edək. Əgər onlar bizim beynəlxalq sərhədlərimizi tanımaq istəmirlərsə, biz də onlara qarşı ərazi iddialarımızı açıq şəkildə elan etməliyik.

- ABŞ Prezidenti Bayden erməni “soyqırımı”nı tanıdığını nümayiş etdirdi. Bu nəyi dəyişə, ermənilərə hansı üstünlüklər yarada bilər?

- Əslində bu, köhnə mövzudur. Uzun illər bu mövzunu əsas götürərək Türkiyəyə təzyiqlər göstərilib. Biz görürük ki, Türkiyənin bu məsələyə dair etiraz dalğası geniş və uzunmüddətli olmadı. Hamı başa düşür ki, bu bəyanatın nə siyasi, nə də hüquqi nəticələri olacaq sənəd deyil. Bəyanat əslində “mən filankəs bu tarixi belə görürəm” şəklində oraya çıxıb. Yəni məntiq budur. Əslində bəyanatın əsas ünvanı Türkiyədə deyil. Aprelin 24-dən sonra verilən şərhlərdən açıq görünür və həm də bir çox mənbələr qeyd edilər ki, biz müasir Türkiyə Cümhuriyyətinin deyil, Osmanlı imperiyasının son illərində baş verən hansısa tarixi hadisələrdə iştirakına qiymət veririk. Bütün bunlar onu göstərir ki, əsas rəqabət Ermənistan uğrunda gedir. Mənim qənaətimcə, ayrı bir nəticə olmayacaq. Zənnimcə, Ermənistan birbaşa Qərbyönmlü siyasətə keçid edəcək.

- Demək istəyirsiniz ki, Baydenin bəyanatı əslində Ermənistana dəstək və onu öz tərəfinə çəkmək cəhdidir?

- Tamamilə haqlı nəticə çıxarırsınız. Əslində müharibədən sonra Ermənistan ictimaiyyətində nələrin müşahidə edildiyinə diqqət vermək lazımdır. Son müharibə məğlubiyyətindən və aldığı zərbələrdən sonra, 30 il müddətində əsas aparıcı xətt olan “Myatsum” darmadağın olub. Bunlar nəsillərə elan ediblər ki, biz qalibik, Azərbaycan ərazilərini işğal etmişik və s. Hətta Nikol Paşinyan Şuşaya sonuncu səfəri zamanı bəyan edirdi ki, “Artsax Ermənistandır”. Bax, bu şəkildə anneksiya həyata keçirir, faktiki torpaqlarımızı mənimsəmişdilər. İndi 44 gün ərzində başlarına yumruq dəyib və müvazinətlərini itiriblər. Bu vəziyyətdə onlara təsəlli vermək üçün boş-boş bəyanatlar verirlər. Mən razıyam, onlara boş-boş bəyanatlar, bizə torpaqlar.... Bundan gözəl nə olar bilər?!

- Mümkündürmü Rusiyanın müdaxiləsi ilə Ermənistanda hakimiyyət dəyişsin, tamamilə başqa komanda iqtidara gəlsin və həm də ehtimal olunan Qərb xətti sıradan çıxarılsın?

- Gəlin, baxaq Ermənistan müstəqillik əldə etdikdən bu yana ruspərəst siyasət həyata keçirilib. Nəyəsə nail olub, uğur əldə ediblərmi? Bu ölkənin iqtisadiyyatına baxanda görürsən ki, hər hansı uğurdan söhbət belə gedə bilməz. Ordularını qurublar? Son müharibə göstərdi ki, orduları da pis vəziyyətdə olub. Deməli, Ermənistanın əslində dövlətçilik ideologiyası iflasa uğrayıb. Onlar indi başa düşürlər ki, Ermənistanın yeganə şansı odur ki, Qərbə açılsınlar və Qərb gəlib onlara köməklik edərək deqredasiya prosesini dayandırsın. Zarafat deyil, 3 milyon 400 min əhalisi indi gəlib 1 milyon 500 min civarına düşüb. Hesab edin ki, Ermənistan əhalisinin yarısı bu illər ərzində ölkədən qaçıb. İndisə bir ildən çoxdur ki, dünyada COVID-19 pandemiyası müşahidə olunur. Artıq epidemiya dünya sərhədlərini aşıb və bu səbəbdən də yollar bağlanıb. Üstəlik son Qarabağ müharibəsi... İndi siz düşünün görün yollar açıldıqdan sonra nə qədər əhali Ermənistandan qaçacaq. Onlarda vəziyyət olduqca ciddidir. Qərb gəlib onlara pul verməsə, onları saxlamasa demək olar ki, Ermənistanda dövlətçilik məhv olacaq. Bunu görmək lazımdır. Əslində erməni siyasətçiləri və ictimai xadimləri arasında gedən debatlarda da bu, aydın görünür. Bəli, Ermənistanda aşınma prosesi başa çatıb, indi onlarda sözün əsl mənasında böhran müşahidə edilir. Bu böhrandan çıxmaq şansları yalnız Qərbə bağlıdır. Məncə, onlar bu şansı qiymətləndirməyə məhkumdur.

- Rusiya Ermənistanı təsir dairəsindən asanlıqla buraxarmı?

- Məncə, bizdə stereotiplər var ki, Rusiya belə edər, elə edər. Əslində isə indiki Rusiya 10 il əvvəlki Rusiya deyil. Bunu Rusiyanın öz problemləri də ortaya qoyur. Rusiyanın qarşısında kifayət qədər daxili problemi var. Rusiya iki həftə əvvəl öz ordusunu müxtəlif istiqamətlərdən Ukrayna sərhədlərinə doğru çəkib. Ukrayna sərhədi Moskvadan azı 400 kilometr məsafədə yerləşir. İndiki mərhələdə kimsə düşünür ki, 3 min kilometr uzaqda yerləşən Ermənistanı ada kimi kimsə saxlayacaq? Problemlər çoxdur. Nəhayətdə Ermənistanın aktuallığı itir. Rusiya imperiyası genişlənəndə Ermənistan dövlət kimi onlara lazım idi. İndi Rusiya dövətinin ayrı problemləri, gerçəkliklər var. Vəziyyət və şərtlər dəyişib. İndi müdafiə, nə təhlükəsizlik, nə də iqtisadi baxımdan belə layihələri saxlamağın bir mənası qalmır. Ancaq yanlış olaraq belə təəssürat var ki, Ermənistandan vacib heç nə yoxdur. Ruslar o boyda Baltik ölkələrini buraxmağa məcbur olublar. Ukrayna, Gürcüstan, Moldova kimi problemlər var ki, Ermənistandan qat-qat vacibdir. Bu, reallıqdır, biz bunu görməliyik. İndi bölgədə güclənən əsas oyunçu Türkiyədir. Mən deyərdim ki, Türkiyə-Azərbaycan tandemidir. Ermənilər də bunu başa düşür. Güman edirlər ki, Qərb gəlib onları müdafiə edəcək. Amma əslində bu, ağlabatan deyil və yanlış düşüncədir.


Müəllif: Nemət Orucov