“Makron və Putin arasında razılaşdırılmış əsas məqam budur ki, yenidən həmsədrlər vasitəsilə Fransanın prosesə müdaxiləsi təmin edilsin. Fransanın bir əndişəsi var: Azərbaycan Parisin həmsədrlikdən çıxarılması üçün öz mövqeyini ortaya qoyub. Düzdür, bununla bağlı rəsmi mövqe yoxdur, amma Azərbaycan hakimiyyəti və ictimai rəyindəki sərt ritorika göstərir ki, Fransa həmsədrlik institutunda arzulanan dövlət deyil”.
Politoloq Natiq Mirinin Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Rusiya Xarici işlər naziri Sergey Lavrov İrəvana səfər etdi, yaxın günlərdə Bakıya da gələcək. Rusiyanın baş diplomatını bölgəyə gətirən səbəblər nə ola bilər?
- Lavrovun bu səfərindəki məqsədlər Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın açıqlamasında da görünür. Bu açıqlamaya görə, bu səfərdə əsas müzakir mövzuları ikitərəfli və regional münasibətlər, eləcə də Qarabağ məsələsidir. Şübhəsiz ki, bu müzakirələrdə əsas prioritet Qarabağ problemidir. Çünki hazırkı durumda ikitərəfli və regional münasibətlərə Qarabağdakı 44 günlük Vətən Müharibəsindən sonra bölgədə yaranmış reallıqlar kontekstindən baxılmalıdır. Çünki bu yöndəki münasibətləri 44 günlük müharibənin nəticələri müəyyən edir.
Bu məsələlərin açılmasına gəldikdə, məlumdur ki, ABŞ Prezidenti Co Bayden aprelin 24-da qondarma erməni soyqırımını tanıdı. Bu, Ermənistan cəmiyyətinə müəyyən motivasiya verdi. Çünki erməni cəmiyyəti 44 günlük müharibədə təkcə məğlub olmamışdı, həm də bütövlükdə onun gələcək perspektivinin üstündən xətt çəkdi. Ortada bir “Miatsum” ideologiyası vardı. Bu zərərli ideologiyaya o qədər aşina olmuşdular ki, ermənilərin dünyanın yaradılışına səbəb olduğuna inanırdılar. Müharibədən sonra ermənilərin içindən ayılanlar oldu ki, ortada böyük bir yanlış varmış. Belə bir durumda “soyqırım”ın tanınması erməni cəmiyyəti üçün motivasiya oldu. Yəni ABŞ-ın dəstəyi ilə bu qaranlıq dəhlizdən çıxmaq üçün bir işıq gördülər. Düşünürəm ki, burada əsas səbəblərdən biri məğlub ermənilərə motivasiya vermək idi.
- Bunun daha hansı səbəbləri ola bilər?
- Qənaətimə görə, ortada bir siyasi səbəb də var. İyunda Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Təbii ki, bu ərəfədə “soyqırım”ın tanınması Paşinyan hökumətinin cəmiyyətdəki mövqelərini bir qədər gücləndirdi. Çünki Ermənistanın heç bir hökumət başçısının dövründə olmayan hadisə - “soyqırım”ın tanınması kimi bir olay məhz Paşinyanın dönəmində baş verdi. Əlbəttə bu da Paşinyanın mövqelərini qismən də olsa gücləndirəcək. Bu, bəlkə də əvvəlcədən düşünülmüş və razılaşdırılmış bir məqamdır. Fikir verin ki, Bayden bu addımı atdıqdan dərhal sonra Paşinyan istefa verməyin mümkünlüyünü anladı. Bu iki hadisənin üst-üstə düşməsi təsadüfi deyildi. Yəni əvvəlcədən planlaşdırılıb. Qənaətimə görə, bu, ABŞ-ın Nikol Paşinyana verdiyi ciddi siyasi dəstəkdir. Bunun nəticələri seçkilərdə özünü göstərəcək.
- Rusiyanın baş verənlər haqda fikri nədir?
- Bu hadisə Rusiyada ciddi narahatlıq yaratdı. Baydenin bu açıqlaması rus mediasında çox sərt tənqid olundu, bunu “riyakar addım” adlandırdılar. Rusiyalı siyasətçilərin də mövqeləri belə oldu. Hətta bu məsələ Rusiya Dövlət Dumasının deputatları tərəfindən də sərt tənqid edildi. Amma Rusiya Dumasının özü 1995-ci ildə qondarma soyqırımı tanıyıb. Eləcə də, 2015-ci ildə yenə də Duma tərəfindən “erməni soyqırımı”nın tanınması ilə bağlı növbəti bəyanat verilib. Eyni zamanda, Dumanın deputatları 2016-cı ildə Fransanın etdiyi kimi, qondarma soyqırımını inkar edənlərə qarşı cinayət işinin açılmasını ehtiva edən layihə irəli sürdülər. Bu, Türkiyəyə qarşı həddi aşan bir davranış idi. Düzdür, ortada hüquqi sübutlar olmadığı üçün Rusiya Ali Məhkəməsi bunu rədd etdi, amma ən azı buna cəhd olmuşdu. Təsəvvür edin ki, Rusiyanın siyasi ictimaiyyəti və bəzi deputatları belə bir biabırçılığın fonunda Baydenin bu qərarını sərt şəkildə tənqid edir.
Baydenin belə bir addım atmasının səbəbi o idi ki, perspektivdə Ermənistanı Rusiyanın orbitindən çıxarsın. Buna da, növbəti seçkilərdə Paşinyanın qalib olması ilə nail olmaq istəyir. Hesab edirəm ki, Nikol Paşinyan qalib gəlsə, Ermənistanı Rusiyanın təsir dairəsindən uzaqlaşdırmağa başlayacaq. Rusiyada belə bir qorxu 2018-ci ildən, yəni Paşinyan hakimiyyətə gələndən bəri var. Rusiya üçün bu təhlükə indi də davam edir. Əks təqdirdə, Rusiya Paşinyana qarşı Robert Köçəryan kimi cinayətkarı dəstəkləməzdi.
- Bu günlərdə həmsədrlərin fəallığı da diqqətdən yayınmır.
- Minsk qrupunun həmsədrləri aprelin 13-də bir bəyanat verdilər. Bu bəyanatın əsas leytmotivi bundan ibarət idi ki, həmsədrlik institutu Qarabağ məsələsinin həllində prioritet olaraq, yenidən danışıqların bərpa edilməsini görür. Yəni Minsk qrupu yenidən dirilmək və fəallaşmaq istəyindədir. Həmsədrlər danışıqların Minsk qrupuna həvalə olunması arzusundadır.
Nəhayət, aprelin 16-da Fransa Prezidenti Makronla Rusiya başçısı Putin arasında telefon danışığı oldu. Bu görüşdə məsələnin sürətli həlli üçün 3 məsələ ortaya qoyuldu və razılaşdırıldı. “Əsirlərin geri qaytarılması”, “humanitar yardım” və mədəni irsin qorunması” məsələləri ortaya atıldı. Maraqlıdır ki, hər üç məsələ yalnız Ermənistanın maraqlarını ehtiva edir. Çünki Azərbaycanın mədəni irsin qorunması ilə bağlı heç bir problemi yoxdur. Çünki Qarabağda bununla bağlı heç bir problem qalmayıb – bütün mədəni irs ermənilər tərəfindən yerlə-yeksan edilib. Bütün mədəni və tarixi abidələr dağıdılıb. Yəni qorumaq üçün heç nə qalmayıb. Belə bir durumda onlar üçün əsas müzakirə mövzusu yalnız ermənilərin yaşadıqları ərazilərdəki “mədəni irsin qorunması”dır.
“Əsir” məsələsinə gəldikdə, bununla bağlı Azərbaycanın ciddi problemi yoxdur. Birinci Qarabağ Savaşından üzü bəri Azərbaycanın girov və əsir götürülmüş vətəndaşlarından heç bir xəbər yoxdur. Ermənistan bu yöndə də barmağını barmağına toxundurmaq istəmir, bu haqda məlumatının olmadığını iddia edir. Ermənistan birmənalı olaraq, bu məsələni bağlamış kimi görünür. İndi də, ermənilər və həmsdərlər “əsir” dedikdə, 10 noyabr bəyannaməsinin imzalanmasından sonra Azərbaycan ərazilərinə qanunsuz şəkildə girmiş diversantların saxlanılmasını nəzərdə tuturlar.
O ki qaldı “humanitar yardım”a, bu da Qarabağdakı ermənilər və Ermənistana köməyi nəzərdə tutur. Çünki bu günədək qardaş Türkiyədən başqa kimsə - heç bir dövlət Azərbaycan əhalisinə humanitar yardım etməyib.
- Makron niyə Putinlə danışdı?
- Makron və Putin arasında razılaşdırılmış əsas məqam budur ki, yenidən həmsədrlər vasitəsilə Fransanın prosesə müdaxiləsi təmin edilsin. Fransanın bir əndişəsi var: Azərbaycan Parisin həmsədrlikdən çıxarılması üçün öz mövqeyini ortaya qoyub. Düzdür, bununla bağlı rəsmi mövqe yoxdur, amma Azərbaycan hakimiyyəti və ictimai rəyindəki sərt ritorika göstərir ki, Fransa həmsədrlik institutunda arzulanan dövlət deyil. Buna görə də, Fransanın yenidən prosesə müdaxiləsi Rusiya vasitəsilə mümkün ola bilər ki, Putinlə müzakirə mövzularından biri də budur.
- Bəs bu nə deməkdir?
- Ortada iki variant var. Birinci, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri danışıqları bundan sonra da aparır. Bu da indiki vəziyyətdə ona görə mümkün görünür ki, Azərbaycan, Ermənistan və Rusiya arasında gərginlik və problemlər var. Bilirsiniz ki, Şuşaya atılan “İsgəndər M” raketləri ilə bağlı Rusiya və Azərbaycan arasında problemlər yaranıb. Rusiya bu yöndə ciddi açıqlama vermək niyyətində deyil. Bunun da əsasları var. İlk növbədə, bu raketlər həqiqətən oğurluq yolla Ermənistana verilibsə, bu, Kremldə ciddi idarəetmə boşluğunun olması kimi qiymətləndiriləcək. Bu da qlobal səviyyədə Rusiyanın əleyhinə işləyən amildir. Digər yandan, əgər bu, rəsmi olaraq verilibsə, yəni Kremlin bundan xəbəri olubsa, o zaman bu, Azərbaycan və Rusiya arasındakı strateji tərəfdaşlığın üstündən xətt çəkir.
Ayrıca, Ermənistan və Azərbaycan arasında problemlər var. Ermənistan bu gün də Laçın dəhlizi vasitəsilə gizli olaraq, öz hərbçilərini Qarabağa göndərməkdə davam edir. Eyni zamanda, 10 noyabr və 11 yanvar bəyannamələrində göstərilən bölgədəki kommunikasiyalar və yolların açılması ilə bağlı məsələlərin həllində də problemlər var. Ermənistan bu məsələlərin həllində də tələsmir, vaxt istəyir və müxtəlif bəhanələrlə bunu sabotaj edir. Nəhayət, 10 noyabr bəyanatının 4-cü maddəsi yerinə yetirilmir. Bu, Qarabağdakı erməni yaraqlılarının bölgədən çıxarılmasını ehtiva edir. Bu məsələlərin həllinin uzanması fonunda Ermnistan-Azərbaycan münasibətlərindəki problemləri nəzərə alanda, baş verənlər yeni müharibə ehtimalını artırır, regionda yeni təhlükə və təhdid yaradır.
- Bəs Rusiya nə istəyir?
- Rusiya artıq qollarını çırmalayıb. Çünki Fransa ilə yanaşı, ABŞ da bölgədə fəallaşır. Rusiya da ABŞ-ın proseslərə bu müdaxiləsinin qarşısını almaq üçün Lavrovu bölgəyə göndərir. Bu səfərdə əsas məqsəd də, ilk növbədə, Azərbaycan və Ermənistanın siyasi nəbzini yoxlamaqdır. Eyni zamanda, razılaşdırılmış məqamlar və müddəaları, eləcə də bu yöndə götürlümüş öhdəliklərin yerinə yetirilməsini yenidən müzakirə etməkdir. Mənə elə gəlir ki, Lavrovun bölgəyə səfərində əsas məqamlar bunlardır.
Düşünürəm ki, Lavrovun Bakı səfərində, eyni zamanda, Azərbaycanın nüvəsi Rusiya olan hərbi-siyasi bloklara (- KTMT və Avrasiya İqtisadi Birliyinə üzvlüyü məsələsi müzakirə olunacaq. Bilirsiniz ki, Azərbaycan öz nümayəndə heyətini Avrasiya Birliyinin iclasına müşahidəçi qismində iştirak etmək üçün göndərmişdi. Amma Ermənistan buna veto qoydu, nəticədə Azərbaycan bu birliyin iclasında iştirak edə bilmədi. Hesab edirəm ki, Lavrov İrəvanda bununla bağlı da, Ermənistan rəhbərliyi ilə danışıqlar aparıb. Qənaətimə görə, Lavrov bununla bağlı yeni fikirlərlə yaxın günlərdə Bakıya gələcək.
Bütün hallarda, bu səfər digər həmsədrlərin fəallaşması ilə əlaqədardır. Çünki Rusiya ABŞ-ın proseslərə müdaxiləsini heç bir vəchlə istəmir. Xüsusən də, Co Baydenin ABŞ-da hakimiyyətə gəlməsindən sonra Vaşinqton-Moskva münasibətlərinin gərginləşməsi fonunda heç arzulamır.